Qarabağın işğaldan
azad edilmiş
torpaqlarına qayıtmaq istəyən rus
ailələrindən Milli Məclisə ərizələr
daxil olur
Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu barədə Rusiyanın “Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən “Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib.
Deputatın sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər. Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib. M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.
Deputat bildirib ki, azərbaycanlılar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı günü 30 il gözləyiblər. O xatırladıb ki, yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var. Biz bu gəncləri ehtiramla yad edirik.
M.Zabelin deyib: “Bizim Prezident dəfələrlə vurğulayıb ki, biz bu münaqişənin sülh yolu ilə həll edilməsini istərdik. İndi Dağlıq Qarabağ zonasında çox mürəkkəb vəziyyət yaranıb, ona görə ki, insanlar doğma yurdlarına qayıtmaq istəyir, lakin orada ərazilərin minalardan təmizlənməsi prosesi getdiyi üçün vəziyyət mürəkkəbdir. Minalardan təmizlənmə prosesində insanlar həlak olur. Təəssüf ki, erməni tərəfi şəhərlərin və qəsəbələrin minalanmasının xəritələrini bizə vermir. Bu onu göstərir ki, onlar həmin əraziləri xaotik şəkildə minalayıblar”.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər işğal etdikləri yerləri tərk edərkən, əksəriyyəti vaxtilə azərbaycanlılara məxsus olmuş evləri yandırıb və dağıdıblar. Azərbaycan Parlamentinin üzvü deyib: “Ermənilər bu evləri dağıdır, meşələri qırır, qalan oduncağı Ermənistana daşıyıb aparırdılar. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağ ərazisini son vaxtlarda tərk etmiş bütün erməni qaçqınları qəbul etməyə hazırıq və onlar həmin ərazilərdə azərbaycanlı əhali ilə birlikdə dinc yanaşı yaşaya bilərlər. Lakin təəssüf ki, erməni tərəfi buna hazır olmadığını bildirir”.
Deputat
bəzi erməni siyasətçilərin
qisasçılıq barədə aqressiv bəyanatları
mövzusuna toxunaraq belə meyillərin aradan
qaldırılmasında Rusiyanın mühüm rol oynaya biləcəyini
qeyd edib.
Azərbaycan.-2021.- 21 fevral.- S.2.