Strateji tərəfdaşlığın real təzahürü

 

 

Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi üçtərəfli əməkdaşlığın daha da güclənməsi üçün yeni imkanlar açır

 

 

 

44 günlük Vətən müharibəsində qazandığımız qələbə regionda yeni geosiyasi reallıq yaradıb - Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Torpaqlarımızın düşmən tapdağından təmizlənməsindən sonra  Qarabağda strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsinin, prinsipial siyasətinin məntiqi nəticəsidir.

 

 

 

Birgə Monitorinq Mərkəzi - sülh və əməkdaşlıq...

 

 

Üç aydan artıqdır ki, müharibə başa çatıb. Yanvarın 30-dan isə Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Birgə Monitorinq Mərkəzi Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılıb. Mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Belə ki, Qarabağda hərbi əməliyyatların başa çatması hələ bölgədə və regionda sülh, əmin-amanlığın bərqərar olacağına zəmanət vermədiyi üçün bu Monitorinq Mərkəzinin yaradılmasına ehtiyac duyulurdu. 20 gündən artıqdır ki, fəaliyyət göstərən mərkəz regionda vəziyyətin normallaşması istiqamətində həyata keçirilən fəaliyyətə çox yaxşı nümunədir.

Prezident İlham Əliyev hələ ötən il noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə Respublikası rəsmi qaydada münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq və belə də oldu. Dövlət başçısı bunu  regional əməkdaşlığın təzahürü, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzi kimi dəyərləndirmişdi. Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir.

Azərbaycan bu mərkəzin effektiv fəaliyyəti üçün lazım olan bütün texniki və infrastruktur şəraiti yaradıb və bu ilk növbədə bölgədə Türkiyə-Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edir.

 

 

 

Atəşkəsə nəzarət pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir

 

 

 

Artıq Monitorinq Mərkəzi sayəsində bütün hərəkətlər qeydə alınır və bölgədə atəşkəsə nəzarət pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir. Rusiyanın sülhməramlı kontingenti izləmə üçün “Orlan-10” və “Forpost” dronlarından istifadə edir. Monitorinq Mərkəzinin komanda məntəqəsində texnika və şəxsi heyətin hərəkətləri müşahidə olunur.

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarları yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb. Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

 

 

 

Qələbənin yaratdığı reallıq...

 

 

 

Müzəffər Azərbaycan Ordusu cəbhədə rəşadətli qələbə qazandığı kimi, siyasi müstəvidə və diplomatik danışıqlarda da ardıcıl uğurların əldə olunması İlham Əliyevin qətiyyətinin göstəricisidir.

İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi qələbəni məhz döyüş meydanında qazandı.

Noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl etmək isə Ermənistanın dövlət səviyyəsində üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlikdən boyun qaçırmaq, yaxud əldə olunan razılaşmanı buya digər formada pozmaq cəhdi yolverilməzdir. Ümumiyyətlə, mənfi çağırışların və onun yaratdığı risklərin məsuliyyətini Ermənistan dövləti daşıyır. Yeni fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin funksiyası sadəcə bölgədəki prosesləri müşahidə etməklə yekunlaşmır. Əldə olunan informasiyalarda əksini tapan risklərin dərhal aradan qaldırılması mərkəzin fəaliyyətinin əsasını təşkil edir. Xüsusilə bölgədə mənfi hal yaradan fəaliyyətlər, terror cəhdləri, qanunsuz silahlı şəxslərin hərəkəti yolverilməzdir. Bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün konkret addımlar atılacaq.

Bu gün İlham Əliyevin prinsipial siyasətinin nəticəsində regionda yeni geosiyasi konfiqurasiya formalaşıb. Qarabağ müharibəsində qalib gələn və bölgədə nüfuzlu güc olan Azərbaycan Rusiyanın yaxın tərəfdaşıdır. Ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı isə Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün böyük önəm kəsb edir. Ona görə prosesdə Rusiya və Türkiyənin birgə iştirakı olduqca pozitiv amildirregionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 21 fevral.- S.8.