Səmada tarix
yazan Qarabağ
sevdalı beş şahinimiz
Onlar Lənkəran
rayonunun Boladı kəndindən Vətən
müharibəsinə ailəliklə qatılan Həşimovlardır
Qarabağın 30 ilə yaxın işğalına son qoymaq üçün hərtərəfli hazırlıq özünü 44 günlük Vətən müharibəsində bir daha təsdiqlədi: Ermənistan 10 noyabr 2020-ci ildə üçtərəfli imzalanan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu təslim aktına imza atan təcavüzkar və işğalçı Ermənistan bir daha yəqin etdi ki, müharibəyə hazırlıq heç də Şuşada “Yallı” getmək, yaxud bir-birinin ardınca qarşı tərəfin heysiyyəti ilə oynayan hərəkətlər göstərib, bayağı bəyanatlar vermək deyil.
Qələbə, ilk növbədə, ölkənin hərtərəfli inkişafından, formalaşan hərbi vətənpərvərlikdən, ordu-xalq-hakimiyyət birliyindən keçir: 10 noyabr Bəyannaməsi və 10 dekabr 2020-ci il tarixli Zəfər paradı kimi.
İkinci Qarabağ savaşında müzəffər ordumuzun düşmən üzərindəki qələbəsi havada və yerdə döyüşən Azərbaycan oğullarının Vətən sevdasından başlamışdı. Belə oğullarımız şəhid, qazi olmağı şərəf bildilər. Bu şərəfli tarixi yazanların arasında bir ailədən döyüşlərə getmiş 5 səma qartalının - şahinlərimizin də qəhrəmanlığı oldu. Gəlin onları yaxından tanıyaq.
Səma qartallarının ailəsini yaxından tanıyan, Lənkəran rayonunun Boladı I Kənd Klubunun müdiri Şahnaz Rzayeva şahinlərimizin döyüşlərdəki şücaətini belə dilə gətirdi: “Boladı kəndinin Vətən müharibəsində səmadan erməni işğalçılarına ağır bombalar yağdıran, çoxlu sayda canlı qüvvə və hərbi obyektlərini darmadağın edən Boladı kəndinin bu qəhrəman oğullarının hünəri xüsusi qeyd olunmalıdır. Qələbəmizin gerçəkləşməsində igidlikləri ilə Vətənə xidmət edən belə şahinlərimizi xalqımız yaxından tanımalıdır. Onlar - bir ailənin beş ali təhsilli hərbi pilotu, açıq, aydın səmamızın və aylı gecələrimizin parlaq ulduzularıdırlar. Haqqında söhbət açdığımız şahinlərimiz - iki əmi və üç qardaşın hər biri mayor rütbəlidir: Fikrət, Araz, Qabil, Alim və qardaşı Taleh. Döyüşlərdə göstərdikləri şücaətlərinə görə, Azərbaycan Prezidenti tərəfindən “Qarabağ” ordeni və digər medallarla təltif edilmişlər.
Şahinlərin əmisi oğlu Zaur Qafarzadə bildirdi ki, 44 günlük Vətən müharibəsinə ailəliklə qatılan Həşimovlar bu gün xalqımızın igid, cəsur, qorxmaz oğulları kimi tanınırlar: “...Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı az olmayıb. Birinci Qarabağ savaşında iştirak edən Fikrət və Araz Həşimov qardaşlarına Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Onların dördü hərbi təyyarəçidir, biri isə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemində xidmət edib”.
Ailə üzvlərini ön cəbhəyə yola salan, bu gün isə onların qəhrəmanlıq dastanlarına qulaq asan Mirəsgər Həşimov deyir ki, iki qardaşı, üç oğlu Milli Ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir: “...Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər. Oğlanlarım da əmilərinə baxıb təyyarəçilik peşəsini seçiblər. Qardaşlarım yük təyyarəsi sürüblər, müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub...”
Hər üç qardaş Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyada öyrəndikləri və qazandıqları təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov “Azərbaycan bayrağı” ordeni, Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub. Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb.
Bu ailənin doğması olan Gülnar Əliyeva “beş qəhrəman” haqqında söz açarkən deyir ki, onların döyüşdə qazandıqları nailiyyətlərdə, həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb: “Mən də bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü. Amansız və təcavüzkar düşmənin məhv edilməsində böyük rolu olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev onun da qəhrəmanlığını qiymətləndirib. Bir neçə günlük məzuniyyət vermişdilər ona, kəndə gəlmişdi. Kənd cəsur döyüşçünün ziyarətinə axışırdı. Zarafatla deyirdi ki, “müharibə bundan rahat idi...” Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyildi.
Kəndimizin döyüşkən igidləri yalnız bu beş qəhrəman deyil ki. Boladı Birinci və İkinci Qarabağ savaşlarında öz oğullarını şəhid kimi də qarşıladı. Vətən müharibəsində də kəndimizin vətənpərvərləri ön cəbhəyə könüllü getdilər. Zəfərlə dönənlərimizlə yanaşı, doğmalarının yanına qazi və şəhid olub qayıdanlarımız da var. Bu dəfə kəndimiz 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mirəsgər əmi fəxr edir ki, onun oğullarının, qardaşlarının da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.
Bəli, bu o qardaşlardır ki, 10 dekabr 2020-ci ildə Bakıda Azadlıq meydanında təntənəli şəkildə keçirilən Zəfər paradında paytaxtın səmasında idarə etdikləri təyyarələrlə üçrəngli bayrağımızın rəmzini cızdılar. Göylərin şahinləri yerdə - Azadlıq meydanından nizamla keçən Silahlı Qüvvələrin bütün növlərinin döyüşlərini, xüsusən tribunada əl-ələ verərək paradı qəbul edən, alqışlayan, “Bir millət-iki dövlət”in Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanı salamlamaqla deyirdilər: “Qarabağ Azərbaycandır!”
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 21 fevral.- S.10.