Sonuncu zəngə cavab verməyən komandir

 

 

...Dünyaya göz açdığı kənd 28 il idi ki, təcavüzkar Ermənistanın tapdağı altında qalmışdı. Digər ərazilərimizdən fərqli olaraq, bu kəndin bəxti onda gətirmişdi ki, camaat qocalı-qarılı, böyüklü-kiçikli 113 gün dağlara çəkilərək erməni vandallarının doğma ocaqlarını söndürməyə, tar-mar etməyə imkan verməmişdi.

Bütün bu olmuşlar 4 mart 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş Cəfərov Zaur Hüseyn oğlunun yaddaşına yazılmışdı. Atası Hüseyn Cəfərov əvvəllər Kəlbəcərdəki Televiziya Stansiyasında, sonralar isə rabitə qovşağında, əmisi Əli isə uzun illər Bakı Metropolitenində baş mühəndis  vəzifəsində işləmişdi, Əməkdar mühəndis idi.

1993-cü ilin aprelində Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində ailə əvvəlcə Qax rayonuna, sonra isə işlə əlaqədar Bakıya köçməyə məcbur olub. Ona görə də Zaur orta təhsilini 1997-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki şəhid Azər Namazov adına məktəbdə başa vurub. Qardaşı Niyaməddin  müəllim deyir ki, babalarımız Cəfərov Həsənlə Həsənov Həsən 1941-1945-ci illər müharibəsinin veteranları, bibimiz oğlu Yalçın isə Birinci Qarabağ savaşında şəhid olub: “Hələ 13 yaşında ikən ata yurdumuz, ana Vətənimiz Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi, qaçqınlıq-köçkünlük, qohumlarımızdan 9-nun bu yolda şəhid olması gənc Zaurun yaddaşına ağrılı-acılı məqamlar kimi həkk olunmuşdu. Bundan başqa, 49 başlıbellimizin mühasirəyə salınaraq Tuneldə girov götürülmələri, 113 gün kahamağaralarda ac-susuz qalıb doğma kəndi qoruyarkən 18 nəfərimizin son nəfəsədək döyüşsələr də, düşmən tərəfindən amansızcasına qətlə yetirilmələri onu rahat buraxmırdı....”

Şəksiz ki, o, bütün bu amansızlıqları yaddaşına yazmaqla hərbçi olmağa qəti qərar verib. Vaxtı və zamanı gələndə düşməndən qisas almasını isə unutmurdu. Orta məktəbi müvəffəqiyyətlə başa vuran Zaur buna görə də sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib  və istəyinə nail olub.

2000-ci ildə NATO ölkələrinin - qardaş Türkiyə, Macarıstan və Rumıniyada keçirilən təlim və kurslara qatılan Zaur Cəfərov burada bilik, təcrübə və vərdişlərə yiyələnərək, əsl hərbçi kimi yetişib. Ali Hərbi Məktəbi bitirərək Dövlət Attestasiya Komissiyyasının 2001-ci ildə qəbul etdiyi qərarla Raket Artilleriya Qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ taktiki raket, yerüstü artilleriyasahil raket artilleriya silahlarının bakalavr dərəcəsini alan Zaur Cəfərov getdikcə bu sahədə mütəxəssis kimi tanınmağa başlayıb.

O, 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura pilləsinə daxil olub. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsi alıb. Diviziya komandirliyindən artilleriya rəisliyinə, daha sonra hərbi hissə komandirinin müavini qərargah rəisi vəzifəsindək yüksəlib. Polkovnik-leytenant  2016-cı ilinAprel döyüşləri”ndə 2020-ci ildə Ermənistanın Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təcavüzü zamanı öz əsgərləri ilə birlikdə ön cəbhədə olub amansız düşmənə qarşı barışmaz mövqeyini ortaya qoyub.

Komandir Zaur Cəfərov 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində öz briqadası ilə döyüşlərin şiddətli yerində olub. O, həmin günü 28 il gözləmişdi. Düşmənin döyüş mövqelərində qoyub qaçdığı ağır hərbi texnikanı qənimət kimi götürərək özü idarə edirdi. Komandirdöyüş dostları general Polad Həşimovla İlqar Mirzəyevin və bibisi oğlu Yalçın Mustafayevin, eləcə də istər Başlıbelin mühasirədə qaldığı günlərdə, istərsə də Xocalıda əsir götürülən qız-gəlinlərin qisasını almaq üçün özünü hər an ölümün üstünə atırdı. Lakin o, təcrübəsiz deyildi. Buna görə də hər dəfə düşmənə ağır itkilər verərək, qənimətlə geri dönürdü. Onun idarə etdiyi briqada düşmənin 4 tankını vurub, 3-nü qənimət kimi ələ keçirib. Xeyli saydaUral”, “KamAZ”, QAZ-33”, “UAZ” və digər markalı avtomobil, “D-30”, “D-44” və digər topları qənimət götürərək düşmənə tərəf çevirib.

...Şəhadətindən üç gün öncə qardaşı  Binazənə zəng edib deyir ki, “oğlum Həsəni gətirin, nədənsə,  görmək istəyirəm”. Oğlu Həsən və bir neçə qohumu onun yanına gediblər. Zaur Cəfərov qohumlardan daha bir xahiş edib. İlqar Mirzəyevin, Polad Həşimovun, eləcə də bibisi oğlu Yalçın kimi neçə-neçə cəngavər  qəhrəmanlarımızın qisasını aldığını və dəfələrlə ağır şəraitdən sağ-salamat çıxdıqları üçün qurban kəsmələrini istəyib.

...Ölümündən bir neçə saat öncə yazdığı statuslarına görə, qohum-əqraba nigaran qalaraq ona zəng edib, cavab almadıqları üçün mesaj yazıblar. Amma nə zənglərə, nə də mesajlara cavab gəlib...

2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə, Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı öz minik maşını ilə mövqeləri təyin etmək və düşməndə olan tank mərmisi atan, modifikasiya edilmiş topları qənimət kimi götürmək üçün gecə saatlarında yola çıxıb və maşını minaya düşüb. Düşmən üzərinə gedən cəsur igidimiz də beləcə şəhid olub... İkinci Fəxri xiyabanda dəfn edilib.

Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanları ilə təltif olunan şəhidlərimizin sırasında polkovnik-leytenant Zaur Cəfərovun da adı var. O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”,  “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

Şəhid komandirimizin Vətənə göstərdiyi xidmətlərə görə təltifləri yalnız bunlardan ibarət deyil. O, hələ hərbi xidmət illərində “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medallarını, “Qüsursuz xidmətə görə” medalının isə hər üç  dərəcəsini alıb.

 

 

 

M.NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 21 fevral.- S.10.