Cəsur leytenant

 

 

Cəbraylın azad olunmasına görəmedalı ilə təltif olunmuş zabitimiz

 

 

Onunla Bakıda, Müdafiə Nazirliyinin C.Məmmədquluzadə küçəsində yerləşən hərbi hospitalının dəhlizində tanış oldum. - Qardaşoğlu, növbətçi həkimi görmək istəyirik, hansı otaqda olar?

- Həkim buradadı, amma məşğuldu - sarğı otağındadı.

Yanımdakı qohum dözməyib övladından xəbər bilmək üçün  növbətçi həkimin kabinetinə doğru getdi. Yaranmış şəraitlə əlaqədar yaralı əsgərlə həmsöhbət olduq.

Əsgərov Sabir Eldar oğlu Sumqayıtda böyüyüb boya-başa çatıb. Evin sonbeşiyi olub, özündən böyük iki qardaşı var. 2007-ci  ildə Sumqayıt şəhər 26 nömrəli məktəbi bitirib. Elə həmin il  Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub 2011-ci ildə universiteti əla qiymətlərlə başa vurub. 2011-ci ildə Milli Ordu sıralarında Ağcabədidə “N” saylı hərbi hissədə xidmətdə olub. 2011-ci ilin noyabr ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində xüsusi kursları bitirdikdən sonra ədliyyə leytenantı rütbəsi alıb xidmətini Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində həmin hissənin hüquqşünası vəzifəsində davam etdirib.  Ailəlidir, bir oğlu, bir qızı var.

2020-ci il iyulun 12-də başlayan Tovuz hadisələri bütün Azərbaycan xalqının, o cümlədən gənclərimizin hiddətinə səbəb olmuşdu.  Ermənistan silahlı birləşmələri qəfildən Azərbaycan kəndlərinə hücum edən zaman Sabir Əsgərov ailəsinin belə xəbəri olmadan könüllü cəbhəyə getməyi, ermənilərlə üzbəüz döyüşməyi xahiş edərək qeydiyyatdan keçmişdi. Lakin...  Ötən il sentyabrın sonlarında erməni işğalçılarının ərazimizə növbəti hücumu zamanı sanki Sabirin əlinə böyük şans düşmüşdü. O, dərhal Səfərbərlik Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinə gedərək rəsmi qaydada ərizə yazıb cəbhəyə yollanmasını xahiş etmişdi. Oradan da birbaşa evlərinə gedib atası Eldardan anası Validə xanımdan xeyir-dua istəmişdir. Ata da, ana daqəfil xahiş”ə,  qəfil xeyir-duaya bir tərəfdən təəccüblənsələr , övladlarının bu vətənpərvərliyindən qürur hissi keçirmişdilər.

Sentyabrın 27-də başlayan Vətən müharibəsinə Füzuli rayonundan başlayan leytenant Sabir Əsgərov bir neçə kəndin erməni işğalçılarından azad edilməsinin iştirakçısı olur. Bölgə erməni silahlıları və terrorçu silahlı qruplaşmalardan təmizləndikdən sonra o, Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılır. Cəbrayılda müəyyən yüksəkliklərin ələ keçirilməsində şiddətli döyüşlərin iştirakçısı olur. Növbəti əks-hücum zamanı bir neçə qəlpə yarası alır, sol ayağının baldır nahiyəsinin bir parçasını qəlpə sümüyə kimi sıyırıb aparır. Yanındakılar onu yaralı olduğu üçün dəfələrlə arxaya - həkim yanına aparmağa cəhd etsələr də, leytenant Əsgərov təklifə etiraz edir. Yoldaşları məcbur olub Sabirin qıçını  həm diz nahiyəsindən bir az aşağıdan, həm də topuqdan bir az yuxarıdan xüsusi kəndirlə - jqutla (qanaxmanın qarşısını almaq üçün) möhkəm bağlayırlar. Leytenant bu vəziyyətdə düşmənin nəfəsini kəsənə kimi gah gülləsi qurtaran döyüş yoldaşlarının  avtomatının darağını doldurur, gah mərmi partlayışı nəticəsində huşunu itirmiş əsgərlərimizə yardım göstərir, gah da düşmən gülləsinə tuş gəlmiş səngər yoldaşının pulemyotunun arxasına keçib düşməndən qisas almağa çalışır. Beləliklə, axşamdan səhərə qədər səngər yoldaşlarına yardımçı olur, səhər hərbçilərimizə əlavə kömək gəldikdən sonra dağlıq hissə olduğundan bir neçə nəfərin köməyi ilə zabit Sabir Əsgərovu çox çətinliklə səngərdən arxaya gətirə bilirlər. İlkin tibbi yardım aldıqdan sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırırlar. Bir neçə gün burada müalicə aldıqdan sonra, o, israrla döyüşçü yoldaşlarının yanına qayıtmaq istəyini bildirsə də, həkimlər onu Bakıya Müdafiə Nazirliyinin Hərbi Hospitalına yola salırlar.

İndi müalicəsi istənilən nəticəni verməkdədir, hətta bir neçə gündür ki, həkimlər ona asta-asta gəzməyi məsləhət görüblər. Çox təəssüflənirdi ki, valideynlərindən xeyir-dua alıb cəbhəyə yollananda demişdi: “Torpaqlarımızın erməni işğalından azad edilməsində son nəfəsimə kimi döyüşəcəyəm, Şuşaya Azərbaycan bayrağını mən sancacağam...  Bu, həm də anamın arzusu idi”. Gözucu əlindəki qoltuq ağacına və sarğılı qılçasına işarə edərək dedi: “Təəssüf ki, belə oldu”. Təsadüfi görüşdə ona sağlıqlar diləyib ayrılanda mobil telefon nömrələrimizi bir-birimizə xatırlatdıq.

Yeni ildə Sabirin qəfil zəngi məni çox sevindirdi. Bildirdi ki, müalicəsi yaxşı gedir, heç bir narahatçılığı yoxdur, sonra gülə-gülə dedi:

- Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə mən və döyüşçü yoldaşlarım “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşuq. Sevinc sevincə, təbrik təbrikə qarışdı. Sonda bütün bunlara görə Ali Baş Komandana özünün, ailələrinin və döyüşçü yoldaşlarının təşəkkürünü bildirdi.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 21 fevral.- S.10.