Qarabağda
aparılan bərpa-quruculuq işləri yaxın məqsədə
və uzaq perspektivə hesablanıb
Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti səfəri bütün Qarabağda yüksək texnologiyalara start verilməsi baxımından böyük maraq doğurur və xüsusi əhəmiyyət kəsb edir. Bu bir daha göstərir ki, dövlət başçısı işğal edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə qadirdir.
İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. İndi az qala bütün dünya həmin ərazilərdə bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir.
Səfər boyu dövlət başçısının işğaldan azad edilmiş müxtəlif yaşayış məntəqələrindən keçərkən səsləndirdiyi fikirlər əslində Azərbaycan xalqına, bütün dünya ictimaiyyətinə və sözsüz ki, həm də məğlubiyyəti ilə barışmağa acizlik çəkən işğalçı Ermənistana mesajlar idi. Bunlar o demək idi ki, Azərbaycanda ordu daha da güclənəcək, bərpa və quruculuq işləri yüksək texnologiyalar üzərində qurulacaq, işğal edilmiş ərazilərdə şəhərlər və kəndlər mütərəqqi “ağıllı” layihələr əsasında salınacaq.
Prezidentin Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində icra olunacaq “ağıllı kənd” layihələrinə start verildiyini bildirməsi, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində işə salınan su elektrik stansiyasının açılışında iştirak etməsi bir daha göstərir ki, Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi də tarixi bir missiyadır.
Qarabağda həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara ötəri nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev Güləbird kəndində çıxış edərkən də elə həmin məsələlərə toxunmuşdur: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana səmt götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Bununla Azərbaycan həm də quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir. Özü də qonşu Ermənistanda siyasi qüvvələrin qarşıdurmasının sərtləşdiyi bu zamanda.
Azərbaycan Prezidenti bu səfərdə də diqqəti bir daha erməni vandalizminə yönəltdi: “Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın, nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları”.
Yeri gəlmişkən, ermənilərin faktiki olaraq nasizm ideyaları ilə kütləvi surətdə iliyinədək yoluxması bu xalqın milli faciəsinə çevrilmişdir. Halbuki erməni xalqı gələcəyini Azərbaycanın yaratdığı şəraitdən faydalanıb qurmaqla dağıdıcı faşist ideologiyasından birdəfəlik yaxasını qurtara bilər. Təbii ki, istəsə. Hələliksə Koçaryanın yeni müharibə çağırışları, Sarkisyanın ondan geri qalmamağa çalışması Ermənistanı bütün Qafqaz üçün ciddi təhlükə mənbəyinə çevirir.
Odur ki, bu gün Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təminatçısı olduğunu dünya ictimaiyyəti etiraf etməli, dəstəkləməli və müzəffər ordumuzun diz çökdürdüyü erməni faşizminin dirçəlməsinə imkan verməməlidir. Bunacan isə Azərbaycan özü həmin missiyasını yerinə yetirməkdə qərarlıdır: “Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu, demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Bu, İlham Əliyevin qətiyyətidir. O qətiyyətinin ki, erməni millətçi liderlərinin, əlləri qana bulaşmış cinayətkar hərbi birləşmələrin quldur rəhbərlərinin atacağı hansısa bir addımının cəzasız qalmayacağından xəbər verir.
Bahadur
İMANQULİYEV
Azərbaycan.-2021.- 21 fevral.- S.11.