Hələ pandemiya
təhlükəsindən sovuşmamışıq
Bir ildən artıqdır ki, “dünyanın baş ağrısı”na çevrilmiş koronavirus pandemiyası nəinki insanların həyatının rahatlığını əlindən alıb, həm də cəmiyyətin inkişafına, iqtisadiyyatın iflic olmasınadək problemlər yaratmaqdadır. İnsanlar adi həyatdan uzaq düşdükləri kimi, çoxmilyonlu şəhərlərin də küçə-bazarları da uzun müddət qapalı qalıb. Nəhayət, pandemiyanın qarşısının alınması uğrunda aparılan mübarizə özünün əsas həlledici dövrünə yetişib: vaksinasiya prosesi bir ölkədən digərinə yol açdı.
Dünyada (COVID-19) koronavirusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə tədbirlər davam edərkən Azərbaycanın seçimi Çinin paytaxtı Pekindəki “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi oldu. Şirkət koronavirus vaksini ilə yanaşı, hepatit A və B, H5N1 quş qripi, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər də hazırlayır.
Xatırladaq ki, artıq ölkəmizdə istifadə olunan “CoronaVac” vaksininin ilk partiyası qardaş Türkiyəyə ötən ilin sonlarında çatdırılıb. Azərbaycana isə 2021-ci il yanvar ayının ortalarında gətirilməklə, tətbiqinə həmin ayın 18-dən başlanıb.
Kollektiv peyvəndlənməyə başlanıb
Yanvar ayının 18-dən başlayan vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparıldığı üçün ölkə əhalisinin, demək olar ki, hələlik böyük əksəriyyətinin peyvənddən istifadə etdiyini söyləmək tezdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın, Səhiyyə Nazirliyinin, eləcə də TƏBİB-in birgə təşkil etdiyi sonuncu mətbuat konfranslarında verdikləri operativ məlumatlar da göstərir ki, artıq pandemiyanın qarşısının alınması özünün həlledici mərhələsinə çatıb. Lakin buna baxmayaraq, hələ demək olmaz ki, təhlükədən tamamilə sovuşmuşuq. Doğrudur, gündəlik verilən məlumatlardan görünür ki, yaradılmış şərait pandemiyanın ömrünü qısaltmaqdadır. Buna görə də tətbiq edilən ciddi rejim, qadağalar yumşaldılmış, məhdudlaşdırılan bəzi hərəkətlər, eləcə də ticarət və məişət xidmətləri obyektləri öz fəailiyyətlərini qismən də olsa bərpa etmişdir.
Vaksinasiya prosesinin sürətləndirilməsi də mühüm dövrdür ki, burada da operativlik əsas şərtlərdən hesab edilir. Buna görə paytaxt Bakıda prosesi bir qədər də sürətləndirmək məqsədilə ötən il koronavirus xəstələrinin müalicəsi üçün təcili tikilmiş modul tipli xəstəxanalar da bu prosesə cəlb edilmişdir.
Fərdi qaydada, yaşayış yeri üzrə aparılan vaksinasiya ilə yanaşı, artıq ölkə vətəndaşları kollektiv halda da bu vacib prosesdə fəal iştirak edir. Bu günlərdə Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının xidmətindən istifadə edən kollektivlərin sayı getdikcə artmaqdadır. Bir ildən artıqdır ki, koronavirusa qarşı mübarizəni diqqət mərkəzində saxlayan, əsas təbliğat formasından maksimum istifadə edən rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın da əməkdaşları Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasına müraciət etdi. Xəstəxananın məsul əməkdaşı, həkim-infeksionist Maisə Heybətova bizimlə söhbətində bildirdi ki, xəstələrimiz sağaldıqdan və ailələrinə qovuşduqdan sonra burada da vaksinasiyaya başlanılıb: “İki gün öncə Nazirlər Kabinetinin 32 əməkdaşı peyvənd olundu. Bu gün “Azərbaycan” qəzetinin əməkdaşları ilə yanaşı, Respublika Prokurorluğunun, “SOCAR”ın, eləcə də “Azərsu” ASC-nin kollektivləri xəstəxanamıza müraciət ediblər.
Digər dövlət orqanlarının əməkdaşlarının da bu xəstəxanada vaksinasiyadan keçəcəyini qeyd edən həkim onu da bildirdi ki, Azərbaycana gətirilən və artıq bir aya yaxındır ki, tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tam təhlükəsizdir.
Ağrısız-acısız, hiss olunmayan iynə
Bakı şəhəri, C.Məmmədquluzadə, 102 a ünvanında yerləşən, bir ilə yaxın müddətdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində xüsusi rol oynayan modul tiplu xəstəxananın həyətində sıralanmış avtobuslardan da görünür ki, artıq əhali peyvəndlənmənin əhəmiyyətini dərk edir və könüllü şəkildə prosesə qoşulur.
İki korpusdan və yardımçı texniki binalardan ibarət modul tipli xəstəxanada vaksinasiya prosesini izləyirik. Tibbi personal təcrübəlidir. Hər kəs öz işinin sahibidir.
Əvvəlcə gözləmə otağına daxil olursan, sonra qeydiyyat aparılır. Şəxsiyyət vəsiqəsi mütləq lazımdır. Peyvənd olunmağa gələnlərin arasında hər hansı xəstəliklə bağlı şikayəti olan varsa, həkim müayinəsindən keçir, yaxud yaşadığı ərazi üzrə poliklinikalara göndərilir. İstəyənlərin arterial təzyiqi və hərarəti ölçülür, digər xəstəlikləri soruşulub-öyrənilir. Sonra peyvənd olunmağa gələnlər qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edirlər. Lazımi qeydiyyat aparıldıqdan sonra qan təzyiqi, epileptik və allergik xəstəlikləri yoxdursa, inyeksiya üçün ayrılan kabinetə keçərək peyvənd olunurlar. İynənin vurulub-vurulmamasını hiss etməyən pasiyent, hətta həkimdən soruşur: “Peyvənd olundummu? Axı, heç nə hiss etmədim”.
Peyvəndin ikinci dozasının da olunma tarixi barədə məlumat verilir. “COVID-19 vaksinasiyası üzrə məlumat forması” doldurulur. Peyvənd olunduqdan sonra bir neçə dəqiqə həkim müşahidəsində saxlanılırsan. Gün ərzində peyvənd olunanların heç birində əks-təsirlər və heç bir narahatlıq müşahidə edilmir. Həmin müddətdə peyvəndin əlavə əks-təsiri və allergik reaksiyası olmadıqda xəstəxananı tərk etməyə icazə verilir.
Həkim-infeksionist Maisə Heybətova deyir ki, yanvar ayının 18-dən ölkəmizdə COVID-19-a qarşı peyvəndləmə başlayıb: “...Öncə Azərbaycan Prezidenti cənab
İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya kollektivimizə göstərilən diqqət üçün, əslində, xalqımızın sağlamlığı qayğısına qaldıqlarına görə dərin təşəkkürümüzü bildiririk. Dövlətimiz insanların sağlamlığını daim diqqət mərkəzində saxlayır. Bu da bizim üçün çox böyük məsuliyyət deməkdir. Çalışırıq ki, peşəmizlə xalqımıza xidməti tələb olunan səviyyədə göstərək. Xəstəxanamızda peyvəndləmə prosesi başlayandan buradakı tibbi personal yorulmadan çalışır. Çünki üzərimizə düşən işin vacibliyini və məsuliyyətini dərk edirik. Bir il bundan öncə vaksinin hazırlanması və tapılması üçün dünya səhiyyəsi çətin dilemma qarşısında qalmışdı. Bu gün, şükürlər olsun ki, vaksinasiya prosesində iştirak edirik. Dünənə qədər xalqımızı bu bəladan qorumaq üçün müxtəlif vasitələrdən istifadə edilirdi. Bu gün isə artıq insanlarımızın pandemiyadan xilası naminə mühüm prosesin iştirakçısıyıq. Unutmayaq ki, ağxalatlı xilasedicilərimizdən də ötən müddət ərzində az itirmədik”.
Burada tibbi personalın - Xatirə Əliyeva, Faiq Süleymanov, Leyla Xəlilova, Təranə və Bənövşə Abdullayevalar, Şükufə Kazımova, Lətifə Hüseynova, Gülnarə Məmmədova... kimi həkim, tibb bacısı, epidemioloq, qeydiyyatçı, hətta təsərrüfat başçısı var ki, hər birinin xidməti peyvənd olunmağa gələnlərin diqqətindən yayınmır.
“SinoVAC” peyvəndinin üstün cəhətləri...
Həkim onu da qeyd edir ki, multiplatformalı yanaşmanı nəzərə alaraq Avropa İttifaqı və Dünya Səhiyyə Təşkilatı ilə kommunikasiya, peyvəndlərin logistikası istiqamətində həyata keçirilən əməkdaşlıq da mühüm əhəmiyyətə malikdir. Peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində çalışanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarında olan insanlara ümid və qoruma vəd edir: “Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara qısa zamanda və daha effektli şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycanla əməkdaşlığını gücləndirmək istəyindədir.
Ölkəmiz ötən birillik mübarizədə daha çevik siyasət aparmış, pandemiyanın qlobal xarakterliliyinin qarşısının alınmasında nümunəvi tədbirləri ilə diqqət mərkəzində olmuşdur. Onu da deyək ki, peyvəndlənməyə iki cür yanaşma var: canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından, inaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə, çoxalmayan, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Hər iki növ peyvənddə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar, adətən, xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar”.
İnfeksionist-həkimin bildirdiyinə görə, “Sinovac” şirkətinin “CoronaVAC” vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb.
“SinoVAC” peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. Maraqlıdır, “SinoVAC” vaksini nə qədər təsirlidir?
“The Lancet” elmi jurnalı yazır ki, hazırda “CoronaVAC” peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar var. Birinci və ikinci mərhələdə iştirak edən, ümumilikdə 750-yə yaxın insanda aparılan peyvənd təcili istifadə üçün əlverişli olub.
Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi ölkələr “SinoVAC” peyvəndini seçib.
“Sinovac” şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə, 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 21 fevral.- S.12.