Əliyev-Ərdoğan
qardaşlığı Azərbaycan-Türkiyə münasibətlərini
yeni mərhələyə
çıxarıb
İki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələr
genişlənməkdə davam edir
Azərbaycan-Türkiyə əlaqələri ildən-ilə daha da genişlənərək yeni inkişaf mərhələlərinə qədəm qoyur. Təqdirəlayiq haldır ki, bu əməkdaşlıq və tərəfdaşlıq iqtisadiyyatın bir çox sahələrini əhatə edir.
Azərbaycanın enerji sahəsində reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri iki qonşu və qardaş ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirdi. Bu, daha qlobal layihələr qarşısında “yaşıl işıq” yandırdı. Azərbaycan və Türkiyə münasibətləri Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində, TANAP-ın tikintisində bir daha da sınaqdan keçdi.
Azərbaycan və Türkiyə xalqlarının bir-birinə mehriban və səmimi münasibəti, iki ölkənin dövlət başçılarının dostluğu və qarşılıqlı dəstəyi iqtisadi əlaqələrin getdikcə daha geniş sahələri əhatə etməsinə təkan verir. Təsadüfi deyil ki, Türkiyə xarici ticarət partnyorlarımız sırasında ön yerdədir.
Azərbaycanın qalib gəldiyi Vətən müharibəsində də türk qardaşlarımızın, Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi dəstəyi ordumuza, xalqımıza güc verdi. Postmüharibə dövründə, pandemiya şəraitində yaşasaq da, iqtisadiyyatımız inkişaf edir, islahatlarımız davamlıdır və yenə də yaxın tərəfdaşımızla birgə qərarlar qəbul edir, sənədlər imzalayır, iqtisadi yüksəlişin yeni prioritetlərini müəyyənləşdiririk.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri zamanı vacib görüşlər təşkil edildi, Türkiyə-Azərbaycan Biznes Forumu keçirildi, iki dövlətin müxtəlif qurumları arasında bir sıra vacib sənədlər imzalandı, humanitar və iqtisadi əlaqələrin daha dərin inkişafı üçün zəruri addımlar atıldı.
Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri ildən-ilə güclənir, hərbi və iqtisadi əlaqələr daha geniş çərçivələri əhatə edir.
Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkətin fəaliyyət göstərməsi bizə Türkiyədə çalışan Qafqaz və Mərkəzi Asiya ölkələri arasında liderlik qazanmağa imkan vermişdir. Bundan başqa, iki ölkə arasında ticarət dövriyyəsi, sərmayə qoyuluşu xalqlarımızı bir-birinə daha sıx bağlamışdır. Birgə həyata keçirilən iri enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Qarabağın bərpasında türk şirkətlərinin fəallığı iki qardaş ölkənin uğurlu inkişafını təmin edən amillərdəndir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov nəqliyyat və tranzit sahələrinin iki qardaş ölkənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdən olduğunu vurğulamış və qeyd etmişdir ki, son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilmiş, 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz olmuşdur. İki dövlətin müəssisələrinin qarşılıqlı sərmayə qoyuluşunda fəal iştirakı, Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, xüsusilə birgə yeni və yüksək texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşması hər iki tərəfə daha sürətlə inkişaf etməyə zəmin yaradır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də Azərbaycanla Türkiyənin sürətlə inkişaf etdiyini vurğulayaraq qeyd edir ki, Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı Azərbaycanın haqlı mübarizəsinə nəinki dəstək vermiş, həm də axıradək yanımızda olmuşdur. T.Rzayev Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələrinin: neft və qaz kəmərlərinin, Bakı-Tblisi-Qars dəmir yolunun, TANAP və TAP layihələrinin regionda iqtisadiyyatın davamlı inkişafına və stabil firavanlığa zəmin yaratdığını vurğulamış, Füzuli-Şuşa, Toğana-Kəlbəcər yolunun tikintisində Türkiyə şirkətlərinin iştirakını yüksək qiymətləndirmişdir.
Hərbi ekspertlər iki dövlətin hərbi sahədə əməkdaşlığının Azərbaycan Silahlı Qüvvələrinə mənəvi və intellektual dəstəkdən savayı, həm də bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” isə hərbi təhsil sahəsində əməkdaşlığın, texniki və elmi əməkdaşlığın inkişafını nizamlayacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) də qardaş dövlətlə əməkdaşlığımızın perspektivlərini şərh edərkən yüksələn xətlə artan qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklərin ciddi təsir göstərmədiyini, bu rəqəmin 2020-ci il üçün 4,16 milyard dollar təşkil etdiyini bildirmişdir. Martın 1-dən qüvvəyə minəcək Preferensial Ticarət sazişi ölkələr arasında ticarət dövriyyəsinin gələcək artımına ciddi təkan verəcək.
İİTKM-in eksperti Amina Bayramova belə qənaətə gəlir ki, investisiya münasibətlərində Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə əsasən energetika və kimya sahələrinə səmtlənəcək. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.
Amina Bayramova Forumda həmçinin Qarabağın reinteqrasiyası və reabilitasiyasında, habelə bütün bölgədəki konyunktura dəyişikliyinin bərabərində gətirdiyi perspektivlərdən yararlanmasında türk iş adamlarının fəal iştirak sahələrinın ətraflı müzakirəsini tədbirin uğurlu nəticələrindən sayır. İİTKM-in şərhçisi qeyd edir ki, forumda infrastruktur layihələrinin müzakirəsində Füzuli-Şuşa arasındakı Zəfər yolunun, Toğana-Kəlbəcər yolunun, habelə Füzulidə tikiləcək hava limanının tikintisində türk şirkətlərinin fəal iştirakı məsələlərinə toxunulması qarşılıqlı əməkdaşlığın təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi, ilk növbədə, türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir.
Forumda Türkiyə ilə Azərbaycan arasında pandemiya səbəbindən sürəti azalan qlobal iqtisadi böyümə qarşısında biznes nümayəndələrinə yeni alternativlərin təklif edilməsi məqsədilə dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə sazişlərin imzalanması qarşılıqlı əlaqələrin çoxşaxəli inkişafını qaçılmaz edir.
Baş nazirin qardaş ölkəyə səfəri zamanı bağlanılan müqavilə və sazişlər, həmçinin aktual problemlərin həlli yollarının birgə araşdırılması iki ölkə şirkətlərinin əməkdaşlığının uğurlu təşviqinə imkan yaradır. Birgə istehsal müəssisələrinin təşkilinin davam etməsi, nəqliyyat-logistik, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərindən səmərəli istifadə ölkələrimizin ticarət, investisiya kimi sahələri başda olmaqla çoxşaxəli əlaqələrimizin bütün istiqamətlərdə dərinləşməsinə töhfə verəcək.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 23 fevral.- S.1;6.