“Cənub qaz
dəhlizi” hələ bundan sonra bir əsr Azərbaycana
xidmət edəcək
Bu qlobal layihədən bütün
iştirakçı tərəflər böyük
mənfəət götürəcəklər
Ötən ilin son günü Azərbaycan qazının TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) Avropa ərazisinə nəql edilməsi, eyni zamanda “Cənub qaz dəhlizi”nin tam sistem kimi işə salınması demək idi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən “Cənub qaz dəhlizi” enerji ixracının şaxələndirilməsi layihəsidir. Yəni Azərbaycan qazı istehlakçılar üçün yeni mənbə oldu, bu dəhliz yeni enerji “damar”ı yaratdı. “Cənub qaz dəhlizi” ilə biz Avropanın enerji xəritəsini yenidən tərtib etdik.
“Cənub qaz dəhlizi”nin ən önəmli cəhətlərindən biri layihədə bütün iştirakçı tərəflərin maraqlarının təmin edilməsi, maraqlar balansının gözlənilməsidir. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Deməli, “Cənub qaz dəhlizi”nin “qol”larının da olacağı mümkündür, çünki Avropanın Azərbaycan qazına ehtiyacı var. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir.
“Cənub qaz dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür.
Prezident İlham Əliyev bu barədə belə deyir: “Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək... İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək”.
Beləliklə, “Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək.
İştirakçı ölkələr də artıq bu layihədən bəhrələnirlər. Bunu faktlar və rəqəmlər təsdiq edir, iştirakçıların, istehlakçıların nümayəndələri özləri də söyləyirlər.
Bu baxımdan energetika naziri Pərviz Şahbazovun verdiyi məlumat maraq doğurur: “Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə “Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə bizim İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qazımız çatdırılacaq. Həm TANAP-ın, həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulur. Artıq “Şahdəniz” yatağından 137 milyard kubmetrlik qaz hasil edilmişdir və hazırda bu, əslində, “Cənub qaz dəhlizi”nin əsas mənbəyidir”.
Dəhlizi yaradan üç mühüm kəmərin ikincisi və ən böyüyü TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Türkiyənin ərazisində 1850 kilometr məsafə boyu uzanır. Bu xətt CQBK-dan (Cənubi Qafqaz Boru Kəməri) aldığı mavi yanacağı TAP-a ötürür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” adlandırır. Qardaş ölkənin dövlət başçısı deyir: “Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik”.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natela Turnava bildirir ki, ölkəsi daha böyük Avropa ailəsinə inteqrasiyanı arzulayır və tranzit ölkə kimi belə bir strateji vacib layihədə iştirak etdiyi üçün hər zaman öz rolundan fərəhlənir.
Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi təbii qazın Qərbi Balkanlarda faydalı enerjiyə keçid sahəsində mühüm rolu olduğunu diqqətə çatdırır. O, hazırda həmin regionda bununla bağlı çətinliklər mövcud olduğunu vurğulayaraq deyir: “Bu, regionun iqtisadi inkişafını əngəlləyir. Qaz istehlakına gəldikdə, əgər bu məsələlər həmin regionda həll olunarsa, belə bir keçid daha asanlıqla baş tutacaq. Buna görə də iqlim dəyişikliyi məqsədlərindən əlavə olaraq, həmçinin çirklənmənin qarşısı dayandırılacaq və həmin regionda sağlamlıq səviyyəsi də artacaq. Təbii ki, qaza əsaslanaraq biz regionda 60 faizədək emissiyaları azalda bilərik. Bunun baş verməsi üçün bizə infrastruktur lazımdır... Biz istəyirik azərbaycanlı tərəfdaşlarımızla bu yay bununla bağlı müzakirələr aparaq ki, müvafiq infrastruktur yaradılsın və Azərbaycan qazı mümkün qədər tez zaman ərzində Qərbi Balkanlara da çatdırılsın”.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donelli məmnunluqla qeyd edir ki, İtaliya, Yunanıstan və Bolqarıstanda istehlakçılar bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edirlər.
Məlum olduğu kimi, TAP ilk mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdıracaq. Sonrakı mərhələdə isə kəmərin ötürücülük gücünün artırılması nəzərdə tutulur. Bu məqsədlə bazar sınaqlarının keçirilməsi gözlənilir. K. Donelli həmin məsələ ilə bağlı deyir: “Biz bu ilin sonrakı mərhələsində başlanması gözlənilən Trans-Adriatik boru kəməri üçün bazarda sınaqları alqışlayırıq və 2021-ci ilin sonuna qədər nəticələri görməyi səmimiyyətlə arzulayırıq”.
İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe keçən il dekabrın 31-də qazın TANAP-la interkonnektor vasitəsilə həm Yunanıstana, həm Bolqarıstana çatdırıldığını söyləyir. Sonra qazın bu iki ölkəni keçərək TAP-la “Snam Rete Gas” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olduğunu deyir: “Hazırda İtaliya və Avropa üçün Azərbaycan kimi yeni qaz təchizatı mənbəyinin işə düşdüyünü və ilk dəfə olaraq qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə birləşdirən “Cənub qaz dəhlizi” kimi yeni marşrut olduğunu nəzərə alaraq bu, qaz sektoru üçün tarixi gündür. Axın həcmi gündəlik təxminən 11 milyon kubmetr təşkil edir. Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunmuşdur”.
Bolqarıstanın energetika naziri xanım Temenuşka Petkova da ölkəsinin “Cənub qaz dəhlizi”nin inkişafından məmnun olduğunu bildirir: “Biz Yunanıstanla interkonnektor vasitəsilə həmin dəhlizə çıxa bilirik. Biz bunu Bolqarıstana qaz təchizatının şaxələndirilməsinin, regionda bu şaxələndirmənin əks olunmasının vacib meyarı hesab edirik. Bu, bizim üçün qaz təchizatını etibarlı şəkildə təmin edəcək ki, gələn üç il ərzində “Şahdəniz” yatağında hasil olunan qazı ildə bir milyard kubmetr həcmində qəbul edək”.
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas isə layihəni belə dəyərləndirir: “Yunanıstan “Cənub qaz dəhlizi” strategiyasının tərəfdarı olub. 2013-cü ildə əlindən gələni etdi ki, Trans-Adriatik boru kəməri vaxtında və uğurlu şəkildə tamamlansın və xüsusən də Şimali Makedoniya Respublikasına və Albaniyaya çıxış olsun. Təbii ki, biz bununla enerji təhlükəsizliyimizi gücləndiririk və enerji mənbələrimiz də şaxələndirilir”.
Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Betiya da ölkəsinin “Cənub qaz dəhlizi”ndən faydalandığını və bundan sonra da regional enerji sektoruna töhfə verməyə hazır olduğunu bildirir.
“Cənub qaz dənlizi”nin perspektivləri çoxdur. Dünya bu möhtəşəm layihənin gətirdiyi, eləcə də bundan sonra gətirəcəyi böyük faydaları görür və etiraf edir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 23 fevral.- S.1;6.