Alimlərdən koronavirusla
bağlı nikbin proqnozlar
Ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) dünyamızın başbəlası olaraq qalır. Bu təhlükəli virusa yoluxanların sayı dünyada sürətlə artmaqda davam edir.
Koronavirusa yoluxanların ümumi sayı 111 972 919 nəfərdir. Bu barədə Ümumdünya
Səhiyyə Təşkilatının hesabatında bildirilib. Koronavirus
aşkarlanmış xəstələrdən 2 478 402 insan həyatını itirib,
87 338 159 nəfər isə sağalıb.
Dünyada virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlərdən birincisi yenə ABŞ-dır. Bu ölkədə koronavirusa yoluxanların sayı 28 765 423 nəfərdir. Amerika Birləşmiş Ştatlarında artıq 511 133 nəfər COVID-19 səbəbindən vəfat edib. ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin üç müharibədə - II Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsində verdiyi insan itkilərindən çoxdur. Belə ki, II Dünya müharibəsində 291 min, Vyetnamda 47,4 min, Koreya müharibəsində isə 33,7 min amerikalı əsgər həlak olub. Qeyd edək ki, müvafiq hesablamalar TMZ portalı tərəfindən aparılıb.
Dünyada
koronavirusa yoluxma sayına görə ABŞ-dan sonrakı yerləri
Hindistan (11 005 850 nəfər), Braziliya (10 168 174 nəfər),
Rusiya (4 164 726 nəfər) və Böyük Britaniya (4 115 509
nəfər) tutur.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (83 293 nəfər), İranda (59 483 nəfər) və Türkiyədədir (28 060 nəfər).
Azərbaycanda koronavirusa yoluxan 233129 nəfərin 3198-i vəfat edib, 227761 insan isə sağalıb.
Ölkəmizdə virusa yoluxma və ölüm sayında nəzərəçarpan azalma olmasına baxmayaraq, mütəxəssislər arxayınlaşmamağı tövsiyə edirlər. Maska, məsafə və gigiyenik tələblərə riayət olunması yenə də ən vacib məsələlər olaraq qalır.
Dünya əhalisinin təxminən 2.6 faizi peyvənd olunub
Dünyada koronavirusa qarşı peyvənd olunmuş şəxslərin sayının 200 milyonu keçdiyi barədə TASS məlumat yayıb. Bu da dünya əhalisinin təxminən 2.6 faizinə bərabərdir. Peyvənd olanların 65 faizi ABŞ, Çin, Böyük Britaniya və Hindistan vətəndaşlarının payına düşür.
Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən zəruri tədbirlər davam etdirilir. Yanvarın 18-dən Azərbaycanda da COVID-19-a qarşı vaksinasiya aparılır. Artıq peyvənd olunanlara ikinci doza da vurulur.
Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib.
Bu gün çoxlarını düşündürən suallardan biri də budur ki, peyvəndin ilk dozası vurulduqdan sonra maska taxmaya bilərikmi? “Rossiya-1” telekanalının məlumatına görə, Moskvada Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko koronavirus peyvəndinin ilk dozası tətbiq edildikdən sonra maska taxmaqdan imtina etməyin mümkün nəticələri barədə məlumat verərkən bunları diqqətə çatdırıb: “İki komponentli peyvənddən danışırıqsa, ilk inyeksiyadan sonra immunitetin yaranması tez bir zamanda baş vermir”. Denis Protsenko bildirib ki, birinci dozadan ikinci dozaya qədər olan müddət psixoloji baxımdan ən çətin dövrdür, lakin bu zaman fərdi qoruyucu vasitələrin rədd edilməsi və sosial məsafənin qorunmaması yoluxmaya səbəb ola bilər. O, təsdiq edib ki, peyvəndin ilk dozasından sonra koronavirus halları qeydə alınıb. Denis Protsenko qeyd edib ki, bu xəstələrdə xəstəliyin gedişi vaksinasiya edilməyənlərlə eynidir.
Koronavirusun gətirdiyi daha
bir problem yuxusuzluqdur
Bütün dünyada aylardır davam edən qadağalar, məhdudlaşdırmalar
insanların həyatını
məcrasından çıxarıb. Koronavirus pandemiyası
fonunda aparılan araşdırmalar göstərir
ki, hazırda dünyada yuxusuzluq problemi artır. Alimlər problemə “insomniya” (yuxusuzluq) və “koronavirus” sözlərini birləşdirməklə “koronasomniya”
adı veriblər.
İngiltərə, Çin, Yunanıstan
və İtaliya kimi ölkələrdə
aparılan tədqiqatlar
yuxusuzluq problemi yaşayanların əhalinin
sayına nisbətdə
ciddi şəkildə
artdığını təsdiq
edib. Alimlər buna pandemiyaya
görə gündəlik
həyat tərzindəki
normaların dəyişməsinin
səbəb olduğunu
qeyd ediblər. Zehnin fərqli məkanlarda çalışdıqdan
sonra istirahətə olan ehtiyacının ev şəraitində
fəaliyyət nəticəsində
dəyişməsi, habelə
daha az hərəkət
etmək də problemə təsir edən amillərdən hesab edilib.
Havalar isindikcə COVID-19-un aktivliyi
azalacaq
COVID-19 bəlası bitməmiş daha bir təhlükə meydana çıxıb. Belə ki, ötən ilin sentyabrından koronavirusun yeni, mutasiyaya uğramış növü yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahatlığını dilə gətirib. Ancaq ÜST rəsmisi nikbin proqnozlar da verib. Onun bildirdiyinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək. Hans Klüqe bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur. ÜST səlahiyyətlisi ehtimal edib ki, yeni növ koronavirus epidemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq: “Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”. Hans Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da söyləyib.
Daha bir ümidverici fikir isə amerikalı tədqiqatçılar tərəfindən irəli sürülüb. Alimlər apardıqları araşdırmalar nəticəsində bu fikrə gəliblər ki, havalar isindikcə COVID-19-un aktivliyi azalacaq. Onlar “SARS-CoV-2”nin adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə uyğun gəldiyini müəyyənləşdiriblər. Bununla da yazda koronavirusun aktivliyinin azalacağı, hətta tamamilə yox olacağı ehtimalı yaranıb. Tədqiqatçılar şimal yarımkürəsinin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər. Rəqəmlər göstərir ki, ətrafdakı temperatur bir dərəcə artdığı təqdirdə virusun aktivliyi də o qədər azalır. Temperaturun bir dərəcə aşağı düşməsi isə yoluxmanın sürətini təxminən dörd faiz yüksəldir.
Z.FƏRƏCOVA
Azərbaycan.-2021.- 23 fevral.- S.1;7.