İki qardaş - iki şəhid

 

Xaqani Vətən müharibəsinə həm də Birinci Qarabağ savaşında şəhid olmuş qardaşı Ədalətin qanını almaq üçün yollanmışdı

 

Rəhmətlik atası ona adların içindən seçib şair adı qoymuşdu. Hər dəfə valideynləri kiçik Xaqanini əlindən tutub bağçaya gətirəndə tərbiyəçisi deyərdi: “Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani”. O da təbəssümlə tərbiyəçini sezərdi. Xaqani heç vaxtbağçadan, nə də məktəbdə dərsdən qalardı. Həm də çox səliqəli, sözəbaxan idi.

 

Bütün bunları kənddə hamı onsuz xatırlayır bu gün, sanki dünən olubmuş kimi...

 

- Ay mənim göyçək balam, niyə evlənmirsən, - deyə soruşdum son dəfə onu görəndə.

 

Dedi ki, hələ ev tikirəm, sonra evlənəcəm.

 

Mənfur və qatil erməni gülləsi Xaqaninin həyatını da, evini də yarımçıq qoydu. Əvəzində özü bütövləşdi, bir elin qəhrəmanına çevrildi.

 

Atası Aydın kişi sağ olsaydı, bu yükona ağır gələrdi. Çünki Birinci Qarabağ müharibəsində də övlad itirmişdi. Elə bu yanğı ilə də köçdü həyatdan. Bu gün kənd qəbiristanlığında Aydın kişi ilə birgə şəhid övladları Xaqani və Ədalət də uyuyur. Ədalət 1993-cü ilin aprelində Kəlbəcər, Xaqani isə ötən ilin oktyabrında Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olublar. Xaqani Nəsibov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Qəbriniz nurlu, özünüz isə cənnətin mələklərisiniz...

 

Gəldiniz, bu dünyanı gördünüz, Qarabağı Azərbaycana bəxş edib getdiniz. Nəsillər gəlib keçəcək, amma siz həyatda əbədi qalacaqsınız. Özünüz qazandınız bu ölməzliyi. Xaqani yaralı yoldaşını xilas edəndə şəhid olub. Bu əməli ilə ömür kitabı tez tamamlansa da, əbədiyaşarlıq yazıldı onun son səhifəsinə.

Biz Ədalət və Xaqaninin timsalında bütün şəhidlərə borcluyuq və onların hər birinin ruhu qarşısında baş əyirik. Amma şəhidlərimizin başı həmişə uca olacaq, Qarabağı Azərbaycana qaytardıqları üçün. Biz qocalacağıq, onlar isə həmişə gənc kimi yaddaşlarda qalacaqlar. Son dəfə çəkdirdikləri şəkillərdəki kimi. 

Bizim kəndin cavanlarının əzbər bildikləri kiçik bir şeir parçası var:

 

 

 

Qoy cəbhədə qurban gedim mən əsgər,

Təki anam yadlara baş əyməsin.

Yağış kimi yağan odlu güllələr,

Mənə dəysin, Vətənimə dəyməsin!

 

 

Rahat uyuyun, kortalalı anaların hər birinə doğma balası qədər əziz olan şəhidlərimiz. Siz təkcə ananızın ciyərparəsi olmadınız, bütün Azərbaycanın övladı oldunuz. Qəbriniz nur içindədir bu nur başınızın üstündən heç vaxt əskik olmayacaq. Biz isə sizi, qədər bədənimizdə ruh var, anacağıq!

 

 

Samrat QURBANƏLİYEVA,

Balakən rayonu,

Kortala kəndi

Azərbaycan.-2021.- 23 fevral.- S.5.