Şəhid ailələri və
qazilər onlara göstərilən diqqət
və qayğıdan razıdırlar
Vətən müharibəsində ərazisi döyüşlərdən ziyan çəkən rayonlardan biri də Goranboy olmuşdur. 44 günlük müharibədə bu rayon həmçinin 54 şəhid vermişdir. Onlardan da 51-i hərbçi, 3-ü mülki şəxsdir. 241 nəfər isə yaralanmışdır.
İstər şəhid ailələri, istərsə də döyüşlərdə yaralanmış qazilər dövlətin daim diqqət mərkəzindədir. Şəhidlərin dəfni yüksək səviyyədə təşkil edilmiş, onların məzarları ailə üzvlərinin razılığı ilə yüksək səviyyədə qurulmuşdur. Şəhidlərin ad günləri isə rayon səviyyəsində qeyd olunur. Bundan əlavə, şəhidlərin ailələri və qazilər tez-tez ziyarət olunur, onların sosial problemləri öyrənilir və operativ həlli istiqamətində əməli işlər görülür.
Ziyarətlər zamanı rayon rəhbərliyi ilə yanaşı, ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan dövlət başçısına və rayon ictimaiyyətinə minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonda şəhidlərin və qazilərin gənc nəslə tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Goranboy Rayon İcra Hakimiyyəti Təhsil şöbəsi ilə birgə keçirdikləri “Şəhidlərimizi və qazilərimizi tanıyaq!” layhəsi çərçivəsində məktəbli və yeniyetmələrə vətənpərvərlik ruhunun aşılanması istiqamətində maarifləndirici təbliğat işləri aparırlar.
Sabir ƏLİYEV
Azərbaycan.-2021.- 23 fevral.- S.5.