Bahar
Uğur olsun, gözəl bahar!
Səni ellər çox arzular.
Ayaq basdın ölkəmizə,
Şənlik, şadlıq gətir bizə.
Qoy sel kimi yağsın yağış...
Köynəyini sıxsın yağış.
Sellər axsın, çaylar daşsın,
Sevincimiz başdan aşsın.
Çatır-çatır yansın ocaq,
Qoy şənlənsin oğul-uşaq.
Çöllər, sünbül saçlı əkin
Parıldasın qızıl təkin
Dağlar bəzək vursun yenə.
Quşlar məclis qursun yenə.
Dağda, bağda axşam, səhər.
Ətir saçsın bənövşələr
Həvəs, maraq gəlsin bizə,
Çalışaq öz dərsimizə.
Abdulla ŞAİQ
Azərbaycan.-2021.- 23 fevral.- S.7.