Su çərşənbəsi

 

Balıqların gözü açıq,

Ormanların üzü açıq;

Durnalardır uçub gələn

Qaqqıldaşa-qaqqıldaşa!

Çaylar axır dəryalara

Şaqqıldaşa-şaqqıldaşa!

Duman qalxır göyə doğru

Meşələrin nəzərindən.

Buzlar düşür parça-parça

Şüşələrin üzərindən.

Puçurlayır yavaş-yavaş

Ağacların budaqları.

Mehdən əsir həzin-həzin

Gül-çiçəyin yarpaqları!

Dərədə sel qıjıldayır,

Şən arılar vızıldayır.

Hər yandan xoş avaz gəlir,

Sular deyir: Yaz... Yaz gəlir!

 

 

Əhməd CAVAD

Azərbaycan.-2021.- 23 fevral.- S.7.