Qarabağda geniş quruculuq işlərinə ən zəruri infrastrukturun yaradılmasından başlanıb

 

 

Prezident İlham ƏLİYEV: “Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar”

 

 

Prezident İlham Əliyev işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına budəfəki gəlişində də bölgəyə əvvəlki səfərlərində olduğu kimi, bir sıra infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimində iştirak etmiş, mühüm siyasi bəyanatlar vermişdir. Çünki döyüşlər tarixi qələbəmizlə başa çatsa da, düşmən tərəfi hələ də müxtəlif bəhanələrlə beynəlxalq aləmi çaşdırmaqla məşğuldur.

Dövlət başçısının bu səfərləri xarici ölkələr tərəfindən də diqqətlə izlənilir. Bunun nəticəsidir ki, bir çox ölkələrin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri və verdiyi bəyanatlara geniş yer ayırırlar.

Prezident budəfəki səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Məlum olduğu kimi, bu yeni xəttin çəkilməsi mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, həmin nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranması baxımından da önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsınə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq.

Dövlət başçısı yeni çəkilən dəmir yolu xəttinin vacibliyini qeyd edərək demişdir: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəkdir”.

Dövlət başçısı səfər zamanı həmçinin düşmən tərəfinə ciddi xəbərdarlıq da etdi. Məlumdur ki, Ermənistanda bir sıra siyasi qüvvələr uğradıqları acı məğlubiyyətlə barışmaq istəmirlər. Bu ölkədə revanşist qüvvələr baş qaldırmaqdadır. Yeni müharibədən, qisasçılıqdan, hətta işğaldan azad olunan ərazilərimizin yenidən geri qaytarılmasından da dəm vururlar. Bu azmış kimi, N.Paşinyan hakimiyyətini devirib 10 noyabr sazişinə əməl etməyəcəklərini də açıq şəkildə bildirirlər. Prezident İlham Əliyev məhz həmin qüvvələrə bir daha ciddi xəbərdarlıq edərək ağıllarını başlarına yığmasını məsləhət gördü.

Azərbaycan isə Ermənistanda səslənən boş çağırışlara əhəmiyyət vermədən özünün işğaldan azad olunan bölgələrində başladığı işləri uğurla davam etdirir.  Quruculuq-bərpa işlərinə infrastruktur layihələri ilə başlanması təsadüfi deyil. Çünki bu rayonlarda infrastruktur yaratmadan quruculuq işlərini sürətlə həyata keçirmək mümkün deyil. Bu üzdən dövlət başçısı bəyan etdi ki, bölgənin inkişafı üçün ilk növbədə mükəmməl infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təmin olunması üçün önəmlidir.

Həmin layihələr ilk növbədə yolelektrik enerjisi sahələrini əhatə edir. Bu sahələr üzrə infrastrukturun yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Dövlət başçısı səfər zamanı vurğuladı ki, məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odur ki, enerjiyol layihələrinə önəm verilir. Şuşanı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkilir və şəhərdə elektrik yarımstansiyası inşa olunur. Tezliklə yüksəkgərginlikli elektrik xətlərinin digər istiqamətlərə də çəkilməsi həyata keçiriləcək.

Bölgənin özününenerji istehsal etmək potensialı yüksəkdir. Belə ki, işğaldan azad edilən ərazilərdən çoxlu çaylar axır. Bu da həmin yerlərdə su elektrik stansiyalarının inşasına imkan verir. İşğal illərində Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyası fəaliyyət göstərib. Ermənilərin verdikləri məlumata görə, işğalçı ölkə elektrik enerjisinə olan tələbatının 30 faizini bu bölgənin hesabına təmin edib. Düşmən bu əraziləri tərk edərkən xislətinə uyğun olaraq həmin stansiyaların bütün avadanlıqlarını aparıb, apara bilmədiyini isə dağıdıb.

Prezident İlham Əliyevin göstərişi ilə həmin stansiyaların bərpası sürətlə həyata keçirilir. Dövlət başçısı Laçın rayonundakı “Güləbird” Su Elektrik Stansiyasının təmirdən sonra istismara verilməsi mərasimində dedi: “Verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildibu gün biz 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışını edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”.

Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində İran İslam Respublikası ilə birlikdə tikilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları da mühüm rol oynayacaq. İnşası başa çatdıqdan sonra bu stansiyalardan Azərbaycan tərəfinə düşən generasiya gücü 120 meqavat olacaq. Eyni zamanda işğaldan azad olunan torpaqların suvarılmasında bu iki stansiya xüsusi rol oynayacaq.

İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçüngeniş imkanlar mövcuddur. Dövlət başçısı bəyan etdi ki, bu torpaqlar “yaşıl enerji” zonası olacaq. Belə ki, Kəlbəcər və Laçın rayonlarında külək, Zəngilan, Cəbrayılda isə günəş enerjisinin istehsalı üçün böyük imkanlar var.

Artıq Qarabağ bölgəsində infrastrukturun bərpasına başlanıb. Tezliklə həmin ərazilərdə digər quruculuq-abadlıq işləri və sosial-iqtisadi layihələr də icra ediləcək. Bunun üçün indidən zəruri infrastruktur qurulur ki, bərpa prosesində heç bir problem yaranmasın. İnfrastruktur layihələrinin sürətlə həyata keçirilməsi dövlət başçısının bu sahədə işlərin tezliklə başa çatdırılması üçün verdiyi tapşırıqların vaxtında yerinə yetiriləcəyindən xəbər verir.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 24 fevral.- S.1;5.