Təbiətin “soyqırımı”

 

Erməni işğalçılarının 30 il vəhşicəsinə pozduğu ekoloji tarazlığı başqa cür adlandırmaq mümkün deyil

 

 

...İşğaldan azad edilmiş kəndlərimizdən birinin görüntüləri ekranda bir-birini əvəz edirdi. Həmin kəndin 30 ilə yaxındır yurd həsrəti çəkən sakini - yaşlı qadın həyəcandan otaqda özünə yer tapa bilmirdi. Gözləyirdi ki, indicə öz evini də görəcək. Daha doğrusu, vaxtilə uşaqlı-böyüklü əl-ələ verib dişlə-dırnaqla qurduqları xaniman evinin uçuq divarlarını axtarırdı gözləri...

 Birdən özündən ixtiyarsız qışqırdı: “Bəs hanı bizim alma ağaclarımız? Hanı mənim bax, bu əllərimlə əkdiyim qızılgül kolları?!” O, əllərini göyə tərəf qaldırıb sanki bu gözəlliyə qıyanlara lənət diləyirdi... Erməni vandallarının çox vəhşilik və alçaqlığını görmüşdü bu insan. Bilirdi ki, düşmən evini artıq söküb-dağıdıb. Amma bağındakı meyvə ağaclarının budandığını, bağçasındakı gül-çiçəyin kökündən çıxarılıb atıldığını nədənsə xəyalına gətirməmişdi... “Onsuz da hər tərəfi viran qoyublar, ağaclara, güllərə “dağ çəkməyin” nə mənası?”, - deyə düşünərək ekrandan uzaqlaşdı... Sonra düşündüklərinə yekun vururmuş kimi dilləndi: “Vəhşi heyvandan min kərə betərlər...”

Bu hadisədən bir neçə gün sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri başlandı. Bu səfərlər sayəsində təkcə Azərbaycan deyil, bütün dünya bir daha erməni vandallarının vəhşiliklərinin əyani izlərini gördü, bu barədə bir daha ətraflı eşitdi. Bir daha şahid oldu ki, erməni faşistləri insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerlə-yeksan etməklə kifayətlənməyiblər. Bütün bunlar azmış kimi, işğal etdikləri ərazilərdə amansızcasına ekoloji terror törədiblər.

30 ilə yaxın bir müddətdə erməni vandalları görəsən bizim neçə ağacımızın “göz- yaşı”nı axıdıblar? Dağıtdıqları yaşayış məntəqələrində ağacları kəsib, məhv edib, satıblar. Bəzi məskunlaşdıqları yerlərdə isə o ağacları bitirən torpağın sahiblərinin gəldiyini görəndə öz xəbis, talançı, yırtıcı xislətlərinə uyğun olaraq hikkə ilə bağlara, meşələrə od vurublar.

 İşğaldan azad edilmiş bölgələrimizin görüntüləri insanı dəhşətə gətirir. Erməni vandalları meşələrdə, həyətlərdə ağacları yox ediblər. Bu, təbiətə xəyanət, qatı cinayət, faşist quduzluğunun daha bir göstəricisidir.

 Keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən Prezident İlham Əliyev demişdir: “Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektareyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır”.

Yüksəklikdə yerləşən meşələrimizə özlərini “qəhrəman” adlandıran ermənilər əl uzada, ayaq basa bilməyiblər. Çünki onların həm birbaşa, həm də məcazi mənada zirvəyə qalxmaq hünəri yoxdur... Gücləri yalnız qətl törətməyə, körpələri öldürməyə, ağacları qırıb-yandırmağa çatır. Prezident İlham Əliyevin dediyi kimi, bunları yalnız vəhşi qəbilə edə bilər.

Ağac əkmək, bağ salmaq nə qədər xeyirxah işdirsə, onları məhv etmək yüzqat çirkin əməldir. Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən o mənfurların meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla, həyasızcasına soxulub 30 il yaşadıqları evlərə, meyvəsini dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi.

Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdır. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır.

İşğal dövründə onlar eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq cadar-cadar olmuşdur. Prezident İlham Əliyev bu il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olarkən bu fikri bir daha səsləndirmişdir: “Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir”.

Erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, əslində nadir çinar meşəsi idi. Burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir.

Prezident bəyan etdi ki, biz bu qoruğu bərpa edəcəyik. Dövlət başçısı və ailə üzvləri Bəsitçay qoruğunda çinar ağacları əkdilər, Bəsitçaya balıqlar buraxdılar.

 Bu, təkcə Bəsitçay təbiət qoruğunun bərpasına verilən start deyil. Bu o deməkdir ki, erməni faşistlərinin təbiətimizə vurduğu “yara”ları da sağaldacağıq. Meşələri bərpa edəcək, yeni bağlar salacaq, çaylarımızın suyundan bəhrələnəcəyik.

 

 Flora SADIQLI

Azərbaycan.-2021.- 24 fevral.- S.1;5.