Ermənistanda iqtidar-müxalifət qarşıdurması xaotik vəziyyət yaradıb

 

 

Yerevanda baş nazir Nikol Paşinyanın əleyhinə müxalifətin təşkilatçılığı ilə keçirilən etiraz aksiyaları davam edir.

Etirazlar Ermənistanda siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaotik vəziyyət yaradıb. Çünki baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Kütləvi həbslərin fonunda getdikcə dramatikləşən hadisələr onsuz da böhranlı vəziyyətdə olan ölkədə gərginliyi pik həddə çatdırıb.

 

Nikol xaindir!”, “Nikol, get!”

 

Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Müxalifət iddia edir ki, bu baş tutmasa, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Növbəti etiraz yürüşü polislərin müşayiəti ilə Yerevanın mərkəzindəki Fransa meydanına tərəf olub. Aksiyalar zamanı müxalifətin əsas məqsədi şəhərdə iflic vəziyyəti yaratmaq və hakimiyyəti getməyə məcbur etməkdir. Digər planı isə mitinqlərə maksimum sayda vətəndaş cəlb etməklə buna nail olmaqdır. İzdihamdaNikol xaindir!”, “Nikol, get!” şüarları səsləndirilib.

Aksiyalar zamanı etirazçılar hökumət binasının girişlərini bloklamağa da cəhd göstəriblər. “4rd.am” saytı aksiyalardan hazırladığı reportajda bildirir ki, bu zaman polislə qarşıdurma yaranıb. Mitinqin əsas fəalları kütləvi etiraz çağırışlarına görə həbs olunub. Hakimiyyət mitinq təşkilatçılarının ailə üzvlərini işdən çıxarmaqla da onlara təzyiq edir.

Reportajda bildirilir ki, Yerevan üzrə həbs edilənlərin sayı yüzlərlədir. Vurğulanır ki, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq. Proseslərin gedişi göstərir ki, xalqla hakimiyyət arasında hansısa dialoq əsla baş tutan deyil. “Hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil. Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirib. Onsuz da onun legitimliyi yox idi. İndi oxarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilir” deyə reportajda bildirilir.

 

Manukyana qarşı cinayət işi açılıb

 

Ermənistan polisində “Vətənin qurtuluşu hərəkatı”nın lideri, müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyana qarşı cinayət işi açılıb. Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib ki, cinayət işi Manukyanın müxalifətin 20 fevral tarixindəki mitinqdə verdiyi bəyanatlarla əlaqədardır. Abrahamyana Ermənistan cinayət məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmək, ərazi bütövlüyünü pozmaqya Ermənistanın konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışları) maddəsi ilə açıldığını deyib.

Proseslərin gedişatı göstərir ki, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Müxalifətin günlərdir keçirdiyi aksiyaların nəticəsində vətəndaş qarşıdurması mütləq baş verəcək

 

 

Bir vətəndaşa 2960 dollar məbləğində borc düşür

Bu gün Ermənistanda reallıq həm də ondan ibarətdir ki, pandemiya və müharibədəki məğlubiyyət fonunda ölkənin sosial-iqtisadi tənəzzülü sürətlənib. Ölkə əhalisinin yarıdan çoxu aclıq problemi ilə üzləşib. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib ki, iqtisadiyyat iflasın astanasındadır. Onun sözlərinə görə, hər gün dövlət faizlərə daha çox pul ödəməli olur. Bu o deməkdir ki, yaxın vaxtlarda ölkə təkcə borc götürmək qabiliyyətindən məhrum olmayacaq, həm də beynəlxalq maliyyə institutları Ermənistan iqtisadiyyatını tamamilə öz nəzarəti altına keçirəcəklər. “Cəmi bir ay bundan qabaq hökumət 750 milyon dollarlıq avrobondları xərcləyib qurtardı. Bununla onlar dövlət borcunu daha 10 faiz artırdılar. Halbuki bu məbləğ iqtisadiyyatın canlanmasına, ÜDM-in artırılmasına ayrıla bilərdi. Lakin bütün pulu maaşlara və əlbəttə ki, dövlət mükafatlarına sərf etdilər. Hakimiyyət dəyişikliyindən bu yana Ermənistanın borcu 2,3 milyard dollar artıb. Bu gedişlə ilin sonuna qədər dövlət borcu iflas astanasını da keçəcək və ÜDM-in 70 faizinə bərabər olacaq”, deyə Minasyan bildirib.

Sabiq səfir  Ermənistanın dövlət borcu haqqında qanunuvericiliyinə görə yol verilə bilən borc hüdudunun 60 faiz olduğunu, hazırda bu həddin 65-66 faiz civarlarına yüksəldiyini xatırladıb. Onun bildirdiyinə görə, indi hər bir Ermənistan vətəndaşına 2960 dollar məbləğində borc düşür.

Göründüyü kimi, Paşinyanı devirmək istəyən müxalifətin ən böyük arqumentlərindən biri də sosial-iqtisadi tənəzzüldür. Müharibədə məğlubiyyətdən sonra Ermənistanda bu problem etirazların fonunda xüsusilə qabardılaraq gündəmə gətirilir.

 

Elçin Cəfərov

Azərbaycan.-2021.- 24 fevral.- S.1;7.