Şair Ramaldanov: Ermənistanın minalanmış ərazilərin
xəritəsini Azərbaycana verməkdən imtina
etməsi hərbi cinayət hesab olunur
Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistanın bu xəritələrin mövcud olmadığını iddia etməsi onun növbəti yalanıdır. Müharibə yekunlaşdıqdan sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Xarici ekspertlər də bildirirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Əks halda bu, hərbi cinayət hesab olunur.
Bununla bağlı AZƏRTAC-a müsahibə verən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Vətən müharibəsində Ermənistan üzərində Şanlı Qələbə qazanan Azərbaycan Ordusu işğal altındakı əraziləri qısa müddətdə azad edərək əsl peşəkarlıq göstərib. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Mənfur düşmənimiz Birinci Qarabağ müharibəsi zamanında da ərazilərimizi minalamışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib. Ermənilər tərəfindən yerləşdirilən mina sahələri dinc əhali üçün hələ də böyük təhlükə mənbəyidır. Artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və Ermənistanla dövlət sərhədi bərpa edilir. 1999-cu ildə “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır.
Ş.Ramaldanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslər həyati təhlükə qarşısındadırlar. Bu barədə dövlət qurumları tərəfindən məlumatlar da verilir. Təhlükəsizlik səbəbindən müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağan olunub. Azərbaycan dövləti vətəndaşlarımızın minaya düşməmələri üçün bütün lazımi tədbirləri görür və buna görə nəzarət postları qoyulub. Vətəndaşların bu ərazilərə səfər etməsinin təhlükəli olduğu ilə bağlı maarifləndirmə işi aparılır. Ancaq insanlar doğma yurdlarını, evlərini görmək istəyirlər və buna görə də işğaldan azad olunmuş bölgələrə bəzən alternativ yollarla səfər edirlər. Bu zaman baş verən mina hadisələri nəticəsində dinc sakinlər xəsarət alır və ya həlak olur. Təəssüf ki, dünya birliyi buna susur.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, adətən bütün münaqişələrdən sonra sülh müqaviləsi bağlanılır. Müharibənin yekunlaşmasına baxmayaraq, Ermənistan indiyədək Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər isə hələ də düşmənçilik mövqeyindədirlər. Onların etdikləri vəhşiliklər hamıya məlumdur. Buna görə 30 il ərzində törətdikləri vandalizm aktlarından, cinayətlərdən sonra Ermənistanın minalanmış ərazilərin sxemlərini verməsini gözləmək əbəsdir. Odur ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə edərək, beynəlxalq konvensiyalara uyğun olaraq onu bu istiqamətdə müəyyən addımlar atmağa məcbur etməlidir.
Hərbi ekspert qeyd edib ki, ermənilər azad olunmuş ərazilərdə məqsədyönlü şəkildə minalar yerləşdirməklə dinc sakinlərin xəsarət alacaqlarını bilirdilər. Hazırda hərbi obyektlərdən uzaqda belə minalanmış sahələrə rast gəlmək olar. Ermənistan qoşunları müharibə zamanı geri çəkiləndə müəyyən yerləri minalayıb. Nəticədə minalanmış ərazi daha da genişlənib və bu vəziyyət minatəmizləmə prosesini daha da çətinləşdirib. Ermənistan tərəfinin xəritələri Azərbaycana təqdim etməməsi, ərazinin dağlıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətini göstərir.
Digər tərəfdən, dünya praktikasında minalanmış əraziləri təmizləmək üçün böyük vəsait tələb olunur. Bu, beynəlxalq qurumlar tərəfindən müvafiq konvensiyalarda da əksini tapıb. Bunun üçün donor ölkələr müəyyən qədər vəsait ayırır. Lakin ermənilər minaların basdırıldığı yerin xəritələrini Azərbaycana versə belə, heç kim buna inanmaz və zəmanət verə bilməz. Biz xəritələrin hansı mütəxəssislərin hazırladığını bilmirik. Çünki mina sahələrinin sxemlərinin hazırlanması xüsusi peşəkarlıq tələb edir.
“Azərbaycan
dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi
sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımi təhlükəsizlik
tədbirləri də görülür. Prezident İlham
Əliyevin tapşırığı ilə işğaldan
azad edilmiş ərazilərimizin
minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Azərbaycan Müdafiə Nazirliyinin mühəndis-istehkam taborları, eləcə
də Türkiyədən Azərbaycana gəlmiş mütəxəssislər
minatəmizləmə prosesinə qoşulublar.
Həmçinin Türkiyədən 20 ədəd müasir mexaniki minatəmizləmə
texnikası Azərbaycana gətirilib. Həmin texnikalar
azad olunmuş ərazilərin
minalardan və partlamamış döyüş sursatından təmizlənməsi
işinə cəlb edilib. Azad
edilmiş ərazilərdə bərpa
işləri aparmaq üçün
yollar hazırlanır. Həmçinin
minaların təmizlənməsi və zərərsizləşdirilməsi
istiqamətində fəaliyyətin genişləndirilməsi
məqsədilə ANAMA yenidən təşkil edilib. Dövlət tərəfindən beynəlxalq
qurumlara müraciətlər olunub. Hesab edirəm ki, əhalimizin və dövlət
qurumlarımızın təhlükəsizliyini təmin edə
bilərik”, - deyə hərbi ekspert
vurğulayıb.
Azərbaycan.-2021.- 24 fevral.- S.7.