Əhalinin vaksinasiyası davam edir
Hazırda dünya üzrə koronavirusa yoluxma tempi yüksək olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19-a yoluxanların sayı 111 milyonu ötüb. Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür. Digər yerləri isə Avropa və Cənub-Şərqi Asiya bölüşür.
Koronavirusa yoluxma hallarının hələ də səngiməməsinə baxmayaraq, bu təhlükənin bitəcəyi vaxtın müəyyənləşdirildiyi barədə ümidverici proqnozlar da verilir. Belə ki, ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe Danimarka televiziyasına açıqlamasında bildirib ki, koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq. Qurum rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikridir, sadəcə, proqnozdur: “İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilmir. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq, çünki göstərilən tarixə qədər yox olacaq”.
Digər tərəfdən də hazırda əksər ölkələrdə sürətli vaksinasiya prosesi həyata keçirilir. Bununla bağlı ÜST-ün Baş direktoru A.Gebreyesus bildirib ki, dünyada COVID-19-a qarşı 210 milyon peyvənd edilib, lakin bunların yarısı yalnız iki ölkədə, digər yarısının isə 80 faizi 10 ölkədə istifadə edilib. Onun sözlərinə görə, xeyli sayda ölkə hələ bir doza belə peyvənd istifadə etməyib. Buna görə də, baş direktor yüksək gəliri olan ölkələri koronavirus peyvəndlərinin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb.
Azərbaycan da qlobal bəlaya qarşı birgə mübarizəyə töhfəsini verən ölkələr sırasındadır. Buna görə də, ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb.
Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunub. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var. ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı.
Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidirlər. Bu zaman qeydiyyatçı həmin şəxslər üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.
Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq. Respublikamızda həyata keçirilən vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin açıqladığı son məlumatda bildirilir ki, artıq 200 mindən çox vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.
Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir.
Mütəxəssislərin də söylədiyi kimi, vaksinasiya mərhələsində COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır. Düzdür, ölkəmizdə yeni növ koronavirusa qarşı kompleks tədbirlər görülməsi sayəsində son dövrlər müsbət tendensiya müşahidə olunur. Yoluxanların sayı və ölüm halları xeyli aşağı düşüb. Amma bu təhlükəli virus vətənimizdən birdəfəlik yox olmayıb və hələ də gündəlik yoluxma halları qeydə alınır.
Buna
görə də, koronavirusa tamamilə qalib gəlməyin bir
addımlığında olduğumuz bu həssas məqamda da
diqqətli olmalı, maska taxmalı, sosial məsafə
gözləməli və gigiyena qaydalarına riayət edilməlidir.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 25 fevral.- S.1;7.