Azərbaycanın son illərdəki sosial-iqtisadi yüksəlişinin daha bir göstəricisi

 

Hər il 1000 kilometrdən çox yeni yol

 

 

Yolların ölkənin sosial-iqtisadi həyatında necə mühüm əhəmiyyət daşıdığının şərhə ehtiyacı yoxdur. Qısaca ifadə etsək, yolların rahat və keyfiyyətli olması, ümumiyyətlə, hər bir xalq, o cümlədən hər bir insan üçün həyati vacib məsələdir.

Məhz bu baxımdan Prezident İlham Əliyev yol tikintisini mühüm vəzifə kimi qarşıya qoymuş, bu, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında prioritetlər sırasına daxil edilmişdir.

Beləliklə, son 17 ilin hər birində ölkəmizdə ən azı 1000 kilometr yeni yol salınmış, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Təqdirəlayiq haldır ki, yol tikintisi Azərbaycanın hər tərəfini əhatə etmişdir. Bu müddət ərzində çoxsaylı magistrallar çəkilmiş, eyni zamanda bölgələr və kəndlər arasında əlaqə yaradan yollar tikilmişya tam təmir edilmişdir. İndi ən ucqar dağ kəndlərimizə də rahat yollarla çatmaq mümkündür.

2020-ci il də yeni yolların tikintisi sarıdan istisna təşkil etmədi. Koronavirus pandemiyası ortaya bir çox çətinliklər atsa dadaha sonra mənfur düşmənə qarşı ağır müharibə aparsaq da, ölkəmizdə həyata keçirilən yol tikintisi layihələri dayandırılmadı. Üstəlik, hələ müharibə gedərkən ərazilərimiz düşməndən təmizləndikcə yollar çəkməyə başladıq.

Keçən il Azərbaycanda 1385,3 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir edilib. Bunlardan 254,6 kilometri respublika əhəmiyyətli, 767,2 kilometri yerli əhəmiyyətli yollardır. Bakıda 342,1 kilometr və Sumqayıtda 21,4 kilometr yolun inşası və təmiri həyata keçirilib.

Tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilk 30 kilometr hissəsində yol-tikinti işləri başa çatdırılıb və keçən il dekabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Hazırda magistralın qalan hissələrində tikinti işləri davam etdirilir. Cari ilin ikinci yarısında işlərin başa çatdırılması nəzərdə tutulur.

Yeni yolun ödənişli olacağını nəzərə alaraq, ödəmə məntəqələrində avadanlıqların quraşdırılması, 240 kilometr uzunluğunda optik kabelin çəkilməsi həyata keçirilir. Qeyd edək ki, ödənişlərin “ASAN xidmət”in “ASANPAY” ödəniş servisi vasitəsilə yığılması və birbaşa olaraq xəzinədarlığa toplanılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində SamurXanoba keçid məntəqələri arasında uzunluğu 24,5 kilometr olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisidavam edir.

53 kilometrlik Ağsu-Kürdəmir-Bəhrəmtəpə və 42 kilometrlik Zərdab avtomobil yolunun tikintisi isə artıq yekunlaşıb.

Ölkəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq, tıxac problemini həll etmək üçün Bakı-Sumqayıt yolunun “20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində genişləndirilmə işləri hələ ötən ilin iyun ayında başa çatdırılıb. Xırdalan dairəsindəki mövcud tunel yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla, 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağı yaradılıb.

İl ərzində paytaxtda bir yeraltı və altı yerüstü piyada keçidi inşa edilib. Bütün maliyyə mənbələri hesabına respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü, 2 avtomobil tuneli, bir yeni metal dəmir yolu ötürücüsü və 9 piyada keçidi tikilib. Bundan başqa, 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib. Bunlardan 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi artıq başa çatdırılıb.

Hazırda Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi yekunlaşmaq üzrədir. Bu, iki yol ötürücüsündən ibarət olan qovşaqdır. Yol ötürücüləri Şamaxı, eləcə də Bakının Biləcəri və Binəqədi rayonları istiqamətində yerləşən yaşayış məntəqələrindən gələn avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxta doğru və əks tərəfə rahat hərəkətini təmin edəcək. Beləliklə, dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılacaq.

Paytaxtın Xətai rayonunda isə “ şəhər” layihəsi çərçivəsində 2,5 kilometr uzunluğunda daxili küçələrin tikintisi başa çatdırılıb.

İndi işğaldan azad edilmiş ərazilərimizdə tikilən yollar əsas diqqət mərkəzindədir. Məlum olduğu kimi, bu bölgələrimizdə bir neçə istiqamətdə yeni yollar çəkilir. O cümlədən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun tikintisi aparılır. Uzunluğu 29 kilometr olan bu yolun bərpası işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi başlanıb. 9 metr enində asfalt-beton örtüyü olan, ümumi eni isə 12 metr təşkil edən avtomobil yolu artıq tikilib. Hazırda Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndindən və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi istiqamətində işlər aparılır. Bununla Tərtər rayonu ilə GoranboyNaftalan rayonları arasında alternativ yeni avtomobil yol bağlantısı yaradılacaq.

Bunlar ölkəmizin ərazisində çəkilməkdə olan və tikintisi artıq başa çatdırılan yolların yalnız bir qismidir. Prezident İlham Əliyev keçən ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə bildirmişdir ki, yol layihələrimiz davamlıdır. Deməli, 2021-ci ildə yurdumuzun qoynunda açılan yeni yolların uzunluğu yenə də 1000 kilometrdən əskik olmayacaq.

 

 Flora SADIQLI

Azərbaycan.-2021.- 25 fevral.- S.1;4.