Nizami məsnəvilərinin
Berlin nüsxələri
Dahi Azərbaycan şairi Nizami Gəncəvi özündən sonra zəngin ədəbi irs qoyub getmiş, ədəbi məktəbini yaratmağı bacarmışdır. Nizaminin necə məşhur və görkəmli şair olduğunu sübut edən faktlardan biri də dünyanın müxtəlif əlyazma xəzinələrində onun əsərlərinin yüzlərlə nüsxəsinin mühafizə edilməsidir. Nizami ədəbi məktəbindən təsirlənən Osmanlı şairləri onun əsərlərini həm tərcümə etmiş, həm də ona nəzirələr yazmışlar. Mütəfəkkir şairin əsərləri dünyanın bir cox ölkəsində müxtəllif dillərdə nəşr olunmuşdur.
Nizami Gəncəvi yaradıcılığı Azərbaycanda həmişə diqqət mərkəzində olmuş, xüsusən də XX əsrin ortalarından başlayaraq bu barədə müxtəlif dövlət tədbirləri keçirilmiş, şairin yubileyləri təntənə ilə qeyd edilmişdir. 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilmişdir. 1981-ci ildə isə Nizaminin 840 illik yubileyi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi yenə də dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd olunmuşdur.
2021-ci il Nizami
Gəncəvinin anadan
olmasının 880 illiyidir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli
sərəncamı ilə
bu il Azərbaycan
Respublikasında “Nizami
Gəncəvi ili” elan olunmuşdur.
“Nizami Gəncəvi
ili”ndə icra edilməli olan vəzifələrdən birincisi
şairin tam biblioqrafiyasının
hazırlanmasıdır. Azərbaycan Milli
Kitabxanası tərəfindən
hazırlanacaq biblioqrafiyaya
yeni nəşr olunan əsərlər də əlavə edilməlidir. Bu çərçivədə, C.Qəhrəmanov
və K.Allahyarov tərəfindən hazırlanmış
və Nizami Gəncəvinin dünyanın
müxtəlif əlyazma
xəzinələrində mühafizə
olunan əsərlərinin
əlyazmaları haqqında
məlumatı əhatə
edən biblioqrafiyaya yeni ortaya çıxarılan
nüsxələrin də
daxil edilməsi zəruridir.
Nizami Gəncəvinin
həyat və yaradıcılığının xüsusi şəkildə
araşdırılıb nəşr
ediləcəyi bu ildə qarşıda duran vəzifələrdən
biri də şairin “Xəmsə”sinin
ən qədim və dəyərli nüsxələrinin surətlərinin
dünyanın müxtəlif
kitabxanalarından əldə
edilib tanıdılmasıdır. Növbəti mərhələdə isə
bu nüsxələrin
köməyi ilə “Xəmsə”yə daxil olan məsnəvilərin müəllif iradəsinə
daha yaxın olan elmi-tənqidi mətninin hazırlıqlarına
başlana bilər.
Tərəfimizdən “Xəmsə”nin və ya “Xəmsə”yə daxil olan ayrı-ayrı
məsnəvilərin Amerika
və Avropadakı bəzi kitabxanalarda mühafizə olunan nüsxələrinin surətləri
əldə edilmişdir.
Qeyd edək ki, indiyə
qədər Azərbaycanda
işıq üzü
görən tədqiqatlarda
bu nüsxələrdən
istifadə olunmamışdır.
Toplanan materialın
çoxluğunu nəzərə
alaraq, məqaləmizdə
yalnız Berlin Dövlət
Kitabxanasında mühafizə
olunan Nizami əsərləri haqqında
məlumat verəcəyik.
Bu işə başlayarkən,
əvvəlcə Berlin Dövlət
Kitabxanasının kataloquna
əsasən, Nizami əsərlərinin nüsxələri
müəyyənləşdirilmiş, daha sonra isə
onların surətləri
alınmışdır. Həmçinin Berlin Dövlət Kitabxanasında
mövcud olmasına baxmayaraq, adıçəkilən
kataloqda əksini tapmamış bəzi nüsxələrin də
surətləri əldə
edilmişdir.
Berlindən surətlərini əldə
etdiyimiz 19 nüsxənin
12-si haqqında kataloqlara
əsasən, 1987-ci ildə
Bakıda nəşr edilmiş biblioqrafiyada qısa məlumat verilsə də, bu nüsxələrin hamısını bir-bir nəzərdən keçirərək
əlavə məlumatlar
vermiş, dəqiqləşdirmələr
aparmış və həmin əlyazmalardakı
miniatürləri tanıtmağa
çalışmışıq. Bundan əlavə, Berlin Dövlət Kitabxanasına
məxsus olan və Nizami Gəncəvi əsərlərinin
əlyazmalarına dair
biblioqrafiyada əksini
tapmayan 7 nüsxənin
(¹ 1665, 1940, 1981, 14025, 9725, 2, 4048) surətləri
də əldə edilərək, məqalə
şəklində oxuculara
və elmi ictimaiyyətə təqdim
olunmuşdu.
Nizami “Xəmsə”sinə
çəkilmiş miniatürlər
Azərbaycanda və dünyanın müxtəlif
kitabxanalarında qorunan
nüsxələr əsasında
görkəmli sənətşünas
alim C. Həsənzadə
tərəfindən toplanmış
və araşdırılmışdır. Həmin kitabda
Nizami məsnəvilərinin
Berlin nüsxələrindəki miniatürlər əksini
tapmamışdır. Bu
baxımdan, surətlərini
əldə etdiyimiz nüsxələr gələcəkdə
Azərbaycanda həm Nizami “Xəmsə”sinin daha mükəmməl elmi-tənqidi nəşrinin
tərtib edilməsinə,
həm də “Xəmsə”yə çəkilən
miniatürlərin daha
zəngin toplusunun hazırlanmasına kömək
edəcək.
Nizami Gəncəvi
“Xəmsə”sinin (Minutoli
35) bəhs edəcəyimiz
ilk nüsxəsi 1363-1364-cü ildə köçürülmüşdür. 269 vərəq
həcmində olan bu kitab “Xəmsə”nin qədim nüsxələrindən biri
olması baxımından
əhəmiyyətlidir. Nüsxə nəsx
xətti ilə yazılmışdır. Əlyazma kitabının
1b vərəqindən etibarən
“Xosrov və Şirin” məsnəvisi başlayır, “Leyli və Məcnun” məsnəvisinə isə
45a vərəqindən başlayaraq
yer verilir. “İsgəndərnamə”yə
daxil olan “Şərəfnamə” 111 a, “Xirədnamə”
(“İqbalnamə”) isə
209a vərəqindən etibarən
oxuculara təqdim olunur. 1b vərəqindən
başlayaraq “Məxzənül-əsrar”
məsnəvisi, 152b vərəqindən
etibarən də “Həft peykər” məsnəvisi əlyazma kitabının haşiyələrinə
köçürülmüşdür.
Berlində saxlanan digər bir əlyazma Nizaminin “İsgəndərnamə”
məsnəvisinin “İqbalnamə”
adlı hissəsini əhatə edir. Bu nüsxə 42 vərəqdən
ibarətdir. Katib
bu nüsxəni 19 mart 1446-cı
ildə bitirdiyini qeyd etmişdir. Əlyazmada 4
miniatür vardır.
10b vərəqinə çəkilmiş ilk miniatürdə
dağlarda gəzən
şahzadə təsvir
edilmişdir.
Kitabxanada XIV əsrdə köçürülmüş
“Leyli və Məcnun” nüsxəsi də mövcuddur. Əlyazma 121 vərəqdən ibarətdir.
Əlyazmanın birinci və
sonuncu vərəqlərinin
bir hissəsi qopmuşdur. Kitabda 5 miniatürə
yer verilmişdir.
Nüsxənin 11b vərəqində əksini tapmiş ilk miniatürdə Leyli ilə Məcnun məktəbdə dərs
zamanı təsvir olunmuşlar.
Digər bir “Xəmsə” nüsxəsi (Sprenger 1475)
də qədimliyi baxımından əhəmiyyətlidir. Bu əlyazma kitabı XIV əsrdə təliq xətti ilə köçürülmüşdür. Həcmi 278 vərəqdir. Kitabda
“Xəmsə”yə daxil
olan dörd məsnəvi təqdim olunmuşdur: “Məxzənül-əsrar”; “Leyli və Məcnun”;
“Xosrov və Şirin”; “Həft Peykər”. İncəsənət baxımından da
diqəti cəlb edən nüsxəyə
44 miniatür çəkilmişdir.
Miniatürlər “Xəmsə”dəki müxtəlif hekayələri
əks etdirirlər.
“Xəmsə”dəki məsnəvilərə
yer verilən digər bir əlyazma XV əsrdə təliq xətti ilə köçürülmüşdür
və 387 vərəqdən
ibarətdir.
XV əsrdə köçürülmüş
“Xosrov və Şirin” məsnəvisi “Kitabi-Xosrov ü Şirin” sərlövhəsi ilə
mühafizə olunmaqdadır. Həcmi 48 vərəq
olan əlyazmaya altı miniatür daxildir.
Başqa bir “Xəmsə” əlyazması 15 iyun
1485-ci ildə tamamlanmışdır. 336 vərəqdən ibarətdir.
Katibi Sultan Hüseyn
bin Sultan Əlidir. “Xəmsə”nin digər bir nüsxəsi
1503-cü ilin iyun ayı ilə 1504-cü ilin avqust ayı
arasında köçürülmüşdür.
Həcmi
497 vərəqdir. Katibi Hüseyn
ibn Kəmaləddin əl-Hadi Hüseyni əl-Yəzdidir. Bu əlyazmada “Xəmsə”yə
daxil olan bütün məsnəvilərə
yer ayrılmışdır.
“Xəmsə”yə daxil
olan məsnəvilərin
yer aldığı daha bir əlyazma
956-cı ilin zilqədə
/ 1549-cu ilin noyabr-dekabr
aylarında köçürülmüşdür. Həcmi 322 vərəqdir.
Təliq
xətti ilə yazılmışdır. Əlyazma “Məxzənül-Əsrar”la
başlasa da, bu məsnəvi yarımçıq qalır.
Kitabda “Xosrov və Şirin” məsnəvisinə
yer verilmişdir, lakin o da tam deyildir. Daha sonra “Leyli və
Məcnun” , “Həft Peykər” , “Şərəfnamə”
və “İqbalnamə”
məsnəviləri ixtinsax
edilmişdir. Kitabda 8 miniatür
vardır.
XVI əsrdə köçürülmüş
qiymətli bir “Xəmsə” əlyazmasının
həcmi 381 vərəqdir. Katibin hər
məsnəvinin sonuna
istinsax tarixi yazılmışdır. Belə ki,
“Məxzənül-Əsrar” 21 avqust 1566-cı ildə, “Leyli və Məcnun”
4 noyabr 1566-cı ildə,
“Xosrov və Şirin” 1568-ci ilin aprel ayında, “İsgəndərnamə” isə
974-cü ilin ramazan
1567-ci ilin mart ayında
köçürülüb tamamlanmışdır. Əsərdə 15 miniatür vardır.
“Xəmsə”nin (Minutoli 1) bu nüsxəsi 366 vərəqdən
ibarət olub, təliq xətti ilə 1573-1574-cü ildə
istinsax edilmişdir. Əlyazmada
19 miniatür mövcuddur.
Kitabda məsnəvilər
bu ardıcıllıqla
düzülmüşdür: “Məxzənül-Əsrar” (vər.
1b); “Xosrov və Şirin” (vər. 32b); “Leyli və Məcnun”
(vər. 109b); “Həft
Peykər” (vər.
167b); “Şərəfnamə” (vər. 232b); “İqbalnamə”
(vər. 318b).
Berlin Dövlət Kitabxanasında
ayrıca “İsgəndərnamə”
məsnəvisinin yazıldığı
əlyazmaya da rast gəldik. Əlyazma 981 /
1573-1574-cü ildə köçürülmüşdür
və 89 vərəqdən
ibarətdir. Məsnəviyə 14 miniatür çəkilmişdir.
“Xəmsə”nin başqa bir əlyazma nüsxəsi (Petermann II 698) 290 vərəqdən
ibarətdir. Təliq xətti ilə
köçürülmüşdür.
Nüsxədə əsərə çəkilmiş
19 miniatürə də
ver verilmişdir.
Kitabdakı məsnəvilərin hər birinin sonuna tamamlandığı
tarix yazılmışdır.
Belə ki, məsnəvilər
1584-1586-cı illərdə Dostməhəmməd bin Əlidost
əl-Becistani tərəfindən
köçürülmüşdür.
“Xəmsə”yə daxil
olan bütün məsnəviləri əhatə
edən əlyazma kitabı 290 vərəq həcmində olub, 1632-ci ilin fevral-mart aylarında köçürülmüşdür. Bu nüsxədə 52 miniatür
vardır.
“Xəmsə”nin 1672-ci ilin sentyabr-oktyabr aylarında köçürülmüş
əlyazması 228 vərəqdən
ibarətdir. Nizami məsnəvilərinin hamısını əhatə
edir. Əlyazmada 6 miniatürə yer verilmişdir. Katibi Sədrəddin Mə?əmməd ibn İsa Məhəmməddir.
“Xosrov və
Şirin” məsnəvisinin
köçürüldüyü nüsxənin həcmi isə 319 vərəqdir.
Əlyazma 1768-1769-cu ildə hazırlanmışdır. Məsnəvinin bu nüsxəsi
65 miniatürü əhatə
edir və Berlin nüsxələri arasında
miniatür baxımından
ən zəngin əlyazmadır. Digər bir
“Xəmsə” əlyazması
təliq xətti ilə köçürülmüşdür
və həcmi 296 vərəqdir. 1831-1832-ci ildə istinsax edilmişdir. Əlyazmada 25 miniatür vardır.
Katibi Əsədullah
bin Ərdəlandır.
Berlin Dövlət Kitabxanasındakı “Xəmsə” nüsxələrindən bir başqası (Hs. or. 14025) 1836-1237-ci ildə köçürülmüşdür. Həcmi 346 vərəqdir. Əlyazmaya 9 miniatür çəkilmişdir. Kitabxanada “İsgəndərnamə” məsnəvisinin “İqbalnamə” hissəsinin XIX əsrdə köçürülmüş nüsxəsi də mühafizə olunmaqdadır. Əlyazmanın həcmi 181 vərəqdir və 14 miniatürlə bəzədilmişdir.
Berlin Dövlət Kitabxanasında “Xəmsə”nin yuxarıda qeyd etdiyimiz nüsxələrindən savayı, “Tərcümeyi-Həft peykər” adlı əlyazmaya da rast gəldik. Həmin kitab “Yeddi gözəl” məsnəvisinin nəsrlə türk dilinə tərcüməsini ehtiva edir. Əlyazmanın həcmi 49 vərəqdir və XIX əsrdə köçürülmüşdür.
Berlin Dövlət Kitabxanasındakı Nizami Gəncəvi əlyazmalarının əksəriyyəti miniatürlüdür. Belə ki, “Xəmsə”nin XIV əsrdə hazırlanmış əlyazmasında 44, XVIII əsrdə köçürülmüş nüsxəsində 52, “Xosrov və Şirin”in XVIII əsrdə istinsax edilmiş nüsxəsində isə 65 miniatür vardır. Bunlar Nizami Gəncəvi “Xəmsə”sinin ən çox miniatür çəkilmiş nüsxələrindəndir. Məlumatlardan anlaşılır ki, surətlərini əldə etdiyimiz nüsxələrdən savayı, Berlin Dövlət Kitabxanasında Nizami məsnəvilərinin daha on əlyazması da mühafizə edilməkdədir.
Vüsalə MUSALI,
Türkiyənin Kastamonu Universitetinin
professoru
Azərbaycan.-2021.- 25 fevral.- S.6.