Vətəni sevməyi şəhid
və qazilərdən öyrənirik
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!
Bu, çox müdrikliklə deyilmiş dahiyanə bir fikirdir. Hər hansı bir torpaq parçasına Vətən deyilməz. Vətən əcdadlarımızın uğrunda odlardan, alovlardan keçdikləri, “uf” demədən canlarını fəda etdikləri doğmadan doğma kənddi, şəhərdi, yurddu, yuvadı. Ulu babalarımızın uyuduqları bu torpaq əsrdən-əsrə keçərək müqəddəsləşib, and yerimizə çevrilib, namus, qeyrət, qürur meyarı olub. Vətən deyə sevib əzizlədiyimiz, uğrunda hər fədakarlığa hazır olduğumuz bu müqəddəs diyara sonsuz məhəbbət soyumuzdan kökümüzdən gəlir, ana südü ilə canımıza, qanımıza hopur.
Sevimli şairimiz Abbas Səhhətin məhəbbətlə qələmə aldığı unudulmaz misralar vətən sevdalı könüllərdə hər zaman şirin nəqarət kimi səslənir:
Vətəni sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz.
Vətən sevgisindən danışarkən yazıçı Anarın ulu Dədə Qorqudun dili ilə dediyi müdrik bir kəlam da yada düşür: “Torpağı əkib-becərmirsənsə, qorumağa, qorumursansa, əkib-becərməyə dəyməz”.
Biz gənc nəsil olaraq hər zaman ürəyimizdə Vətən sevgisi yaşadırıq. Doğulduğumuz, boya-başa çatdığımız bu diyar, havasını udduğumuz, suyunu içdiyimiz cənnət Azərbaycan bizim sevimli Vətənimizdir. Tarixin şanlı səhifəsinə çevrilən müqəddəs Qarabağ savaşı - Vətən müharibəsi bir daha təsdiq etdi ki, bu Vətən bizim üçün həyatımızdan da qiymətlidir. Mənim neçə-neçə həmyaşıdım Vətənin çağırışına hay verib könüllü olaraq müharibəyə yollandı. Onlardan neçəsi şəhid olub əbədiyyətə qovuşdu, neçəsi döyüşlərdə yaralanıb sağlamlığını itirdi, öz qəhrəmanlıqları ilə bizim üçün canlı örnək olan qazilərə çevrildi.
Bu parlaq qələbənin qazanılmasında təhsil aldığım Bakı Dövlət Universitetinin çox sayda yetirməsi də iştirak etmişdir. Onların arasında şəhid olan, sağlamlığını itirən gənclər çoxdur. Şəhidlərin müqəddəs ruhları bu gün bir zaman təhsil aldıqları auditoriyaları dolaşır. Qoy Uca Tanrı onların məkanını cənnət eləsin! Qazilərimizin isə tezliklə sağlam həyata qovuşmalarını arzulayırıq.
Hazırda universitetimizdə vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsi keçirilir. Kimyaçı olsam da, bu müsabiqədə mən də iştirak edirəm. Çünki bu mövzuda deyəcəyim sözlər, kövrək duyğularım çoxdur.
Bu gün adı ölkəmizdə dillər əzbəri olan şəhid Xudayar Yusifzadə ilə eyni məktəbdə təhsil almışam. O yüksək mədəniyyəti, intizamı ilə seçilirdi. Onun Azərbaycanı, Qarabağı necə böyük məhəbbətlə sevdiyini o zaman heç birimiz bilmirdik. Şəhid olandan sonra isə sosial şəbəkələrdə səngərdə oxuduğu “Vətən yaxşıdır” mahnısı bütün Azərbaycan xalqını riqqətə gətirdi. Xudayarın ifasında həmin mahnı ikinci həyatını yaşadı. Həm qəhrəmanlığı, həm də bu ifası ilə Xudayar xalqımızın, o cümlədən biz gənclərin sevimlisinə çevrildi. Bu ölməz qəhrəmanın tükənməz vətən sevgisi əsl qəhrəmanlıq nəğməsi idi ki, onu da özü ifa etmişdir.
Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli sərkərdə bacarığı sayəsində Vətən müharibəsi parlaq qələbəmizlə başa çatmışdır. Qarabağ savaşı bitmiş, işğalçı Ermənistan ordusu darmadağın edilmişdir. Artıq işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti, bərpa işləri başlanmışdır. Biz doğma Qarabağı, düşmənin odlarla qalayıb viran qoyduğu kəndlərimizi, şəhərlərimizi yenidən quracaq, əvvəlkindən daha abad edəcəyik.
Müharibə qurtarsa da, heç kim unudulmur, heç nə yaddan çıxmır. Biz ölməzliyə qovuşan şəhidlərimizi hər zaman sonsuz məhəbbət və ehtiramla yad edirik, çalışırıq ki, Azərbaycanı onlar sevdiyi kimi sevək, uğrunda hər fədakarlığa hazır olaq.
Biz necə yaşamağı, doğma yurdun hər qarışını sonsuz məhəbbətlə sevməyi bayrağımızı Qarabağda zirvələrə sancan qəhrəmanlardan öyrənirik. Onların mənalı ömür yolu biz gənclər üçün əyani nümunədir.
Leyla QULUZADƏ,
Bakı Dövlət Universitetinin
Kimya fakültəsinin
II kurs tələbəsi
Azərbaycan.-2021.-
25 fevral.- S.5.