İnsanlığa qarşı
amansız terror
Vətən müharibəsindəki
Qələbə ilə Xocalı soyqırımı
qurbanlarının ruhu təsəlli
tapdı
Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 29 il ötür. XX əsrin müxtəlif vaxtlarında ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə üzləşdi. Sovet ordusunun köməyi ilə Xocalını işğal edən ermənilər şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirdilər. 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qəddarlıqla qətlə yetirildi, 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü.
Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Hadisələrin gedişatını bir qədər aydın izləsək, görərik ki, şəhərin işğalı xüsusi plan əsasında həyata keçirilib. Belə ki, 1991-ci ilin oktyabr ayından şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanın digər bölgələri ilə avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat yolu hava xətti oldu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsildi. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşayırdı.
Ermənilər tərəfindən Xocalıya hücum edilməsinin başlıca səbəbi həm də şəhərin strateji mövqeyi idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Qarabağdakı yeganə aeroportun da burada yerləşməsi şəhərin strateji əhəmiyyətini artırırdı.
Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə hər şeyin üstü örtüldü. Onlar faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Həmin dövrdə soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın ozamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırdılar. Əslində o zaman respublikaya rəhbərlik edən şəxslər şəhərin müdafiəçilərinə təcili kömək göstərmək, faciə barədə dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər. Hətta sonralar da Xocalı faciəsinin mahiyyətini açmaq, onun günahkarlarını ifşa etmək, dünya ictimai fikrinə çatdırmaq üçün heç bir iş görülməmiş, əksinə, bu faciə hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi vasitəsinə çevrilmişdir”.
Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Çünki bu, 1992-ci ildə iqtidarda olanlarla hakimiyyətə can atanların arasında baş verən hərc-mərcliyin, respublikada anarxiyanın, habelə Dağlıq Qarabağ və onun ətrafında baş verən oyunların məntiqi nəticəsi idi.
Ovaxtkı iqtidar qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat belə vermirdi. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.
Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.
Bununla da Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ölkələrinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.
Tarixi şərait və erməni təəssübkeşliyi səbəbindən xalqımızın faciələrinə beynəlxalq səviyyədə obyektiv qiymət vermək mümkün olmamışdır. O cümlədən Xocalı faciəsinə də ikili standartlara və Azərbaycan torpaqlarının işğalına beynəlxalq təşkilatların laqeyd münasibətinə görə uzun illər siyasi-hüquqi qiymət verilmədi. Buna baxmayaraq, Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cumlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş apardı. Bu məsələdə İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyasının həyata keçirilməsi tezliklə effektiv nəticələr verdi. Qeyd edək ki, Prezident İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Ona görə bu gün qanında, canında vətən sevgisi olan hər bir azərbaycanlının qarşısında duran ən əsas vəzifələrdən biri dövlətin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. “Xocalıya ədalət!” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən başlayaraq kampaniya yüksək templə davam edib və aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulub.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Bütün bu tədbirlər, o cümlədən Prezident, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Xocalı soyqırımı” adibəsinə edilən ümumxalq yürüşləri göstərirdi ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Ümumxalq yürüşləri xalqımızın işğal altındakı torpaqların azad olunması uğrunda həmrəyliyinin nümayişi idi. On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşləri işğalçıya və onların havadarlarına mesaj idi.
Ötən il baş verən 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan xalqı milli maraqlarını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycan tarixinin şərəfli səhifəsinin, yeni qəhrəmanlıq salnaməsinin müəllifi oldu.
Bu Qələbə ilə Xocalı şəhidlərinin ruhları təsəlli tapdı. Soyqırımı qurbanlarının qanı yerdə qalmadı, onların qisası döyüş meydanlarında alındı. Vətən müharibəsindəki Qələbə həm də Xocalı soyqırımını dünyada daha sürətlə tanıdacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2021.- 26 fevral.- S.1;5.