Şəhid və qazilərin ailələri ziyarət edilir

 

 

Xocalının dəhşətləri zaman keçdikcə iliyə, qana hopur. O müdhiş il, ay, gün nəinki xocalılıların dünənki nəslinin, yəni soyqırımına şahid olanların, onlardan sonrakı nəslin də yaddaşına qanla yazıldığı üçün heç vaxt unudulmayacaq.

Daşnak, terrorçu, qaniçən erməni vandalları o müdhiş gecə və sonrakı günlərdə günahsız insanlara qəddarlıqla, amansızcasına əzab verib qətlə yetirdilər. “Sağ-salamat” qalanların, canını götürüb birtəhər qaçanların isə aldığı psixolojifiziki zərbələr zaman keçdikcə üzə çıxmaqdadır.

Ötən 29 il ərzində Xocalıdan canını salamat qurtaranlara dövlət, ictimaiyyət tərəfindən göstərilən diqqət və qayğı onların Qələbəyə, Xocalının qisasının alındığı günə inamlarını gündən-günə artırırdı. Nəhayət, 44 günlük Vətən müharibəsində torpağa qanları ilə “Qələbə” və “Qarabağ Azərbaycandır!” yazan oğullarımız Yer üzündən silinmiş Xocalının və qəddarlıqla, amansızlıqla, minbir işgəncə ilə qətlə yetirilən günahsız soydaşlarımızın da qanını aldılar.

Xocalı da Vətən müharibəsində öz oğullarını qurban verdi. Neçə-neçə xocalılı balası şəhid və qazi oldu. Onların ziyarətinə nəinki el-oba, həm də davamlı olaraq ictimaiyyətin nümayəndələri gəlməyi özlərinə borc bildilər. Ənənə bu gündavam edir, çünki Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərdilər.

Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bagirov və Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Tacir Əzizov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namiq CavadovunTural Abdullayevin ailəsini ziyarət ediblər.

Daha bir tədbir fevralın 20-də Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilib. İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə nümayəndəsi Şahid Rzayev və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsi şəhidi Ramazanlı Əlzamin Umud oğlunun Bərdə rayonunun Şirvanlı kənd qəbiristanlığındakı məzarı ziyarət edilib. Onlar “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş igid döyüşçünün valideynlərinə, yaxınlarına başsağlığı verib, ailənin problemləri ilə maraqlanıblar.

 

 Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 26 fevral.- S.5.