Milli Məclisdə
Xocalı soyqırımına həsr olunmuş
rəsm sərgisi təşkil olunub
Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş olunub.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”, “Ümid” əsərləri daxildir. Qeyd olunub ki, bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində “Xocalıya ədalət!” adları altında sərgilənib.
Bildirilib ki, bu rəsm əsərləri soyqırımına məruz qalmış insanların yaşadıqlarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır. “Ümid” əsəri isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə yaşadığımız hadisələr, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizi bu istəyimizə qovuşdurdu.
Sərgi ilə tanış olan
Milli Məclisin Sədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənət
dili ilə bu cür uğurlu təsvirinə
görə rəssam Ramal Kazıma təşəkkürünü
bildirib. Qeyd edib ki, belə bir sərgiyə baxmaq həqiqətən
çox təsirlidir. Spiker
gənc rəssama bundan sonrakı fəaliyyətində
də uğurlar arzulayıb.
Azərbaycan.-2021.- 27 fevral.- S.2.