“25-lər”dən biri
Şahin
Əzimov: “Xocalıda ata-analarını itirmiş
uşaqlar artıq özləri valideyndirlər”
Xocalı, 25 fevral 1992-ci il. Qara təqvim kimi nəinki xocalılıların, xalqımızın, əslində isə bu gün demək olar ki, sülhsevər bəşəriyyətin tarixinə qanla yazılıb. O müdhiş günlərin ağrı-acısını unutmaq mümkün deyil. Yalnız ona görə yox ki, xocalılılar müsibət yaşadı.
Xocalı müsibətləri dünyaya yayılarkən 25 uşağın ata-anasızlıq dərdindən ayrıca söz açldı. O günlərdə həmin uşaqların dili söz tutmurdu, bəzilərinin heç bir yaşı da yox idi. Lakin ağlı kəsən, yaddaşına qanla yazılanları da oldu. Bu gün onlar danışır. “25-lər” kimi tanınan ata-anasızlardan biri də Şahin Həsənbala oğlu Əzimovdur. 1974-cü il oktyabrın 18-də Xocalı rayonunun Ballıca kəndində anadan olub. Erməni separatçıları Əzimovların Ballıcadakı evini yandırdıqdan sonra ailə 1988-ci ilin sentyabrında Xocalıya köçmək məcburiyyətində qalıb. Xocalıda fin tipli evlərdə məskunlaşıblar. Ailə başçısı Həsənbala kişi Xocalıda ipək fabrikində gözətçi işləyib. Böyük oğlu Hüsü ilə Xocalının müdafiəsində dayanıblar. Şahin isə çörək sexində işləyib...
O günlərdən danışmaq nə qədər ağır olsa da, təsadüf nəticəsində erməni gülləsindən yayınaraq həyatda qalan və əsir düşməyən Şahin Əzimov həmin müsibətli günü acı-acı xatırlayır: “...1992-ci il fevral ayının 25-i axşam saat 10-11 radələri olardı. Ermənilər hər tərəfdən zirehli texnikalarla hücuma keçdilər. Evləri yandıra-yandıra yaxınlaşırdılar. Mən qaçıb zirzəmilərdə ümidlə kömək gözləyən bəzi ailələrə şəhəri tərk etmək lazım olduğunu bildirdim. Qonşumuz Əlövsətin ailəsi ilə birlikdə şəhərdən çıxmağa çalışdıq. Asfaltı keçəndə bizi gülləbaran etdilər. Qarqarçayı keçərək Qaraqaya istiqamətində gedən camaata birtəhər ki, qoşulduq. Yolda qalan qocalara, yaralılara baxanda insanı dəhşət bürüyürdü. Bacımın qayınanası Çiçək xalaya kömək edirdim. Onun corabı islandığından buz bağlamışdı. Corabın buzunu qırıb cibimə qoydum ki, isinəndən sonra ayağına geydirim. Lakin erməni vəhşiləri onu vurdular. Corabını cibimdə Ağdamadək gətirmişdim...”
Fikri qırılır. Sanki o müdhiş
günləri keçirir. Həyəcandan səsi boğulur.
Amma danışır. Deyir
ki, insanlar erməni vandalizmini yaxşı tanısın,
unutmasın: “Əkin yerini keçəndə ermənilər bizi BTR,
BMP-lərlə atəşə
tutdular. Sanki insanları
zəmi kimi biçirdilər. Heç kəsə
aman vermirdilər.
Bibim Dilarə, altı yaşlı oğlu Natiq oradaca qaldılar. Təsadüf nəticəsində sağ qalanların hərəsi bir tərəfə səpələndi.
Mən qaratikanlı qayanı aşıb ata-anamın yanına gəlib çatdım. Ermənilər bizi yenidən görüb atəşə
tutdular. Qonşumuz
Teybəni, əmimin nəvəsi Aynuru vurmuşdular. Mənfurlar xəndəklərdə gizlənən dinc sakinləri qətlə yetirmişdilər. Onlar heç
kimə rəhm etmirdilər. Qardaşım Hüsü və başqaları yolu açmaq üçün
qabağa düşmüşdülər.
Onlarla aramızda olan məsafə xeyli artmışdı. Yaralanmış atamı, anamı ermənilər amansızcasına
güllələmişdilər. Üç-dörd nəfərlə birlikdə Ağdama tərəf gedəndə
ermənilər qarşımızı
kəsib təslim olmağımızı istədilər.
Lakin biz təslim olmayaraq oradan aralaşdıq.
Ermənilər bizi buraxıb,
yaxınlığımızda olan təxminən 250 nəfərlik dəstənin
qarşısını kəsdilər.
Ağdamda məni görən yaxınlarım
gözlərinə inanmadılar
ki, sağ-salamat çıxa bilmişəm...”
Şahin Əzimov Gəncə şəhəri ərazisində
salınmış 600 ailəlik
qəsəbədə müvəqqəti
məskunlaşıb. Bizimlə söhbət
zamanı ona daha bir zəng
gəldi. Məlum
oldu ki, sabah onu Ağdama çağırırlar.
Böyük Zəfərin sevincini
yaşayan hər vətəndaş kimi, Şahin də işğaldan azad olunmuş topraqlarımıza
qədəm qoyacağı
üçün həyəcanlı
idi. Ağdama səfərinin Şahin üçün sevincli olduğu qədər, böyük anlamı da var. O, 29 il
bundan əvvəl Xocalıdan erməni quldurlarının güllə
yağışından təsadüfən
sağ çıxaraq
Ağdama pənah gətirmişdi. İndi ata-anasının, həmyerlilərinin uyuduğu
Ağdamın Şəhidlər
xiyabanına gedərək
onların məzarlarını
ziyarət etmək imkanı yaranmışdı.
Vətən müharibəsində xilaskar
ordumuz Xocalı soyqırımının törədilməsində
əli olan cinayətkarları da məhv etdi. Şəhidlərimizin qisası alındı.
Xocalılılar artıq ədalət
simvolu olan Xocalıya qayıdış
gününə hazırlaşırlar.
Yolunuz açıq, arzularınız
və istəkləriniz
çin olsun.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 27 fevral.- S.9.