İşğaldan azad edilmiş Cəbrayılda
aqrar sahənin yüksək templə
inkişafı üçün potensial böyükdür
Artıq Vətən müharibəsinin qurtarmasından 100 gündən çox vaxt keçib. Ermənistan acı məğlubiyyətindən hələ özünə gələ bilməyib, orada iqtidar-müxalifət münasibətləri gərginliyin pik nöqtəsinə çatıb. Erməni cəmiyyətində parçalanma və ziddiyyətlər gündən-günə dərinləşir.
Seçkilərdə məğlub olmuş qüvvələr Nikol Paşinyandan qisas almaq üçün bütün Ermənistanı fəlakətə sürükləyirlər. Müharibə edib yenidən Azərbaycan ərazilərini işğal etmək çağırışları bitib-tükənmək bilmir. Üstəlik daxili çəkişmələr ölkənin onsuz da bərbad olan iqtisadiyyatını iflic vəziyyətinə salıb. Bu gün Ermənistan həyat səviyyəsinə görə dünyada ən geri qalan ölkələr sırasındadır.
Azərbaycanda isə tamam başqa mənzərədir. Qələbədən sonra işğaldan azad olunan torpaqların dirçəldilməsi üçün böyük layihələrin icrasına start verilib. Hazırda həmin ərazilər minalardan təmizlənir, yollar, elektrik xətləri çəkilir, su elektrik stansiyaları bərpa edilir, hava limanı inşa olunur, dəmir yolu xətlərinin tikilməsinə hazırlıq işləri görülür. Artıq bu ərazilərdə “ağıllı kənd” layihəsinin icrasına başlanıb, “yaşıl enerji”dən istifadə etmək üçün Günəş və külək elektrik stansiyalarının tikilməsi proqnozlaşdırılır, mədəni və dini abidələrin bərpası planlaşdırılır. Məqsəd qısa bir müddətdə “böyük qayıdış”a başlamaqdır.
Torpaqlarımız işğaldan azad ediləndən sonra bütün dünya ermənilərin burada törətdikləri vandalizmin şahidi oldu, bu gün isə torpaqlarımızı bərpa etməkdə əzmkarlığımızı görür. Hətta müharibədən əvvəl və savaş dövründə ermənilərin tərəfini tutan bəzi ölkələr indi işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərində iştirak etmək istəyirlər. Bir sözlə, Qarabağda böyük quruculuq işlərinə ciddi başlanıb.
Bəllidir ki, bu torpaqlarda əhalinin başlıca məşğuliyyəti kənd təsərrüfatı olub. Bu üzdən də həmin rayonlarda aqrar sektorun bərpası, eləcə də müasir texnika və texnologiyalardan istifadə etməklə onu daha yüksək səviyyəyə çatdırmaq üçün araşdırmalar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Ramil Alıyev Cəbrayıl rayonunun bu sahədəki perspektivlərindən danışarkən deyib ki, bu bölgəmiz Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində, İranla sərhəddə yerləşir. Ərazisi 1050 kvadratkilometrdir. Rayonun torpaqları işğaldan əvvəl bol suyu ilə fərqlənən Araz, İncəçay və Çaylaqçay çayları ilə suvarılıb. Cəbrayıl rayonu ərazisində inşa edilmiş Xudafərin su anbarı vasitəsilə 7500 hektar sahənin suvarılması mümkündür.
İşğaldan əvvəl rayonun əhalisi əsasən kəndlərdə məskunlaşmışdı və əsas məşğuliyyət də kənd təsərrüfatı olmuşdur. Ərazisindəki iqlimin və bol sulu çaylarının verdiyi imkanlar sayəsində rayon sakinləri həm birillik, həm də çoxillik əkinlərini rahat becərə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvə, tərəvəz, xüsusilə tütün və üzüm yetişdirilirdi.
Yayı isti,
qışı mülayim keçən
bölgədə otlaq sahələri geniş olduğu üçün heyvandarlıq da
inkişaf etmişdi. 1988-ci ilin
statistik məlumatlarına
əsasən, əkin
sahəsi 24877 hektar olan rayonda 77639 ton məhsul istehsal edilmişdi.
Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda isə əvvəlkindən dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə ölkəmizdə kənd təsərrüfatının bütün sahələrində müasir yanaşma ilə ciddi inkişafa nail olunub rayon heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldanəvvəlki istehsal həcminə nisbətən ciddi irəliləyiş əldə edə bilər.
Ekspert R.Alıyev xatırladır ki, işğaldan əvvəl respublika üzrə əkilən torpaqların cəmi 1,45 faizinə sahib olmuş Cəbrayıl rayonunda işçi qüvvəsi və iqlim resurslarından məhsuldar şəkildə istifadə edildiyindən daim yüksək məhsul götürülüb. Bunu nəzərə alaraq əsasən üzüm istehsalı üzrə ixtisaslaşan bölgədə bu sahədə istehsalın bərpasından sonra təqribən 23 faiz artım gözlənildiyini proqnozlaşdırmaq olar. Arpa, buğda, dənli və dənli-paxlalı bitkilərin istehsalında isə təqribən 1,5 faiz artım mümkündür. İribuynuzlu heyvandarlıqda təqribən 1, xırdabuynuzlu heyvandarlıqda isə 1,2 faiz artım əldə ediləcəyi təxmin edilir. Diri və kəsilmiş çəkidə ət istehsalı 0,6, yun istehsalı təqribən 1 faiz artacaq. Süd və yumurta istehsalında da müvafiq olaraq 0,5 və 0,6 faiz artım proqnozlaşdırılır.
Son illər ərzində Azərbaycanın kənd təsərrüfatının bütün sahələrində ciddi inkişaf əldə edilib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Cəbrayıl rayonu da bu inkişafdan kənarda qalmayacaqdı. Odur ki, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və rayonun öz potensial imkanlarından səmərəli istifadə onun gələcək uğurlarına inam yaradır.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 28 fevral.- S.1;6.