Qisasın alındı, Xocalı!

 

 

1992-ci ilin 26 fevralı...

Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarix. Hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zaman...

Xocalı sakinlərinin dünyada misli görünməmiş soyqırımına məruz qaldıqları o məşum gün...

İllərlə 1992-ci il fevralın 26-da Xocalıda soydaşlarımızın başına gətirilən faciənin ağrı-acısı ilə yaşadıq, ürəyimiz dərddən-ələmdən yara bağladı. O günahsız insanlara, yaşlılara, uşaqlara, qızlara, gəlinlərə, cavanlara tutulan divana yandıq, yaxıldıq...

 

Yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik...

 

And içdik ki, qisasları qiyamətə qalmayacaq.

 

Və 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu...

Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin müjdələdiyi 10 Noyabr - Qələbə Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi - “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” dedilər.

Xocalı soyqırımının 29-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Çatdırırıq ki, qatil xislətli ermənilərin əsl üzünə yaxından bələd olsunlar, bu quzu cildinə girmiş insan cəlladlarının iyrənc əməllərinə bir daha şahidlik etsinlər.

 

 

 

O gecə göydən Xocalıya qan yağmışdı

 

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə göydən Xocalıya qar əvəzinə qan yağmışdı. Qarqar çayından su əvəzinə qan axmışdı. Ərşə dirənən insan fəryadı küçələrdə ac qurd kimi ulayan çovğunun səsini batırmışdı. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmışdı, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Canlarını götürüb bu zülmdən qaçmaq istəyən xocalılılar şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq üz tutmuşdular çöllərə, düzlərə, meşələrə. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi... Dörd bir tərəfdən Xocalını mühasirəyə alıb, bütün bəndi-bərəni kəsmişdilər ki, bir nəfər belə canını qurtara bilməsin. Ya vəhşicəsinə öldürülsün, ya da əsir götürülərək olmazın işgəncələrə məruz qalsınlar...

Bəs nə idi bu zavallı insanların günahı, nə idi erməni quldurlarının bu qanlı əməllərinin məqsədi?

“Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.

Bu sitat britaniyalı jurnalist Tomas de Vaalın 2000-ci ildə ovaxtkı Ermənistan prezidenti, müharibə cinayətkarı Serj Sarkisyandan aldığı müsahibədən kiçik bir hissədir. “Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına isə cavab olaraq S.Sarkisyan heç bir vicdan əzabı çəkmədən kinlə demişdi: “Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”.

Bəli, ermənilərin Xocalı soyqırımını nə üçün törətdikləri bax elə bu bir neçə qandonduran cümlə ilə Sarkisyan tərəfindən təkzibolunmaz şəkildə etiraf olunub.

Bu vəhşi məxluqlar Xocalı soyırımını törətməklə insanların ürəyinə qorxu salmaqbununla da Azərbaycan ərazilərinin sonrakı işğalını və etnik təmizlənməsini özləri üçün daha asan hala gətirmək niyyətini güdmüşdülər.

 

 

 

Xocalı soyqırımına uzanan qətliam yolu

 

 

O da faktdır ki, hələ Xocalı soyqırımına qədər Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi. 1992-ci il fevralın 17-də, Xocalı soyqırımından cəmi bir neçə gün əvvəl Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalmışdı.

Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji mövqedə yerləşən və Dağlıq Qarabağın yeganə hava limanının olduğu Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də enmişdi. Yanvarın 2-dən etibarən isə şəhərin elektrik enerjisi təchizatı dayandırılmışdı. Təcrid vəziyyətinə düşmüş xocalılılar belə bir şəraitdə ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayıb və müdafiə olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq isə Xocalı Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınmışdı.

Xocalı hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin silahlı həmlələrinə məruz qalırdı. 1992-ci il fevralın 18-də artıq Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Buna baxmayaraq, ovaxtkı respublika rəhbərliyi Xocalının xilası üçün heç bir görmürdü. Dörd bir tərəfdən mühasirədə olan köməksiz Xocalı düşmənlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmışdı.

 

 

 

“Xocalıdakı vəhşiliklərə heç nə ilə haqq qazandırmaq olmaz

 

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum etdi. Şəhərə hücum toplardan, tanklardan, “Alazantipli zenit raketlərdən açılan 2 saatlıq atəşdən sonra başlanmışdı. Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu bir tələ, məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.

Erməni vandalları qaçıb canlarını qurtarmaq istəyən silahsız mülki insanları güllələyir, ələ keçirdiklərini vəhşicəsinə qətlə yetirirdilər. İnsanlara dəhşətli işgəncələr verir, diri-diri yandırır, baş dərisini soyur, qulaqlarını və digər orqanlarını kəsir, gözlərini çıxarır, hamilə qadınların qarınlarını deşir və sözlə ifadə edilməsi çətin olan digər vəhşiliklər törədirdilər.

14 mart 1992-ci ildə “Le Mond” qəzeti (Paris) yazırdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.

İngiltərənin “Fant men nyus” teleşirkətinin əməkdaşı (hadisə yerində olmuşdur) R.Patrik isə xocalılılara qarşı törədilən qətliamdan dəhşətə gələrək demişdir: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

 

 

Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumun başını erməni quldurunun qəbri üstündə kəsdilər”

 

 

Xocalılıların müsibəti 26 fevral günündə yaşadıqları ilə bitməmişdi. Qarlı havada günlərlə meşələrdə ac-susuz, yaralı halda qalaraq vəhşi düşmənin əlindən can qurtarmaq istəmişdilər. Lakin onların çox az qisminə bu, nəsib olmuşdu. Çoxları donmuş, bəziləri yarasındakı qanaxmadan vəfat etmiş, ya da düşmən tərəfindən aşkarlanaraq əsir götürülmüşdü. Və əsir götürülənlərin başına günlərlə olmazın müsibətlər gətirmişdilər.

Gözlərinə ömürlük həkk olunmuş insanlığa sığmayan vəhşiliklərin dəhşətli mənzərəsini, ürəklərində yara bağlamış faciəvi günlərin ağrı-acısını daşıyan əsir şahidlər sonradan ermənilərin o qandonduran əməllərindən dəhşətlə danışırdılar:

 

Səriyyə Talıbovanın gözünün qabağında 4 məshəti türkünün, 3 qonşusunun başını erməni quldurunun qəbri üstündə kəsmişdilər...

8 yaşlı Xatirə Orucovanın gözü qarşısında atasını, anasını, 6 yaşlı bacısını güllələyib qətlə yetirmişdilər. Güllə özünə də dəymişdi.

Sənan Abdullayev yaşadığı o dəhşəti məqamları belə dilə gətirmişdi: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam, atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam...”

Bunlar erməni faşizminin qurbanına çevrilmiş sadəcə bir neçə xocalılının dedikləridir. Soydaşlarımızın başına gətirilən bu cür tükürpədici faktlar minlərlədir...

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov Xocalı soyqırımı zamanı 1003 nəfəri əsirlikdən azad etməsəydi, bəlkə də bu günahsız insanların biri də erməni cəlladlarının əlindən sağ qurtula bilməyəcəkdi...

 

 

“Xocalıya ədalət!”

 

 

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi qeyd etmək lazımdır.

Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası dünya ölkələrinin erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılmasında müstəsna rol oynayır.

 

 

Qəhrəman oğullar döyüş meydanında Xocalı qatillərini məhv etdilər

 

 

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.

 

44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.

Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.

1992-ci il fevralın 26-da Xocalıda soyqırımına məruz qalan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü, xalqımızın milli azadlıq uğrunda apardığı haqq mübarizəsinin şəhidləridir. Onların əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.

 

 Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 28 fevral.- S.4.