Unudulması mümkün
olmayan Xocalı faciəsi
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, habelə hökumət üzvləri, ölkəmizdə fəaliyyətdə olan səfirliklərin, nazirlik, komitə, şirkət, idarə və təşkilatların, eləcə də ictimaiyyətin nümayəndələri, demək olar ki, bütün Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarını ehtiramla yad etdilər. Paytaxtın görməli yerində ucaldılan Xocalı faciəsi qurbanlarının “Ana harayı” kompleksinin önünə gül dəstələri qoydular, faciə qurbanlarının ruhuna dualar oxundu. Unudulması mümkün olmayan anım günü respublikamızın bütün bölgələrində dərin hüznlə qeyd edilmişdir.
200 il ərzində erməni millətçi-şovinistləri Azərbaycan xalqına qarşı davamlı olaraq etnik təmizləmə, soyqırımı həyata keçiriblər. Zaman-zaman xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Arxiv sənədləri ilə sübuta yetirilmişdir ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması, yurd yerlərinin zəbt edilməsi sovet dövründə də Ermənistan tərəfindən məqsədyönlü şəkildə davam etdirilmişdir. Əvvəlcə 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmiş, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan sonuncu 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bu azmış kimi, sovetlər ittifaqı dağılma ərəfəsində Ermənistan dövləti beynəlxalq hüquq normalarına zidd olaraq, himayədarlarına arxalanaraq Dağlıq Qarabağı özünə birləşdirmək istəyi ilə analoqu olmayan cinayət və vəhşiliklərə əl atdı. Ötən 29-30 il ərzində Dağlıq Qarabağda və respublikamızın kənd, qəsəbə və şəhərlərində, hətta ictimai nəqliyyatda belə saysız-hesabsız terror aktları törətdilər.
Dərin hüznlə xatırladığımız Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistan dövlətinin rəsmi siyasətinin nəticəsidir. Belə ki, 29 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz etmişdir. Bu zaman 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür.
Ermənilər Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində şəhər toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu. O zaman Ermənistanın prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: “Siz ermənilər, düşməni öldürərkən ürəyiyumşaqlıq göstətməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”.
Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini bir daha təsdiq edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdim”. Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə göstərirdi ki, “Adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər”. Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə belə xatırlayırdı: “Burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyitlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyitlər tökülüb qalmışdı”.
Xocalı üzərinə hücuma, insanlığa sığmayan vəhşiliklərə mayor Seyran Ohanyan (sonradan o, Ermənistanın müdafiə naziri oldu), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməniəsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişdir. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyit (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdü, meyitlərin əksəriyyətinin baş dərisi soyulmuş, burunları, qulaqları və digər orqanları kəsilmişdi.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə bu kimi vandallıqlara rəğmən xarici jurnalistə müsahibəsində demişdir: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi dağıtdıq. Məhz bu baş verdi”.
Təəssüflər olsun ki, Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq, bəzi tərəqqipərvər ölkələr bu soyqırımı hadisəsinə hüquqi qiymət versə də, bəziləri susdular və hələ də ikili mövqe nümayiş etdirirlər. Bu səbəbdən Xocalı faciəsini törədən cinayətkarlar indiyədək lazımi cəzalarını almamışlar. Halbuki cinayət baş verdiyi tarixdə Xocalı hadisəsi ABŞ-da “İlin ən böyük faciəsi “ adlandırılmış, dünyanın aparıcı KİV-i onu geniş şəkildə işıqlandırmışdır. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərmişdir. Ulu Öndər o zaman mətbuata açıqlamasında bildirmişdi: “Bu qəddar və amansız soyqırımı aktı insanlığın tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur. Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur”. O böyük şəxsiyyətin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmiş və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciətlər qəbul etmişdir. Ulu Öndər Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün ATƏT, AŞ, BMT və digər bu kimi beynəlxalq qurumlara müraciətlər, məktublar və sənədlər ünvanlayaraq Xocalı faciəsinə birmənalı yanaşmamağı, habelə məsələyə “soyqırımı” adı verilməsini tələb etmiş, dünya ölkələrini faciəyə münasibət bildirməyə çağırmışdır.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Leyla Əliyevanın təşəbbüsü ilə heç də təsadüfi olmayan bir tarixdə - 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülmüşdür. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyası kurs 17 ildir ki, Ulu Öndərin layiqli davamçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapıb. Belə ki, 13 ölkə və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı isə beynəlxalq qurum olaraq Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.
Prezident İlham Əliyev mütəmadi olaraq soyqırımı həqiqətlərini beynəlxalq kürsülərdən dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu qətiyyətli mövqeyinə görə ölkə başçısının 17 il ərzində apardığı siyasətə xalq dəstəyi hər zaman yüksək səviyyədə olub. Vətən müharibəsi dövründə güclü xalq-ordu və hakimiyyət birliyi müşahidə olundu. Hər kəs həmrəylik nümayiş etdirərək, cənab Prezidentin siyasətinə, ordumuzun səngərdəki mübarizəsinə dəstək verdi.
Bu illər ərzində biz “Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar, bu dəhşətli cinayəti törədənlərin hamısı vicdanı qarşısında cavabdehdirlər və gün gələcək ki, onlar tarix məhkəməsi qarşısında da cavab verəcəklər” dedik və bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalq olaraq bacardıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu güclü təşkilatlanmış düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Beləliklə, Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı və Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara - Koçaryana və Sarkisyana, onların himayədarlarına da dərs verdi, onların ordusunu məhv etdi. Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Koçaryan və Sarkisyan bir dəfə də olsun Dağlıq Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçıb gizləndilər.
Azərbaycana qələbə sevincini bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz Xocalı qurbanlarının, respublikamızın suverenliyi və müstəqilliyi uğrunda həlak olan digər günahsız insanların qisasını aldılar. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu
İlham
ƏIiyevə əmanət qoyub gedən Ulu Öndər Heydər
Əliyevin, şəhidlik mərtəbəsinə ucalan
bütün əsgər və zabitlərimizin, günahsız
insanların ruhu şaddır.
Rəhman SALMANLI
Azərbaycan.-2021.- 28 fevral.- S.5.