Min-min doğulacağıq!..

 

Azərbaycanda  demoqrafik  siyasətlə  sosial siyasət yanaşıdır

 

 

 

Sosial siyasətin bir hissəsi olan demoqrafik siyasət ölkəmizdə xüsusi önəm daşıyır. Demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyillərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı prosesinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və  sosial institutların məqsədyönlü fəaliyyətidir.

 

Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir.

 

Demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilmişdir. Bu sənədin əsasında ölkə  Prezidentinin 11 noyabr 2004-cü il tarixli sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq olunmuşdur.  17 il əvvəl  həyata keçirilməyə başlayan, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının da bir nailiyyəti məhz odur ki, bu gün ölkəmiz demoqrafik problemlərdən uzaqdır. Demoqrafik vəziyyət isə istənilən ölkədə sosial, iqtisadi, siyasi, ekoloji vəziyyətlə birbaşa bağlıdır. Demoqrafiya  sosial-iqtisadi vəziyyətin göstəricilərindən biridir.

 

Prezident İlham Əliyev ölkəmizdə demoqrafik vəziyyətin müsbət olduğunu dəfələrlə vurğulamışdır. Əhalinin sayının artmasını ümumi iqtisadi inkişafın təzahürü kimi dəyərləndirən dövlət başçısı, eyni zamanda, bununla bağlı qarşıda böyük vəzifələr dayandığını qeyd etmişdir. Gələcəkdə bizə yeni  məktəblərin, uşaq bağçalarının, iş yerlərinin lazım olacağını nəzərə çatdırmışdır: “Görün, müstəqillik illərində əhalimiz  nə qədər artıb. Bu, bizim gücümüzdür, gücümüzü artırır. Eyni zamanda qarşımıza vəzifələr qoyur”.

 

 

 

Xoş  gəlmisən bu dünyaya sən...

 

 

 

...Paytaxtın mərkəzi klinikalarının birinin qarşısında xeyli insan toplaşmışdı. Əllərdə gül-çiçək dəstələri, oyuncaqlardan və uşaq paltarlarından tutulmuş xonçalar vardı. Küçədən ötüb-keçənləri bu mənzərə heç də təəccübləndirmirdi. Çünki o klinikada şəhid balası dünyaya gəlmişdi. Elliklə qarşılayırdılar qəhrəmanın yadigarını. Doğmalar, aidiyyəti qurumların nümayəndələri, balacanın atasının döyüş dostları ilə bərabər burada kənar adamlar da vardı. Üzlərdə sevinclə kədər birləşmişdi...                    

 

Çox qürurlu, sevincli günlər  yaşatdı bizə Qələbəmiz! Bax, belə həyəcanlı və kövrək duyğular da... Atasının ruhu uca şəhidlik zirvəsindən boylanan körpə qundaqlarını  hamılıqla qucaqladıq, bağrımıza basdıq. Bu da birliyimizin daha bir rəmzidir. Düşmən baxıb xar olur. Yağının bağrı yarılır. Çünki artırıq, çoxalırıq! Artacağıq və çoxalacağıq! Min-min doğulacağıq! Torpaq yolunda canından keçənlərin yeri boş qalmayacaq!

 

Azərbaycanın hər yerində oğlan uşaqlarına qəhrəman şəhidlərimizin adlarının verilməsi də yeni yaranmış ibrətamiz ənənədir. İndi evlərdə neçə-neçə Polad, Mübariz, Fərid, Elşad, Orxan, Xudayar... böyüyür...

 

Yeni doğulanlardan söz düşmüşkən, Dövlət Statistika Komitəsinin son məlumatlarını nəzərə çatdıraq. Bu ilin birinci rübü ərzində Azərbaycanda 29 min 484  körpə anadan olmuş və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 təşkil etmişdir. Keçən il isə 126 min 571 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 olmuşdur. Beləliklə, ötən il ərzində ölkə əhalisinin sayı 52 min 25 nəfər və ya 0,5 faiz artaraq bu il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 119 min 133 nəfərə çatmışdır. Hazırda əhalinin sayı 10 milyon 130 min 114 nəfəri ötmüşdür. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olmuş və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilmişdir.

 

Azərbaycanda əhalinin sayı əsasən təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Ölkəmizdə son illər anadan olan uşaqların sayı həyatdan köçən insanların sayını iki dəfədən çox üstələyir.

 

Azərbaycanda təkuşaqlı ailəyə o qədər də tez-tez rast gəlinmir. Belə ki, gənc ailələrin əksəriyyətində bir qayda olaraq ən azı iki uşaq böyüyür. Üç və daha çox uşağı olan ailələr də az deyil. Bu isə iqtisadi terminlə ifadə etsək, əhalinin təkrar istehsalının təmin olunması deməkdir.

 

Qeyd edək ki, əhalinin təbii artım göstəriciləri heç də bütün ölkələrdə qənaətbəxş deyil. Bir sıra olkələrdə əhalinin sayı kənardan gələnlərin hesabına artır və   müsbət olmayan bu hal  keçmiş SSRİ məkanının bəzi yerlərində də müşahidə edilir. Həmin ölkələrdə bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunur. Fransa, Çexiya, Macarıstan, Avstriya, Danimarka kimi ölkələrdə isə  həmin istiqamətdə demoqrafik siyasət əsasən iqtisadi vasitələrdən istifadə olunmaqla həyata keçirilir ki, buraya uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s. daxildir.            

 

Lakin  təbii artımın  yüksək göstəricilərindən narahat olan ölkələr də var.  Çin, Hindistan, Banqladeş, Nigeriya və Vyetnam kimi ölkələr bu sahədə ciddi ailə planlaşdırılması siyasəti həyata keçirirlər.

 

 

 

Təbiətin yaratdığı tarazlığı pozmaq olmaz

 

 

 

Bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri  kimi doğulan uşaqların cinsi  və yaş qrupları üzrə rəqəmlərə diqqət yetirilir.  Hazırda Azərbaycanda doğulan hər 100 körpədən 53 oğlan, 47-si qızdır. Doğulanların cins strukturunda oğlan uşaqlarının artımı 1990-cı illərin əvvəllərindən müşahidə olunur.

 

Dünyaya gələn körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən  2009-cu ildə 46 faizədək azalıb. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır. Yəni hazırda anadan olan uşaqların 53 faizi oğlandır. Başqa sözlə, hazırda hər 100 doğulan qıza 115 oğlan düşür. Bioloji norma göstəricisi isə 105-107 təşkil edir.

 

Bu səbəbdən də ölkədə qadınların sayı azalır. Xatırladaq ki, İkinci Dünya müharibəsindən əvvəl Azərbaycan əhalisinin ümumi sayında kişilərin xüsusi çəkisi qadınlardan çox olsa da, sonrakı illərdə əhalinin ümumi sayında qadınlar həmişə üstünlük təşkil edib. Lakin 2003-cü ildən etibarən kisilərin sayı artmağa başlayıb. Aydın məsələdir ki, əhalinin cins strukturunun dəyişməsinin başlıca səbəbi yeni doğulanların cins nisbətinin pozulmasıdır.

 

Hazırda ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini  qadınlar təşkil edir. Çox uzağa getməyək. 2008-ci ildə qadınların sayının 51 faiz, 2012-ci ildə 50,4 faiz,  2015-ci ildə 50,2 faiz olduğunu  və indi artıq  50 faizə  çatmağa az qaldığını qeyd etsək, doğulacaq qız uşaqlarına hələ ana bətnində ikən edilən  sui-qəsdin  hansı fəsadlara gətirib çıxaracağını əvvəlcədən  görə bilərik.

 

Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi hamıya bəllidir. Bu, selektiv abortlardır. Qızların sayının süni surətdə azaldılması insanlıq baxımından böyük günah olmaqla bərabər, həm də yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların təməlini qoyur. Belə çıxır ki, Azərbaycan çətin bir sosial problemlə üzləşsə, xaricdən gəlin “idxal etməli” ola bilər.

 

Uşağın ana bətnində cinsinin müəyyənləşdirilməsinə maraq və bundan törəyən fəsadlar bir çox ölkələrdə mövcuddur. Bəzi ölkələrdə bu hal çox ciddi xarakter aldığından, dövlət məsələyə müdaxilə etməli olub.Yəni körpənin cinsinin əvvəlcədən öyrənilməsinə qadağalar qoyulub.

 

Fikrimizcə isə, məsələnin yoluna qoyulmasının ən düzgün yolu insanların özlərinin şüurunda müsbət dəyişikliklərin baş verməsidir.

 

 

 

Miqrasiyanın saldosu yenə də müsbətdir

 

 

 

 Miqrasiya əsas demoqrafik göstəricilərdən biridir və Azərbaycanda bu məsələyə də xüsusi diqqət göstərilir. Odur ki, artıq 20 ildən çoxdur miqrasiyanın  saldosu müsbət olaraq qalır.

 

Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində məlum hadisələrin Azərbaycan iqtisadiyyatına vurduğu zərbənin ağırlığı özünü, ilk növbədə, insanların güzəranında göstərmişdi. Erməni faşistlərinin bir milyon soydaşımızı yurd-yuvalarından  didərgin salması bir yana, ölkəmizin o dövrdəki rəhbərlərinin səbatsızlığı ucbatından digər şəhər    bölgələrimizdə də insanların yaşayış şəraiti kəskin şəkildə pisləşmişdi. Kortəbii miqrasiya  tüğyan edirdi. Kiçik bir kənddən  onlarca kişi iş, dolanışıq axtara-axtara yad məmləkətlərə getmişdi. Bir çoxları arvad-uşağını da özü ilə Rusiyaya, Ukraynaya, Türkiyəyə, Qazaxıstana aparmışdı.

 

Ölkədə, eyni zamanda, kənddən şəhərə axın prosesi gedirdi. Əsasən də paytaxta axın vardı. İnsanlar ailəliklə Bakıya üz tutur, amma dolanışıqları burada da yaxşı olmurdı. Belə ki, şəhərdə kiçik alverlə məşğul olur, ya da alababat bir iş tapır, nimdaş mənzil kirayələyib yaşayırdılar.

 

1990-cı illərin ikinci yarısından ölkəmiz inkişaf yoluna qədəm qoysa da, hələ    xeyli müddət miqrasiyanın saldosu mənfi oldu. Lakin 2000-ci illərin əvvəllərindən  vəziyyət tədricən yaxşılığa doğru dəyişməyə başladı. Məsələn, 2002-ci ildə Azərbaycanı tərk edənlərin (emiqrantların) sayı 4300 idisə, 2003-cü ildə xeyli azalaraq 3800 oldu. Gələnlərin (immiqrantların) sayı isə iki dəfədən çox artdı. Belə ki,  2002-ci ildə Azərbaycana daimi yaşamaq üçün 1200 nəfər gəlmişdisə, 2003-cü ildə onların sayı 2500-ə çatdı.

 

2004-cü ildən regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər sayəsində Azərbaycanın bütün bölgələrinin siması dəyişdi. Rayonlarda yeni müəssisələr istifadəyə verildi, çoxsaylı iş yerləri açıldı, sosial infrastruktur yaradıldı. Bu gün başqa ölkəyə iş axtarmağa gedənlər, demək olar ki, yoxdur. Əksinə, vaxtilə gedənlərin çoxu artıq geriyə qayıdıb. Bunu Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin məlumatlarına əsasən Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də təsdiqləyir. Məsələn, 2012-ci ildə Azərbaycanda immiqrantların sayı 2200 nəfər olub. Emiqrantların sayı isə cəmi 300 nəfər təşkil edib. Növbəti, 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı eyni məqsədlə digər ölkələrə gedənlərin sayından 4 dəfə çox olub. 2014-cü ildə Azərbaycana biryolluq 1900 nəfər gəlib və ölkəni birdəfəlik cəmi 800 nəfər tərk edib. Növbəti illərin müsbət saldosunu  göstərməklə bu  siyahını uzatmaq da mümkündür.

 

Son  rəqəmlərə  nəzər saldıqda da  bunu aydın görürük. Belə ki, ötən il daimi yaşamaq üçün Azərbaycana 1669 nəfər gələn və Azərbaycandan 568 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil edib. Cari ilin yanvar-mart ayları ərzində isə daimi yaşamaq üçün Azərbaycana 587 nəfər gələn, Azərbaycandan isə cəmi 76 nəfər gedən olub.

 

Bu da onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı,  neft sektorunda, eləcə də  qeyri-neft sektorunda artmaqda olan iqtisadi fəallıq immiqrasiya axınlarının intensivləşməsilə nəticələnmişdir. Tədricən Azərbaycan həm də əcnəbi işçilərin təyinat ölkəsinə çevrilməkdədir.

 

Hazırda əhalinin ümumi sayının 53 faizi şəhər, 47 faizi kənd sakinləridir. Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi Quba-Xaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Kəlbəcər-Laçın demişkən, tezliklə işğaldan azad olmuş bölgələrimizə Böyük Qayıdış olacaq. Bütün Azərbaycan elləri daha şən və firavan yaşayacaq.

 

 

 

Ölüm  sevinməsin  qoy...

 

 

 

Yeddi il bundan əvvəl Prezident İlham Əliyev çıxışlarının birində   ölkəmizdə demoqrafik vəziyyətin yaxşı olduğunu yenə də vurğulamış və demişdir: “Azərbaycan əhalisi  artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq”. Uzaqgörən Prezidentimizin bu sözləri də həyatda öz təsdiqini tapdı. Vaxtı, məqamı gələndə 10 milyonluq xalq öz rəhbəri ətrafında sıx birləşərək dəmir yumruğa döndü. İgid oğullar isə “Vətən!” deyərək düşmənlə savaşa atıldılar. Bəlkə də heç bir müharibədə görünməmiş hal idi ki, bircə nəfər belə, naxələf çıxan, fərarilik edən olmadı. Təbii ki, şəhidlərimizin sayı 2020-ci ilin ölüm statistikasında öz əksini tapdı. Ancaq mərdlər Vətən yolunda ölümü özləri üçün şərafət və səadət sanarlar... 

 

Koronavirus  pandemiyası da bizi az sınağa çəkmədi. Dövlətin həyata keçirdiyi  ardıcil tədbirlər xalqımıza bu bəladan  minimum itkilərlə çıxmağa  imkan verdi. Lakin  təəssüf ki, dünyanı bürüyən  müdhiş virus ölkəmizdə də neçə-neçə insan həyatına son qoydu.

 

Beləliklə, ötən il Azərbaycanda 75 min 647 ölüm halı qeydə alındı və əhalinin hər 1000 nəfərinə ölümün səviyyəsi 7,6 təşkil etdi. Bu ilin birinci rübündə isə ölkədə 19 min 14 nəfər dünyasını dəyişib, hər 1000 nəfərə ölüm səviyyəsi əmsalı 7,7 olub.

 

Məlum səbəblərdən baş verən son göstəriciləri çıxmaq şərti ilə, artıq neçə illərdir Azərbaycanda  ölümün səviyyəsi azalır, yaxud eyni səviyyədə qalır və bu, bir sıra səbəblərdən irəli gəlir.

 

Prezident İlham Əliyev “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də son illərdə ölkədə ölüm hallarının azalmasıdır. Elə buradaca bir daha vurğulayaq ki, Azərbaycanda doğulanların sayı dünyasını dəyişənlərin sayından 2 dəfə çoxdur.

 

Ölkədə ölümün səviyyəsi ötən əsrin 90-cı illərinin birinci yarısında ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində artsa da, atəşkəs əldə olunduqdan sonra azalaraq sabitləşib. Belə ki, əhalinin hər 1000 nəfəri hesabı ilə ölənlərin sayı 1990-cı ildəki 6,1-dən 1995-ci ildə 6,7-yə qədər artıb, sonrakı illərdə   azalaraq 2013-cü ildə 5,8 olub. 2019-cu ildə isə hər 1000 nəfərə hesabı ilə ölüm səviyyəsi əmsalı bundan da aşağı - 5,6 olub.

 

Ölümün səviyyəsinin aşağı düşməsinin, yaxud sabit qalmasının   səbəblərindən  biri əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.

 

Lakin bu dünya gəlimli-gedimlidir. Necə deyərlər, bir gün doğulan bir gün də dünyadan köçür. Bəs ölkəmizdə ölümə əsasən hansı hallar səbəb olur? Diqqət yetirdikdə görürük ki, ən çox tənəffüs, əsəb və qan dövranı sistemlərinin, həzm orqanlarının xəstəlikləri, yeni törəmələr, eləcə də yoluxucu və parazitar xəstəliklər qeydə alınır. Xatırladaq ki, dünyanın bir çox ölkələrində üstünlük təşkil edən də təxminən bu xəstəliklərdir.

 

Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkindən yenidən qurulub.

 

Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Dövlət başçısının tapşırığı ilə hər il bütün əhalinin aylıq tibbi müayinələri keçirilir.Pandemiya başlayandan ölkə əhalisinin  bu virusdan qorunması və müalicə olunması üçün görülən ardıcıl tədbirlərin isə şərhə ehtiyacı yoxdur. Dövlət başçısının bu barədə fikrini xatırlatmaq kifayətdir: “Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.

 

Müsbət hallardan biri də ana və uşaq ölümünün azalmasıdır. Bunu təsdiqləyən faktlar sırasında bir yaşadək uşaq ölümünün statistikası dayanır. 2019-cu ildə doğulan hər 10 min körpə hesabı ilə bu rəqəm 110,3 olub. Həmin vaxtdan 10 il əvvəl - 2009-cu ildə 113,3 və bundan da 10 il qabaq - 1999-cu ildə 165,3 idi.     

 

Ölkədə anaların və uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərindən olduğunu göstərən “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə” dövlət proqramları qəbul edilib. Bu sənədlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

 

Uşaqların sağlamlığından, uşaq ölümünün azalmasından söz düşərkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bunlar “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara yardım” layihələri, müxtəlif xəstəliklərdən əziyyət çəkən, eləcə də daun sindromlu körpələrə göstərilən qayğıları əhatə edir.

 

Ölüm hallarının azalmasına əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, yol-nəqliyyat hadisələrinin azalması, insanlar  üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.

 

Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Kiminsə dərdinə şərik çıxmaq, ən çətin məqamlarda ona lazım olan dəstəyi göstərmək insanı stressdən, dərd-qəm çəkməkdən, xəstələnməkdən qoruyan şərtlərdir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək isə xalqımızın övladlarına məxsus ən ümdə xüsusiyyətlərdir.

 

Ağsaqqala, ağbirçəyə qayğı göstərmək Azərbaycan ailəsinin mənəvi dəyərlərindəndir. Bizlər yaşa dolmuş doğmalarımıza qayğı göstərməyi təkcə borc saymırıq, həm də bundan məmnunluq duyur, zövq alırıq.  Belə dəyərlərə bəlkə də dünyanın başqa bir ölkəsində, başqa bir xalqın övladlarında rast gəlmək çətindir. Bunlar insanı qoruyan, onun ömrünü uzadan mənəvi dəyərlər - mühüm amillərdir.

 

Bütün bu maddi və mənəvi dəyərlərdən, Azərbaycan dövlətinin öz vətəndaşı üçün yaratdığı şəraitdən hər birimiz lazımınca bəhrələnsək, əlbəttə ki, ölkəmizdə ölümün səviyyəsi bir az da aşağı düşər.

 

 

 

Boşanmalar azalıb!

 

 

 

Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! Keçən il ölkədə 14 min 628  boşanma  qeydə alınıb. Ondan əvvəlki  2019-cu ildə boşanmaların sayı 17 min 148 idi.  Deməli,  bir il ərzində azalma  2520  boşanmadan ibarətdir. Hər 1000 nəfərə hesabı ilə boşanmanın əmsalı da 1,7-dən 1,5-ə düşüb. Müsbət haldır ki, bu ilin ilk üç ayında da boşanmalar keçən ilin eyni dövrünə nisbətən azalıb. Əgər 2020-ci ilin birinci rübündə onların sayı 3823 idisə, 2021-ci ilin eyni vaxtında azalaraq  3704-ə enib. 

 

Artıq koronavirus da geri çəkilməyə başlayıb. Operativ Qərargah müəyyən şərtlərlə toy məclislərinin keçirilməsinə icazə verib. Valideynlər intizardan qurtarıb  tezliklə  övladlarına toy çaldıracaqlar. Nişanlılar bir-birinə qovuşacaq. Yeni ailələr qurulacaq, evlərdən neçə-neçə körpənin səsi gələcək. Biz həmişə olacağıq, artacağıq!

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 1 iyul.- S.1;6.