Azərbaycanın fövqəladə
hallar naziri Kubanın
ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Kuba Respublikasının ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə yeni növ
koronavirusla (COVID-19) mübarizə tədbirləri
çərçivəsində ölkəmizdə fəaliyyət
göstərən kubalı həkim briqadasının rəhbəri
Dalsi Torres Avila da iştirak
edib.
Nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə davamlı inkişaf etdiyini bildirib. Bu çərçivədə ölkələrimizin aidiyyəti qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışan Kəmaləddin Heydərov bunun üçün böyük imkanların olduğunu bildirib, gələcəkdə kubalı gənclərin müasir standartlar səviyyəsində fəaliyyət göstərən FHN-in Akademiyasında təhsil almaq imkanlarını xüsusi vurğulayıb. Respublikamızda yeni növ koronavirusa qarşı ölkə rəhbərliyinin nəzarəti altında uğurlu mübarizə tədbirləri barədə məlumat verən Kəmaləddin Heydərov bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında dəvət olunmuş kubalı həkimlərin səmərəli fəaliyyətini qeyd edib.
Səfir Alfredo Nieves Portuondo səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycan ilə Kuba arasında əməkdaşlığın yüksələn xətlə inkişafını qeyd edib. Diplomat fövqəladə halların idarə olunması sahəsində iki ölkənin müvafiq qurumlarının əməkdaşlıq imkanlarından danışıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə edilib.
Azərbaycan.-2021.- 1 iyul.- S.5.