Təkcə təbiət üçün deyil, özümüz üçün də faydalı qadağa

 

Bu gündən Azərbaycanda plastik qabların istehsalına və satışına icazə verilmir

 

 

 

Plastik qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanlardan istifadə son onilliklərin trendidir. Bu əşyalar məişətimizə təxminən 20-30 il əvvəl daxil olmağa başlayıb. Ona qədər isə bunların yerini ekoloji baxımdan daha sağlam olan qablar tuturdu.

Məsələn, sovet dövründə küçələrdəki avtomat köşklərdə su plastik qablarda deyil, şüşə qablarda təqdim edilərdi. Bazarlıq üçün istifadə edilən torbalar da polietilen olmazdı, həsir zənbillər, kağız və ya parça torbalar götürülərdi. Vitrinlərə düzülmüş ərzaq malları  alıcılara yalnız kağız torbalarda təqdim edilər, plastik qablarda qablaşdırılmış məhsullara rast gəlinməzdi. Restoranlardan yeməklər plastik qablarda deyil, əsl çini, şüşə qablarda təqdim edilərdi.

İlk baxışdan məişət həyatımıza daxil olan bu dəyişikliklər çox adi və səmərəli görünür. “İstifadə etdiyimiz birdəfəlik qablar daha gigiyenikdir, bir dəfə istifadə edildikdən sonra atılır, bunun nəyi pisdir ki?” deyənlər də var. Amma ilk baxışdan dərinliyinə varmadığımız əsl problembundan sonra başlayır...

Torpağa qatılan polietilen tullantılar orada təbii yolla çürüyüb parçalana bilmədiyi üçün uzun müddət tullantı kimi qalır, uzun illər ərzində çürümürsonda ətraf mühiti çirkləndirir. Tullantıların ildən-ilə artması hesabına torpaq qatı, su hövzələri getdikcə daha çox çirklənməyə məruz qalır. Bundan əlavə, Günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr atmosferə çirkləndirici təsir göstərir.

Qablaşdırma məmulatlarının ekologiya ilə yanaşı, qida məhsullarının keyfiyyətinə də mənfi təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət bilavasitə təmasda olduğu üçün onlardan qidanın tərkibinə zərərli maddələrin keçidi baş verir. Zərərli maddələrin qidaya keçid sürəti onun temperaturundan asılı olaraq dəyişir. Qidanın temperaturu artdıqca toksiki maddələrin təsiri daha da sürətlənir. İsti yay günlərində isə bu sürət daha da artır.

Elmi araşdırmalar nəticəsində sintetik xammaldan istifadə etməklə hazırlanan qablaşdırma məhsullarından qidaya toksiki maddələrin keçdiyi öz təsdiqini tapıb. Məlum olub ki, qablaşdırma materiallarından qidanın tərkibinə keçən maddələr ftalatlar, “Bisfenol A”, vinilxlorid, formaldehid, ağır metallar və sairədir. Bu maddələrin hətta çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, “Bisfenol A”, ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına gətirib çıxarır.

Bütün bu zərərli təsirlərə baxmayaraq, plastik qablaşdırma vasitələrinin istehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilə bilməsi onların sürətlə yayılmasına yol açır. Hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İqtisadiyyatın inkişaf tempinin nəticəsi olaraq bu gün təbiətə zərər verən tullantıların ən böyük hissəsi də məhz plastik kütlələrin payına düşür. Bu səbəbdən tullantıların düzgün idarə edilməsi, zərərli atılmaların tədricən azaldılaraq dayandırılması dünya ölkələri üçün ən vacib məsələlərdəndir.

Artıq plastik məmulatlardan tədricən imtina prosesinə başlanılıb. Avropa ölkələrində bu ildən etibarən birdəfəlik plastik əşyalardan istifadənin tam qadağan edilməsi qarşıya hədəf qoyulub. Dünyanın 40-dan çox ölkəsində isə plastik məhsulların istifadəsi tam məhdudlaşdırılıb.

Azərbaycanda da plastik məhsulların istifadəsi ilə bağlı artıq müəyyən tədbirlərin həyata keçirilməsinə başlanılıb. “Ətraf mühitin mühafizəsi haqqında” qanuna ötən il edilən dəyişiklik əsasında bu il yanvarın 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istehsalına və satışına qadağa qoyulub. Qanundakı digər qadağa isə iyulun 1-dən qüvvəyə minir. Bu gündən etibərən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına, istehsalına, onların ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya xidmət zamanı istifadəsinə icazə verilmir.

Qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanmış müvafiq Tədbirlər Planına uyğun olaraq, nəzarət tədbirlərinin həyata keçirilməsi təmin ediləcək. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, birdəfəlik qabların, polietilen torbaların  satışının, istehsalının qadağan edilməsi dünyada ekologiyanın qorunması üçün tətbiq olunan ən yaxşı təcrübədir: “Bir çox dünya ölkələri ekologiyanı qorumaq üçün polietilen torbaların, birdəfəlik plastik qabların istehsalının, satışının qadağan olunması və ya məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik ediblər. Azərbaycanda da artıq belə bir qanunvericlik bazası yaradılıb ki, bu da, ilk növbədə, ekologiyanın, təbiətin, insan sağlamlığının qorunmasına xidmət edir”.

Musa Quliyev bu qadağanın tətbiqinin bazara ciddi təsirinin olmayacağı qənaətindədir. Onun sözlərinə görə, bazarda birdəfəlik qabların yerini tuta biləcək alternativ məhsullar var: Bu qadağanın tətbiqi ilə əlaqədar ilkin dövrdə bazarda hər hansı boşluğun müşahidə ediləcəyi qənaətində deyiləm. Çünki qanundakı bu qadağalar qüvvəyə minənədək istehsalçılara buna hazırlıq üçün kifayət qədər vaxt verilmişdi. Artıq xeyli müddətdir ki, həm istehsalçılar, həm də istehlakçılar bu qadağanın tətbiq ediləcəyini bilirdilər. Bundan sonra plastik qab istehsal edənlər ekoloji baxımdan təmiz olan başqa məhsulların istehsalına üstünlük verəcəklər. Vətəndaşlarımız artıq plastik qabların alternativlərinin nə olacağını öyrəniblər. İstehlakçılar polietilen torbaların əvəzinə bazar zənbillərindən istifadə etməklə iqtisadi cəhətdən büdcələrini qorumuş olacaqlar. Digər tərəfdən, həm polietilen torbalardan, həm də birdəfəlik qablardan istifadə insanların sağlamlığının qorunması üçün xeyirdir. Bu qadağanın tətbiqinin insan sağlamlığına da müsbət təsiri var. Birdəlik plastik qablar çox zaman isti şəraitdə, isti qidaların qablaşdırılması zamanı  istifadə edilirdi. Bu da orqanizmə mənfi, hətta zəhərləyici təsir göstərirdi. Belə qabların əvəzinə daha təhlükəsiz qablar istifadə ediləcək. Bu keçid bir çox dünya ölkələri üçün yeni olmasa da, Azərbaycan üçün yenidir. Gərəkdir ki, vətəndaşlarımız bu yeniliyin mahiyyətini öyrənsinlər və onu tətbiq etsinlər”.

Dünya ölkələrinin təbiətə vurulan zərərin qarşısını almaqinsan sağlamlığının qorunması məqsədilə plastik qablaşdırma məmulatlarının istehsalı və satışından imtina təcrübəsinin Azərbaycanda da tətbiqi təqdirəlayiqdir. Ümid edirik ki, həm Azərbaycan istehsalçısı, həm də istehlakçısı bu qərara anlayışla yanaşaraq, onun müsbət tərəflərini dəyərləndirəcək, təbii xammaldan - şüşə, keramika, kağız və s. hazırlanmış qablardan istifadə etməklə ölkəmizdə plastik tullantıların məhdudlaşdırılmasına töhfə verəcəklər.

Hər birimiz həm özümüzün, həm də təbiətin qeydinə qalaraq, polietilen torbalar əvəzinə parça, kağız torbalar və həsir çantalardan, birdəfəlik plastik qabların əvəzinə isə kağız, şüşə, metal alternativlərdən istifadə edə bilərik. Bunun sonda yalnız ətraf mühitin deyil, bizim də sağlamlığımızın qorunmasına müsbət təsiri olacaq.

 

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 1 iyul.- S.6.