Ələt
Azad İqtisadi Zonasının yaradılması uğurumuzun
növbəti addıımı olacaq
İlham
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad
İqtisadi Zonasının təməlqoyma mərasimində
iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoydu.
X X X
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.
Müxbir:
Salam cənab Prezident, xoş gördük Sizi. Cənab
Prezident, bu gün təməli qoyulan Ələt Azad
İqtisadi Zonasının yaradılması ideyası necə
yaranıb?
Prezident
İlham Əliyev: Bu zonanın yaradılması
ideyasının təməlində bizim siyasətimiz
dayanır. Xüsusilə son illər qeyri-neft
sektorunun inkişafı ilə əlaqədar görülən
işlər bu zonanın yaradılmasına təkan
vermişdir. Biz gördük ki, qeyri-neft
sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir,
yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna
sərmayə qoymağa meyillidirlər. Ona
görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın
qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun
inkişafına xidmət göstərəcəkdir. Eyni
zamanda, burada yaradılacaq infrastruktur investorlar
üçün cəlbedici olacaq, ölkəmizə yeni
texnologiyalar gələcək, yeni iş yerləri
yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının
əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli
məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun
ixrac imkanları genişlənəcək. Çünki
bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik
ki, neft sektoru artıq üstünlük təşkil etmir.
Ancaq ixraca baxdıqda görərik ki,
ixracımızın mütləq əksəriyyəti neft-qaz
məhsulları ilə təmin edilir. Ona
görə bax, burada da islahatların aparılması və
xarici investorların xüsusilə sənaye sahəsinə cəlb
edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə
olunurdu. Ancaq bu layihənin
reallaşdırılması üçün vaxt
düzgün seçilməli idi, biz buna hazır olmalı
idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.
-Cənab
Prezident, Ələt Azad İqtisadi Zonasının
yaradılması ilə bağlı hansı addımlar
atılıb?
-İlk növbədə, biz təşkilati işləri
görməli və elə bir şərait yaratmalı idik ki,
investorları cəlb edə bilək. Aydın məsələdir
ki, Azərbaycan açıq dənizlərə çıxışı
olmayan ölkələrdəndir və belə ölkələrdə
azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti
olan ölkələrdə bu zonalar çox böyük
uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə
görə. Ona görə bizə gəldikdə,
bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli
işləməli idik və investorlar üçün daha da
cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində
işlər görülməli idi və mən 2017-ci ildə
Ələt Azad İqtisadi Zonasının
yaradılmasının sürətləndirilməsinə dair
müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul
edildi. Bu, həm dövlət
maraqlarımızı, həm investorların maraqlarını
tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki
əgər qanunvericilikdə investorlar üçün
hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə
ki, onları buraya cəlb etmək mümkün olmazdı.
Xüsusilə nəzərə alsaq ki, son illərdə
dünyada cərəyan edən iqtisadi və maliyyə
böhranı investisiyaların həcmini də azaldıb.
Əlbəttə ki, pandemiya da dünya
iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə
ki, həm böyük cəsarət tələb edir, həm də
bizim inamımıza əsaslanır. Ona
görə hesab edirəm ki, qanunvericilik sahəsində
görülən işlər həm investorların, həm də
Azərbaycan dövlətinin maraqlarını tam təmin edir.
Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə
başlanılmışdır. Bu 850
hektarlıq ərazi ayrılmış, Ələt Azad
İqtisadi Zonasının konsepsiyasının işlənməsinə
start verilmiş, işçi qrup yaradılmış və
artıq işlər praktik müstəviyə
keçmişdir.
Təbii ki, pandemiya işimizə müdaxilə etdi və
bizim planlarımızı bir qədər təxirə
saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də
bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin
keçirilməsi artıq onu göstərir ki, biz buna tam
hazırıq. Bundan sonra isə artıq praktiki işlərin
başlanmasına start verilir və əminəm ki, bu işlər
də vaxtında başa çatacaq.
-Cənab
Prezident, Azad İqtisadi Zona niyə məhz Ələtdə
yaradılır?
-İlk növbədə, Ələt qəsəbəsinin
ərazisində böyük boş torpaq sahələri var və
bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd
təsərrüfatı üçün yararsız
torpaqlardır.
Digər tərəfdən, Ələt qəsəbəsi
Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası
üçün artıq bütün ilkin şərtlər
vardır. Səngəçalda 300 meqavat gücündə
elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə
qoyulan xərclər də nisbətən az
olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir.
Bu da iqtisadi zonanın fəaliyyəti
üçün önəmli amillərdən biridir.
Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də
çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən
buna əminəm, - bu bölgənin inkişaf dinamikası
ümumi inkişafımıza da böyük müsbət təsir
göstərəcək. Bax, bu amillər
bu yerin seçilməsində əsas rol oynamışdır.
Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz
də keçir. Şərq-Qərb dəhlizi,
Şimal-Cənub dəhlizi Ələtin ərazisindən
keçir. Ona görə logistika, nəqliyyat
baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər
üçün seçilmişdir.
-Cənab
Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə
cəlb edəcək və onlar nəyə görə məhz
buraya sərmayə qoyacaqlar?
-Biz də
bu sualı özümüzə verirdik və ona görə
bu zonanın yaradılması ilə bağlı görülən
işlər məhz bu suala cavab verməli idi. Çünki
bu gün dünyanın müxtəlif ölkələrində
azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə
bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir.
Açıq dənizlərə
çıxışı olmayan ölkələrdə azad
iqtisadi zonaların yaradılması təcrübəsi o qədər
də uğurlu deyil. Biz uğurlu və
uğursuz təcrübəni öyrənmişik, təhlil
aparmışıq. Hesab edirik bu gün Azərbaycanda
bütün ilkin şərtlər var ki, investorları məhz
bu zonaya cəlb edək. Hesab edirəm ki,
ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir-
dənizin kənarında, dəniz limanının
böyründə yerləşir, kifayət qədər
böyük ərazidir. İlkin mərhələdə
artıq 60 hektarlıq yer inkişaf üçün
hazırdır. Amma, ümumiyyətlə,
850 hektar torpaq sahəsi ayrılıb. Bu
torpaq sahəsinə bitişik olan torpaq sahələri də
artıq müəyyən edilib ki, orada hər hansı bir
tikinti aparılmasın, bu, gələcək inkişaf
üçün lazımdır.
Azərbaycanda çox gözəl sərmayə iqlimi
vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası
zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə
aparılan islahatlar nəticəsində çox gözəl
investisiya iqlimi yaradılmışdır. Təsadüfi
deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan
190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir.
Biz bir çox inkişaf etmiş ölkələri
bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb
etmək üçün əlbəttə ki, əsas şərtlərdən
biridir.
Digər vacib məsələ, - nə üçün
biz hesab edirik ki, investorlar gələcək, - müasir
infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son
illər ərzində ardıcıl şəkildə
yaratmışıq. Bu gün yenə də
beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik
ki, bu sahədə də böyük uğurlar əldə
etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə,
Dünya Bankının “Doing Business” hesabatına baxırlar,
eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə
baxırlar. Hər iki yerdə bizim
üstünlüyümüz göz qabağındadır.
İnfrastruktur layihələrinin səviyyəsinə
görə, baxın, Azərbaycan hansı yerlərə layiq
görülüb. Elektrik təchizatı
sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya
miqyasında ikinci yerdədir. Təsəvvür
edin, dünya miqyasında ikinci yerdə. Dəmir
yolu xidmətlərinin səmərəliliyinə görə
11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə
görə 12-ci yerdə. Avtomobil
yollarının keyfiyyətinə görə 24-27-ci yerləri
bölüşür. Xəzər gəmiçiliyi
gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir.
Bütün bunlar bizim əldə etdiyimiz
böyük uğurlardır. Bu uğurlar
bu gün ölkəmizin dinamik inkişafını təmin
edir. Çünki əsas infrastruktur layihələri
artıq ya başa çatıb, ya da başa çatmaq
üzrədir. İnvestorlar
üçün bunlar çox önəmli şərtlərdir
- investisiya iqlimi, infrastruktur layihələri.
Həmçinin son illər ərzində Azərbaycanda
çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə
xüsusi diqqət göstərilir. Biz dövlət xətti
ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana
qayıdıb və müxtəlif yerlərdə
çalışır. Neft
konsorsiumlarında çalışan azərbaycanlılar
artıq bizim intellektual potensialımızın
inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.
Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan
dünyanın bəlkə də ən təhlükəsiz
ölkələrindən biridir. İnvestorlar
üçün bu amil də çox önəmlidir.
Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.
Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək.
- Cənab Prezident, sonuncu sualım, Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq?
- Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq.
O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi
həm ölkə daxilində, həm də xaricdə müxtəlif
tədbirlər keçirəcək. Təqdimatlar
keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar
qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın
nümayəndələri müxtəlif ölkələrə
ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət
ediləcək. Bununla bərabər, mən indi bizim
bütün xarici ölkələrdəki səfirliklərə
göstəriş verirəm ki, öz təmasları əsnasında
bu zonanın yaradılması ilə bağlı potensial
investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə
hökumətlərarası komissiyalarımız var. Bu
komissiyaların rəhbərlərinə də
tapşırıram ki, komissiyaların iclaslarının
keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri
mütləq təmsil olunsunlar və bu mövzu mütləq
gündəliyə salınsın. Bir daha demək istəyirəm,
çünki bizim bir çox ölkələrlə belə
komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil
edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda
daha çox podratçı kimi fəaliyyətə cəhd
göstərirlər. Yəni, Azərbaycanda daha çox pul
qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz
etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara
xarici podratçıları, kontraktorları cəlb edirik.
Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə
qoysunlar. Çünki dövlət sərmayəsi artıq
öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini
icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi
böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da
böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq
biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar
olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə
bilməz. Ona görə, başqa ölkələrlə
hökumətlərarası komissiyaların işi də, ilk
növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir.
Hesab edirəm ki, məhz
bu zona potensial investorlar üçün cəlbedici ola bilər.
Beləliklə, bir ildən sonra - gələn ilin iyul
ayında zona investorları qəbul etməyə hazır
olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada
göstərilən mənzərə həyatda öz əksini
tapacaq. Çünki bu günə qədər
bütün təşəbbüslərimiz, bütün
planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o,
reallığa çevrilməsin. Ən
çətin layihələr, transmilli layihələr,
çox çətin geosiyasi vəziyyətdə həyata
keçirdiyimiz layihələr uğurla başa
çatıb. Bunları sadalamağa
ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir.
Ona görə, bu zonanın yaradılması, əminəm
ki, uğurumuzun növbəti addımı olacaqdır.
- Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün çox sağ olun. Minnətdarıq Sizə.
- Sağ olun.
Azərbaycan.-2021.- 2 iyul.- S.1-2.