Vətən onu sevənlərindir

 

 

Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçılarından biri də Şəmkir rayon Təzəkənd kəndinin yetirməsi Kamal Füzuli oğlu Süleymanovdur. O, 2002-ci il iyun ayının 18-də anadan olub. Orta təhsilini kənddəki S.Vurğun adına Təzəkənd orta məktəbində alıb. 2020-ci il iyul ayının əvvəllərində Vətənə borcunu yerinə yetirmək üçün Milli Ordu sıralarına çağırılıb.

 

Ötən ilin sentyabrında ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan işğalçı qüvvələrinə qarşı Vətən müharibəsi başlayanda Kamal dörd ay idi Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə qulluq edirdi. Müharibə xəbərini eşidəndə o,  çoxdan bəri ürəyində gəzdirdiyi - erməni quldurlarından qisas almaq məqamının yetişdiyinə sevindi. Dərhal bölük komandirinə yaxınlaşıb - komandir, döyüş bölgəsinə - ön cəbhəyə göndərilmək üçün seçim olsa, birinci məni nəzərdə tutun deyib, özünü ermənilərlə üzbəüz döyüşdə görmək istədi...

 

Kamalın bu istəyi özündən xəbərsiz gündəmə gəldi. Artıq iki gündən sonra o, Xocavənd rayonunun Domi kəndində əsgər yoldaşları ilə hücum əmrini gözləyirdi.

 

Domidən başlayan döyüş yolu Dağdöşü, Qoçbəyli, Bulutan, Kiş, Köhnə Tağlar, Qarqar, Ağcakənd, Quşçular, nəhayət, Tuğ kəndindən keçmişdir. Bu kəndlərin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə onun qorxmazlıq göstərdiyi anlar çoxdur. Ancaq Kamal göstərdiyi şücaətlərin hər birində bölük yoldaşlarının əvəzsiz xidməti olduğunu bildirirheç vaxt unuda bilmədiyi bir epizodu dilə gətirərək deyirdi: “Gecə yarıdan sonra Xırmançay yaxınlığında beş nəfərlə erməni tərəfə kəşfiyyata getmişdik. Bizdən sağda, xeyli aralıda mina partlayışı nəticəsində qonşu alaydan olan Azərbaycan əsgərlərinin itki verdiyini hiss etdik, nəticədə erməni quldurlarının mühasirəsinə düşdük. İki gün ermənilərdən xəbərsiz onlarla eyni dərəni bölüşdük. Komandirin tapşırığına əsasən yolumuzun üstündə keşikdə olan erməni quldurunu çətinliklə də olsa, səsi çıxmadan məhv etdik. Beləliklə, mən və yoldaşlarım komandir Adil Bəşirovun səyi nəticəsində mühasirədən itkisiz çıxa bildik”.

 

Xocavənd erməni işğalçılarından azad edildikdən sonra komandanlığın əmri ilə Kamalın üzv olduğu alay Ağdama doğru istiqamət götürür. 1993-cü il iyunun 23-dən 85 faizi ermənilər tərəfindən işğal olunun rayonun ətraf ərazilərində mövqe tuturlar. Kamal Süleymanov kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə Sarıcalı və Gülablı kəndlərinin ətrafındakı erməni səngərlərinə tək gedib, amma əli-qolu bağlı terrorçu erməni silahlısı ilə cüt qayıdır. O, Silahlı Qüvvələrin  Ali Baş Komandanı tərəfindən Azərbaycan əsgərinin qarşısına qoyulan məqsədə nail olmaq üçün neçə-neçə döyüş və kəşfiyyat əməliyyatlarının əsas iştirakçılarından olur. Kamalın çevikliyinin, bəlkə də Tanrının qismətidir ki, onun və əsgər yoldaşlarının kəşfiyyat, həmçinin döyüş əməliyyatları həmişə uğurla nəticələnir.

 

Kamal qürur hissi ilə bildirir ki, 44 günlük müharibə dövründə bizim bölükdən ölüm-itim olmadı. Əlbəttə, yaralanan, xəstəxanaya düşən var idi, elə məqamlar oldu ki, yaralı əsgər yoldaşımı kilometrlərlə çiynimdə özümlə apardım. Bölüyümüzdən olan yaralıların köməksiz qalmasına, əsir düşməsinə imkan vermədik...  

 

Bütün bu şücaətlər, genişliyi ilə bələd olmadıqları dağ və ərazilərdə terrorçu  erməni qoşun birləşmələri üzərində qazanılan hər qələbə Kamalın və onun döyüş yoldaşlarının vətənə olan sevgisi sayəsində başa gəlirdi. Silaha sarılan o igidlərimizin bir məqsədi var idi: ancaq irəli getmək, təpədən-dırnağadək silahlanmış terrorçu erməni silahlılarını torpaqlarımızdan qovmaq, Qarabağı işğalçılardan azad etmək. Sıravi əsgər Kamal Süleymanov bu sıradan olan hərbi tapşırıqları ləyaqətlə yerinə yetirdiyinə görə qulluq etdiyi  hərbi hissənin rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlara layiq görülüb. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, habelə Ali Baş Komandanın 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olumasına görə” medalı ilə təltif edilmişdir.

 

Kamal Süleymanov o günlərdə yaşadığı duyğu dolu anları əsgər yoldaşları,  dostları və ailə üzvləri ilə bölüşəndə Zəfərə gedən yolun iştirakçısı və Müzəffər Azərbaycan Ordusunun sıralarında olması ilə fəxr edir. Döyüş yoldaşlarını, bu torpaq uğrunda canından keçən şəhidlərin igidliyini fəxarətlə anır. Onların vətənpərvərliyi haqqında qürurla danışır.

 

Vətən müharibəsi iştirakçısı Kamal Süleymanovla söhbətimizdən o da aydın oldu ki, Böyük Qələbə xəbərinin sevincini hər biri fərqli, amma oxşar duyğular içərisində dadıblar. Kamal Qələbə xəbərini döyüşə hazırlaşdıqları məqamda aldıqlarını deyir: “Noyabrın 9-u gecə döyüş hazırlığı aparıldı, xəbər gəldi ki, düşmən təslim oldu”.

 

Bu təslimiyyət uğurlu və qətiyyətli siyasətin, rəşadətli ordunun, yumruq kimi birləşmiş xalqın ümumi qələbəsi idi. Artıq bütün dünya, nəhayət, nankor ermənilər də dərk etdilər ki, Qarabağ Azərbaycandır! Vətən onu sevənlərindir!

 

Qalib ordunun qalib əsgəri Kamal Süleymanov digər silahdaşları ilə  birgə bu gün də xidmətini davam etdirir.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 2 iyul.- S.7.