Zaman Azərbaycanın xeyrinə işləyir

 

 

200 ildən artıq bir dövrdür ki, erməni millətçiləri xarici havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürərək xalqımıza qarşı soyqırımı, deportasiya, terror aktları həyata keçiriblər. XX əsrdə dəfələrlə azərbaycanlılara qarşı törədilmiş həmin fəlakətlər erməni vandalizminin nümunəsidir.

1918-ci ilin mayında İrəvan xanlığının ərazisində ermənilərə dövlət qurulması, 1923-cü ilin iyulunda İrandan və Osmanlıdan Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayətinin  yaradılması, sovet hakimiyyətinin ilk illərində Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan, Türkiyənin isə türk dünyasından ayrılması Ermənistanın məkrli siyasətinin əsas göstəriciləridir. Nəhayət, 1988-ci ilin əvvəllərində ermənilərin separatçı və terrorçu çıxışlarının silahlı münaqişəyə çevrilməsi iki ölkə arasında müharibənin başlanmasına səbəb oldu. 1991-1994-cü illərdə Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağonun ətrafındakı 7 rayon işğal edildi. Bununla da 30 ilə yaxın müddətdə Azərbaycan əraziləri işğalda saxlanılmaqla xalqımızın tarixi və mədəni irsi məhv edildi, saxtalaşdırıldı və ya qarət edildi, ərazilərimiz əsl barbarlığa məruz qaldı. Ermənilər bütün beynəlxalq prinsipləri və normaları pozaraq işğal etdikləri ərazilərimizdə görünməmiş ağır cinayətlər, vəhşiliklər törətdilər.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev 17 illik rəhbərlik dövründə Azərbaycanın iqtisadi inkişafına nail oldu,  yaranan imkanlar hesabına ölkənin hərbi qüdrətini artırdı, diplomatik sahədə apardığı düşünülmüş siyasət, ölkədə yaratdığı xalq-dövlət birliyi sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalqımız 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı ilə Ermənistan ordusunu darmadağın etdi. Sonda təcavüzkar Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bütün bu illər ərzində Ermənistanın niyyəti münaqişənin dondurulması olub, onun həllini istəməyib. İşğal etdikləri ərazilərimizdə milyonlarla dollar vəsaitlə nəhəng istehkamlar, müdafiə xətləri tikməklə Azərbaycana məxsus tarixi torpaqları həmişəlik işğalda saxlamaq məqsədi güdülüb. Ərazilərimizi azad etdikdən sonra gördüklərimizdən aydın olur ki, münaqişənin həll olunmaması üçün nə lazımdırsa ediblər. Bu, rəsmi İrəvanın cinayətkarlığının sübutudur.

Birinci Qarabağ müharibəsində ağır cinayətlər törədən Ermənistanın  vandalizm və barbarlıq siyasəti o dövrün informasiya mühitinin fərqli olması səbəbindən sənədləşdirilməyib, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onların o vaxtlar törətdikləri müharibə cinayətləri gizlədilib.

Ancaq  bu gün vəziyyət başqadır. Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu. Hədəfi yaşayış kompleksləri olan Gəncə şəhərinə  tuşlanan ballistik raketlərin gecə vaxtı insanların yatdığı vədədə bir dəfə yox, bir neçə dəfə atılmasını vaxtında və real görüntülərlə yerlixarici media nümayəndələri beynəlxalq ictimaiyyətə çatdırdılar. Ermənilər günahsız mülki insanları öldürdülər, beynəlxalq ictimaiyyətin gözü qarşısında şəhər və kəndlərimizi hər gün ballistik raketlərlə bombaladılar, artilleriya atəşinə tutdular. Təkcə Tərtər şəhərinə 16 min bomba atılmışdı. Bərdəni, Naftalanı raket atəşinə tutdular. Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verirdi.

Cəmi 44 gün davam edən Vətən müharibəsi ötən il noyabr ayının 10-da bitdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin vahid rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti sayəsində Ermənistan ordusu yoxdur,  fiziki baxımdan darmadağın olunub, mənəvi cəhətdən sarsılıb. Onların revanş  niyyətinin qarşısı sərt şəkildə alınıb və bundan sonra da alınacaq. Çünki Azərbaycan ərazisində artıq ikinci erməni dövlətinin yaranması mümkün deyil. İndi bizim  iqtisadi potensialımız, mənəvi gücümüz, hərbi qüdrətimiz var. Yenilməz orduya malik dövlətimiz və ona rəhbərlik edən qətiyyətli, güclü qalib liderimiz var. Gənc nəslin bu tarixi həqiqətləri bilməyə haqqı var.

Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın Qarabağa, xüsusən də Şuşaya səfəri və orada iki qardaş dövlətin başçılarının imzaladıqları Şuşa Bəyannaməsi bir daha təsdiqlədi ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yeni növraq qurmağa hazırdır. Düşmənin isə özünün layiqli cavabını almaqla,  dünyada terrorçu, işğalçı, vandalizm siyasəti yürütməsi məlumdur. İndi ermənilərin vəziyyətdən çıxması üçün bir yolu var: Azərbaycanın dediklərini etmək.

 

 

 

Rufina NAMAZOVA

Azərbaycan.-2021.- 2 iyul.- S.7.