Bir ailənin iki şəhidi

 

Ömürləri də, ölümləri də bir olan əmioğlular kimi, 44 günlük Vətən müharibəsinin haqqında danışılacaq hələ çox qəhrəmanları var

 

 

 

Müharibə, əlbəttə, ölüm-itim, ağrı-acı, dərd-sər deməkdir. Müharibələr məğlubun qalibə təslim olmağıdır. Ancaq müharibə yalnız bunlar demək deyil, həm də igidlərin vətənpərvərlik  hisslərinin təsdiqi, yurda, doğma torpağa bağlılıqların imtahan meydanıdır. Ötənilki 44 günlük Vətən müharibəsində Azərbaycan oğulları bunu bir daha təsdiqləmiş oldular. Zəfər tarixi yazan Ordumuzun qaziləri, şəhidlərimiz bir daha təsdiqlədilər ki, Vətəni sevmək həm də onun uğrunda şirin candan keçməkdir.

 

Belə oğullarımız az deyil. Onlardan ikisi haqqında söz açmağımız da təsadüfi deyil. Səfərovlar ailəsinin  iki igidibu sıradan olan oğullardandır. Səfərov Cəsarət Xaliq oğlu və Səfərov Şahmar Nazim oğlunu deyirəm... Onlar yalnız əmioğlu yox, həm  dost, yoldaş, sirdaş, əslində, sanki qardaş idilər. Birlikdə böyümüşdülər. Ona görə də birlikdə vətənə xidmət etdilər və hər ikisi də Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına  döyüşərək birlikdə şəhid oldular.

 

Dədə-babadan eşitmişik ki, insan taleyində ona  verilən adın önəmi az olmur. Yəni uşağın taleyi bir çox hallarda adına bağlıdır. Ona görə  körpəni əzizləyəndə  deyirlər: “adıyla böyüsün”. Cəsarətin də taleyində adın mühüm önəmi oldu. Sanki adıyla böyüyürmüş: cəsarətli, qorxmaz, əyilməz!

 

2001-ci il iyun ayının 27-də  Bakı şəhərində dünyaya göz açan Cəsarətin builki ad günündə 20 yaşı tamam oldu. Amma 19 dəfə keçiriləndən fərqli qeyd edildi.  Bəlkə də ilk dəfəydi bütün ölkə-mahal bildi ki, Cəsarətin ad günüdür! Axı şəhid ad günü idi.

 

Deyirlər ki, orta məktəbdə oxuduğu illərdə digər uşaqlardan ürək açıqlığı, mehribanlığı, vətənpərvərliyinə görə həmişə fərqlənib. Məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinə qəbul olunub və təhsilini qiyabi davam etdirib. Birinci kursu bitirdikdən sonra, 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. Gəncədə hərbi xidmətini davam etdirib.

 

Şəhidin bacısı Həqiqət xanım deyir ki, qismətindən əmioğlu Səfərov Şahmar Nazim oğlu da həmin hərbi hissədə zabit kimi qulluğa başladı: “Bir il eyni hərbi hissədə xidmət etdikdən sonra, 2020-ci ilin may ayında Şahmar xüsusi təyinatlı dəstəyə keçdi. Təyinatını Daşkəsənə verdilər. Bir müddət sonra Vətən müharibəsi başladı və sentyarın 27-si Şahmarı Murovdağ ərtafında gedən döyüşlər zamanı itirdik. Müharibənin ilk şəhidlərindən oldu. Dərd onun şəhidlik zirvəsinə ucalmağı deyildi. Dözülməyən dərd şəhidimizin nəşinin 53 gündən sonra ailəsinə təhvil verilməsi idi. Bakıda Üçüncü Fəxri xiyabanda dəfn edildi...”

 

Əkiz taleli igidlərin - Şahmarla Cəsarətin nəşi ailələrinə aylar sonra gətirilib.

 

Şahmarın da şəhidliyi əmisi oğlu Cəsarətinki kimi olub: nəşi 43 gün sonra ailəsinə verilib.

 

Cəsarət Füzuli, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində olan döyüşlərdə iştirak edib. Şahmarla axırıncı dəfə noyabrın 3-də danışıblar. Ondan sonra heç bir əlaqə olmayıb. Noyabrın 4-də Laçın-Şuşa yolu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Əvvəllər itkin hesab edilib. Deyirmişlər ki, “neytralda olduğu üçün götürə bilmirlər. Nəşi 43 gün sonra təhvil verilibİkinci Fəxri xiyabanda dəfn edilib. Bacısının yazdıqlarından: “Mən ondan 7 yaş böyüyəm. O, mənim əllərimdən tutub böyüyüb. İlk sözü “bacı” olub. Sarı, qıvırcıq tellərini, qıyıq gözlərini, əlinin üstündəki kəsiyi, səbirsiz hallarını, ağızdolusu “bacı” deməyini, anası kimi sinəsinə basıb “canım” deməyini necə unudum?! İndi onu bağrıma basdığım yer sızıldayır”.

 

Amma bütün bunlardan sonra şəhid bacısı bilir ki, Vətən belə oğullarla basılmaz olur. Ordumuz bu cür igid əsgərləri ilə düşmənə layiqli cavab verərək qalib gəlir. Qalibiyyətiniz mübarək, şəhid əmioğlular!

 

 

 

M.NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 2 iyul.- S.7.