Azərbaycan və
Qırğızıstan XİN-ləri arasında Əməkdaşlıq
Proqramı imzalanıb
İyulun 2-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini bildirərək, inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Ruslan Kazakbaev Qırğızıstan ilə Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstanın xarici işlər naziri ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində maraqlı olduqlarını deyib.
Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətlərini, iqtisadi-ticari əlaqələrinin genişləndirilməsini, nəqliyyat, tranzit sahələrində əməkdaşlığı, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsini, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsinin, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov həmkarına münaqişədən sonra bölgədə mövcud olan vəziyyət, xüsusilə azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. Hazırda bu ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda nazirlər “Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi və Qırğız
Respublikasının Xarici İşlər
Nazirliyi arasında 2021-2022-ci illər
üzrə Əməkdaşlıq Proqramı” sənədini
imzalayıblar.
Azərbaycan.-2021.- 3 iyul.- S.2.