Qələm peşəkarın əlində olanda...

 

 

Sabir Əliyevin imzası media nümayəndələrinə yaxşı tanışdır. Səbəbi isə əsl jurnalist kimi həmişə vətəndaş mövqeyinin və haqqın, ədalətin müdafiəsində durması, yazılarındakı obyektivlikdir.

Yadımdadır, ötən əsrin 80-ci illərinin sonunda respublikanı başına götürən hərc-mərclik Xanlar (indiki Göygöl) rayonunda da özünü büruzə verirdi. Bundan narazı olan ictimaiyyətin haqq səsinə səsini qatan jurnalist Sabir Əliyev redaktoru olduğuKommumist əməyi” qəzetində “Bağlı qapılar arxasında...”  tənqidi yazı ilə çıxış edir, rayonun bəzi idarə və müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunu, bu yöndə vətəndaşların incidilməsinə, süründürməçiliyə son qoyulmasını diqqətə çatdırır.

Məqalə nəinki Xanlar rayonunda, ümumiyyətlə, qərb bölgəsində əks-səda yaradır. Camaatı narahat edən o idi ki, material qəzetdə çıxan gündən rayon partiya komitəsinin birinci katibi yaxın ətrafına qəti şəkildə tapşırmışdı: “Məqalənin müəllifi - rayon qəzetinin redaktoru Sabir Əliyev hansı yolla olursa-olsun, vəzifəsindən getməli və rayondan çıxarılmalıdır”. Birinci katibin pıçıltı ilə yaxınlarına dediyi bu sözlər Gəncəbasarda mötəbər məclislərdən tutmuş bazar və çayxanalaradək müzakirə mövzusuna çevrildi. Hamıya elə gəlirdi ki, bu gün-sabah redaktor “gedəcək”, hətta yerinə namizəd də tapıldığı deyilirdi.

Birinci katibin tapşırığına əsasən, hər həftə redaksiyaya yoxlama göndərilməsi məsələnin keçilməz və ciddiliyindən xəbər verirdi. Amma rayon qəzetində nə var idi ki, təftişçilər ondan yapışsın. Odur ki, təftişlərlə heç nəyə nail ola bilmədiyini görən katib bu dəfə hədə-qorxu yolu seçdi: “Ona deyin, öz xoşu ilə ərizəsini yazıb, işdən getsin, yoxsa...” “Yazdıqlarımda haqlıyam, bu yolda sonadək getməyə hazıram”, - deyən Sabir Əliyevin iradəsini sındıra bilməyən birinci katib məcbur olub məqalədəki faktları yoxlatmaq üçün Mərkəzi Komitədən komissiya tələb etdi.

Nə isə uzatmayaq. Həmin qarşıdurmanın nəticəsi bu oldu ki, Mərkəzi Komitənin büro iclasında Xanlar rayonunun birinci katibi  onunla bərabər bir neçə məsul işçi vəzifəsindən azad olundu.

Sabir Əliyevin 50 illik jurnalistlik fəaliyyəti dövründə neçə-neçə belə hadisə və faktdan söhbət açmaq olar. Bir fikri xüsusi vurğulamaq yerinə düşər ki, Sabir Əliyev harada, hansı vəzifədə işləyibsə, jurnalist adını, təmsil etdiyi qəzetin və kollektivin nüfuzunu ləyaqətlə qorumuşdur. 

Sabir Əliyev 70 il bundan öncə - 1951-ci il iyulun 3-də Gəncədə dünyaya göz açıb. Orta məktəb illərindən çox sevdiyi müxbirliyə meyil edib. ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib. İlk yeri Gəncə şəhər mətbəəsi və “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzeti olub. Burada ədəbi işçidən şöbə müdiri vəzifəsinədək yüksəlib. Daha sonra 10 ildən artıq Xanlar rayon qəzetinin redaktoru, Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC) bölgə müxbiri olub. Beş ildən artıqdır ki, “Azərbaycan” qəzetinin bölgə müxbiridir.

Jurnalist həmkarımızın əməyi ictimai rəydə, media aləmində və dövlət tərəfindən həmişə yüksək dəyərləndirilib. Sabir Əliyev ötən müddətdə respublika üzrə bir çox ədəbi müsabiqələrin qalibi olub. Dəfələrlə rayon sovetinin deputatı seçilib, ictimai-siyasi işlərdə fəallığı ilə diqqət çəkib. 1987-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına, bundan 3 il sonra Azərbaycan mətbuatında səmərəli fəaliyyətinə görə Əməkdar jurnalist fəxri adına, 2010-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.

Bu gün də sevdiyi peşəsindən ayrılmayan həmkarımıza yeni yaradıcılıq uğurları və ən azından COVID-19-dan kənar olmağı arzulayırıq.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 3 iyul.- S.7.