Mediada
islahatların ilkin nəticələri uğurludur
Bu islahatlara kölgə salmaq
cəhdi subyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir
Söz və mətbuat azadlığının təmin olunması Azərbaycanın demokratik inkişafının əsas göstəricilərindən biridir. Ölkəmizdə dövlət medianın inkişafına dəstəyini heç vaxt əsirgəmir. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması isə bu sahədə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, çap və onlayn media orqanlarının fəaliyyətinin stimullaşdırılmasını yeni mərhələyə yüksəldib.
Yeni fəaliyyət modeli
Qısa müddətdir ki, yaradılmasına baxmayaraq, MEDİA tərəfindən tamamilə yeni fəaliyyət modeli ortaya qoyulub. Kütləvi informasiya vasitələrinin dəstəklənməsi ilə bağlı nümayiş etdirilən təşəbbüslər kifayət qədər çoxşaxəli və rəngarəngdir. İlk dəfə olaraq çap mətbuatı ilə yanaşı, onlayn mediaya da dövlət dəstəyinin həyata keçirilməsinə başlanılıb.
Peşəkar jurnalistikanın inkişafına, media sahəsində idarəçilik, menecment və digər sahələr üzrə daha məzmunlu treninqlərin həyata keçirilməsinə start verilib. Agentliyin və ADA Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar böyük əks-səda doğurub.
Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə islahatları genişləndirmək prosesinə təkan verməkdir. İyulun 10-dək davam edəcək seminarlarda
75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Bundan əvvəl isə ADA Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlar keçirilmişdi.
Agentliyin yazı müsabiqələri ilə bağlı şərtləri də tamamilə fərqlidir. Məsələn, ötən ay elan edilmiş müsabiqənin şərtlərinə əsasən jurnalist
3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialını təqdim edə bilər. Yəni Agentlik konkret istiqamət müəyyən etmir və mövzu seçimini jurnalistin öz ixtiyarına buraxır.
Beləliklə, MEDİA tərəfindən hansısa tədbirin həyata keçirildiyi barədə görüntü yaradılmır. Bu tədbirlərin hər biri medianın inkişafı və dəstəklənməsi istiqamətində səmərəli nəticələri olan, hədəfinə çatan məqsədyönlü addımların atılması ilə yadda qalır.
Onlayn
media orqanları da dəstəkdən yararlana
biləcəklər
Agentliyin media orqanlarının dəstəklənməsi
ilə bağlı şərtləri də əvvəlkilərdən tamamilə
fərqlənir. Yəni, bu müsabiqələr
əvvəlki ənənələrin
davamı deyil. İndi qəzetin yalnız tirajı deyil, həm də dizaynı və məzmunu dəyərləndirilir. Köhnə ənənələrdən fərqlənən ciddi məqamlardan biri də odur ki,
redaksiyalara göstərilən
maliyyə yardımlarının
xərc istiqamətləri
artıq müəyyənləşdirilib
və həmin tələblərə riayət
edilməsinə MEDİA tərəfindən
xüsusi nəzarət
olunur. Aparılacaq
monitorinqlər zamanı
yardımın təyinatı
üzrə istifadə
olunmadığı müəyyən
edilərsə, o zaman
həmin vəsait dayandırılacaqdır.
MEDİA-nın fəaliyyətində
diqqəti çəkən
məqamlardan, daha doğrusu, yeniliklərdən
biri də onlayn mediaya da (veb-saytlar) dövlət dəstəyinin
həyata keçirilməsidir. Bu, Azərbaycanın media aləmi
üçün yenilikdir,
çünki buna qədər dəstək yalnız qəzetlərə
göstərilib. Bundan sonra
isə onlayn media orqanları da dövlət dəstəyindən
yararlana biləcəklər. Hətta ilk dəfə olaraq
idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak etmək hüququ tanınmışdır.
Məqsəd qəzetlərlə yanaşı, onlayn media subyektlərinin də inkişafı, onların iqtisadi müstəqilliklərinin
gücləndirilməsi və
fəaliyyətlərinin təkmilləşdirilməsidir.
Agentlik müsabiqənin qiymətləndirilməsində obyektivliyi və müasir standartları əsas götürüb. Onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi vacib hesab edilib. Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslub keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərə yer verilməsi, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının fəallığı kimi meyarlar nəzərə alınıb.
Onlayn
media subyektləri üçün təşkil edilmiş
müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət
edib, mövcud maddi imkanlar nəzərə alınmaqla,
müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan
olunub.
İslahatları ləkələmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Onlayn media subyektləri üçün müsabiqənin cavabları bir sıra veb-saytları qane etməyib. 96 veb-saytdan 39-nun elan edilməsi o deməkdir ki, onların böyük əksəriyyəti tələblərə cavab verməyib. Bu gün axtarsaq Azərbaycanın intertnet seqmentində bəlkə daha çox veb-sayt tapa bilərik. Amma az-çox onlayn media aləminə bələd olan jurnalist bilir ki, həmin veb-saytların böyük əksəriyyəti gün ərzində sırf özünə məxsus olan bir dənə də olsun xəbər yayımlamır. Onların demək olar ki, hər biri digər saytlarda dərc olunan xəbərləri köçürməklə fəaliyyətlərini tamamlayır.
Media aləmi yaradıcılıq, təşəbbüskarlıq tələb edir. İstər çap mediası, istərsə də veb-sayt mətbuatın əsas prinsiplərindən olan xəbərləri oxucularına vaxtında və obyektiv təqdim etməlidirlər. Bunun üçün isə axtarışda olmaq, təşəbbüskarlıq göstərmək lazımdır, ortaya yaradıcılıq nümunəsi qoymaq lazım gəlir.
Bundan başqa, veb-saytlarda əsasən Azərbaycan dilinin qrammatik normalarının ciddi şəkildə pozulduğu müşahidə olunur. Əksər saytların təsisçiləri xəbərlərin yüklənməsini adminlərə tapşırırlar ki, onlar da necə gəldi bu məlumatları sayta yerləşdirirlər. Hətta bəzən bir xəbərdə gedən hansısa səhv onlarla veb-saytda özünü büruzə verir.
Bir məsələni də qeyd edək ki, bir vaxtlar çap mətbuatında yer almış reketçilər indi veb-saytlarda geniş yayılıblar.
Elə isə sual yaranır: ciddi bir qurum olan MEDİA belə veb-saytlara necə dəstək göstərə bilər? Deməli, məkrli məqsəd var. Odur ki, 39 veb-saytın qalib elan edilməsindən sonra MEDİA-nın tənqid hədəfinə çevrilməsi tamamilə yolverilməzdir. Agentliyə qarşı hücumlar həyata keçirilən uğurlu islahatları ləkələmək məqsədi güdür. Eyni zamanda bu, hər vəchlə dövlətin informasiya və media siyasətinə qarşı çıxan müxalifətin və Qərbdən idarə olunan şəbəkənin media sahəsində anarxiya və xaos yaratmaq cəhdidir.
Bu kimi riyakarlıqlar, uğurlu fəaliyyətə kölgə salmaq cəhdi agentliyi öz yolundan döndərə bilməz. Agentlik bundan sonra da səmərəli fəaliyyəti ilə Azərbaycanda medianın inkişafına özünün layiqli töhfələrini verəcək. Mediada islahatların ilkin nəticələri uğurludur. Bu islahatlara kölgə salmaq cəhdi subyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 4 iyul.- S.1;4.