Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olunub

 

 

Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif edildiyi dövlət mükafatı onların ailələrinə təqdim olunub.

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, “Qarabağordenli şəhid Taleh Kərimovun, kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun və Zaur Ələsgərlinin dövlət təltifləri ailələrinə  verilib.

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi, general-mayor Natiq Qarayev, şəhidlərin ailə üzvləri və digərləri iştirak edib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda bildirilib ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordumuz və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb. Vətən müharibəsində Sumqayıtdan minlərlə gənc iştirak edib. Onlardan 105 nəfəri Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib, 300-dən çoxu isə sağlamlığını itirərək qazi adını alıb.

 

Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Azərbaycan.-2021.- 4 iyul.- S.4.