Heç kəs öz ayranına turş
demirsə...
...Bu,
gerçəkdə turş və
dadsız ayranın olmadığına dəlalət etmir
Əvvəlcə, yazının sərlövhəsinə münasibətimi bildirim.
Bəli, heç kəs öz ayranına turş demir!
Amma gerçək həyatda istənilən qədər turş və dadsız ayran var!
Həm də alıcı (bu halda oxucu) ayranı alıb onun dadsız olduğunu görəndə ikinci dəfə almır!
Belədə isə satılmayan ayran qalaraq turşuyur.
İndi istəyirsən onun adını ayran yox, sayt, qəzet, telekanal, nə bilim, nə qoy!
Fakt odur ki, heç zaman nöqsanı özümüzdə görmürük!
Özümüzü ideal sayaraq təqsirkarı kənarda axtarırıq!
***
Azərbaycanda həqiqi mətbuat və söz azadlığı var!
Bunu hər birimiz gözəl bilirik və gündəlik həyatımızda da şahidik!
Əvvəla, mətbuata senzura nəzarəti hələ çox-çox illər qabaq - 6 avqust 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ləğv edilib!
İkincisi, mətbuatda deyilən sözə, söylənilən fikrə (təhqirə demirəm, ha!) görə heç kəsə cəza verilmir!
Üçüncüsü, jurnalist istədiyi mövzuda, istədiyi məsələ barədə, istədiyi obyektdən yazmaqda tam sərbəstdir, gördüyü nöqsanları da qorxmadan, çəkinmədən tənqid edə bilir.
Dördüncüsü, hər bir Azərbaycan vətəndaşı istədiyi vaxt qəzet aça, sayt yarada bilir, bunu üçün Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmək və bir həftədən sonra işə başlamaq lazımdır.
Bütün bürokratik əngəllər çoxdan aradan qaldırılıb.
Beşincisi, əgər ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidirsə və sosial şəbəkədə hüdudsuz söz azadlığı (hətta hərdən söz azğınlığı) baş alıb gedirsə, bunun özü də deyilənlərə ən yaxşı sübutdur!
Ən nəhayət, dövlət başçısı cənab İlham Əliyev jurnalistlərin əsl dostudur və biz jurnalistlər onu bu ada dəfələrlə, gizli səsvermə yolu ilə layiq bilmişik.
Özü də Prezidentimizin mətbuat və söz azadlığına, jurnalistlərə verdiyi dəstəyə, göstərdiyi qayğısına görə!
Çünki cənab İlham Əliyev mətbuata və mətbuat işçilərinə dünyanın heç yerində olmayan, məhz Azərbaycana xas xüsusi qayğı və diqqətlə yanaşır!
***
Demokratik dünya KİV-lərin dövlət tərəfindən maliyyələşdirilməsini qəbul etmir!
Bu halda belə hesab edirlər ki, dövlətdən vəsait alan KİV-lər sərbəst olmurlar, dövlətdən asılı vəziyyətə düşürlər və obyektivliklərinə xələl gəlir.
Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq aləmin müəyyən etdiyi bu prinsipə xələl gətirmədən Azərbaycanda mətbuat və söz azadlığına dövlət qayğısının yeni, orijinal və səmərəli formasını yaratdı!
Bunun üçün əvvəlcə, KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı.
Sonra bu Konsepsiyanı reallaşdıracaq yeni qurum - KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.
Konsepsiyanın mahiyyətində media subyektinin - qəzetin, saytın, informasiya agentliyinin yaradıcılıq işinə qarışmadan, onlara iradə diktə etmədən dövlətimizin milli maraqlardan irəli gələn bir sıra mövzuların mütəmadi şəkildə mətbuatda işıqlandırılmasını görmək istəyi dayanır.
Bu mövzu və məsələlər on doqquz istiqamətdə ümumiləşdirilib! (Xırdalamıram, arzu edənlər sənədlə tanış ola bilərlər).
Seçilmiş mövzu üzrə qəzet, sayt layihə hazırlayır və onun öz layihəsini gerçəkləşdirməsinə dövlət qrant şəkildə yardım göstərir.
Beləliklə, Azərbaycanda azad mətbuatla dövlətin marağı uzlaşmış olur.
Bu funksiyanı əvvəlcə KİV DDF yerinə yetirirdi.
İndi isə aşkara çıxarılan nöqsanları aradan qaldırmaq, ölkədə mətbuat və söz azadlığına qayğını yeni, daha yüksək müstəvidə davam etdirmək, jurnalistlərin sosial durumunu yüksəltmək üçün KİV DDF ləğv edilərək əvəzində MEDİA İnkişaf Ağentliyi (MEDİA İA) yaradılıb.
COVID-19-un davam etdiyi, uzun müddət sərt qapanma şəraitində işləməyimiz təkcə bizim yox, MEDİA-nın da öz imkanlarından daha geniş, daha rəngarəng formada istifadə etməyə, daha fəal çalışmağa müəyyən mənfi təsirini göstərib.
Amma bütün çətinliklərə baxmayaraq, bu yeni qurum son dövrlərdəki nisbi boşalmadan istifadə edərək fəallığını xeyli artırıb, təşkilatlanma mərhələsini arxada qoyaraq keçirdiyi müsabiqələrin ilk nəticələrini elan edib.
Böyük zəhmət bahasına başa gələn bu işi “oyundankənar” vəziyyətdə qalanlar gözdənsalma kampaniyasına başlayıblar!
Narazıların səsi razıların minnətdarlıq sözlərini az qala eşidilməz edir!
Anlamaq olmur!
Əgər hər kəs öz işinə özü qiymət verəcəkdisə, onda bu qurum, münsiflər heyəti, təcrübəli media ekspertləri nəyə gərək idi?!
Mən də qəbul edirəm ki, ideal qiymətləndirmə yoxdur!
Hətta açıq söyləyirəm, dəfələrlə Mətbuat Şurasının “Qara sıyahı”sına düşən “reket qəzet”lərdən birinin saytının qaliblər siyahısında olması da birmənalı qarşılanmır.
Görüşəndə həmkarlarıma təcrübəli jurnalist kimi iradımı söyləyəcəm.
Qəbul etsələr də, etməsələr də!
Ancaq biz niyə öz fikrimizi, dediyimizi mütləq həqiqət hesab edərək hamıya qəbul etdirməyə çalışmalıyıq?!
Bu nə mövqe, bu nə hikkədir!
Tutaq ki, müsabiqə ideal şəkildə baş tutmayıb!
Bəyəm sizin saytlar, sizin qəzetlər, nəzərdən keçirilən yazılarınız idealdır!
Yenə ayran məsələsi yada düşür!
Əvvəlcə, dövlətə öz büdcəsindən vəsait ayırdığına, mətbuata qayğını daim diqqətdə saxladığına görə bir minnətdarlıq edərlər!
Sonra bu işi təşkil edənlərə, zəhmət çəkib hasilə gətirənlərə bir “sağ ol” deyərlər!
Ən nəhayət, irad və narazılıq bildirmənin də bir həddi, qaydası olar!
Yerindən
qalxan özünü “peşəkar jurnalist” hesab edir!
Hərə
öz saytını, qəzetini göylərə
qaldırır, müxtəlif “sübutlarla” “ən
yaxşısı” olduğunu söyləyir və hətta “əsaslandırmağa”
çalışır.
Hərə
öz yazdığının “şedevr” olması
iddiasındadır!
Kimin
özü haqqında nə düşünməsindən
asılı olmayaraq, bu sahədə illərlə
külüng çalmış həqiqi jurnalistlər kimin kim olduğunu, adi yazı ilə “şedevr”i
çox yaxşı və asanlıqla ayırd edirlər!
***
Bu gün özünü “peşəkar jurnalist”
sayanların əksəriyyəti jurnalistikada peşəkarlıq
nədir və o səviyyəyə yüksəlməyin
yolları barədə aydın təsəvvürə belə
malik deyildir.
Belələrinin “peşəkarlığı”
yazılarına mahiyyətdənkənar, “sensasiyalı” sərlövhələr
qoymaq, müsahibinin dilindən “cilalanmamış” bir söz
tutaraq yazını onun üzərində qurmaqla boş
hay-küy yaratmaq, qurdalayaraq sözdən söz
çıxarmaq və sözün çürüyünü
çıxarmaqdan ibarətdir!
Müsahibinə
hörmət qoymayan, onun ürək qızdıraraq dediyi
sözün başına ip salıb hallandıran, yeganə məqsədi
“stəkanda fırtına” yaratmaq olan qələm yiyəsinə
necə “peşəkar jurnalist” demək olar?
Lap
qısa desək:
Jurnalistika ictimai - siyasi fəaliyyət sahəsidir.
Bu sahə ilə məşğul olanlar, adətən,
jurnalistlər olurlar.
“Jurnalist”
adı isə bu sahədə müvafiq təhsil alanlara, onun nəzəriyyəsi
və praktikası ilə məşğul olub müvafiq biliyə
sahiblənənlərə, həm də Dövlət
İmtahan Komissiyası sədrinin imzası ilə ali təhsil müəssisəsi tərəfindən
diplom şəklində təsdiqlənmiş qaydada verilir.
Redaksiyadaxili
əmrlə jurnalist adı v
erilmir,
vəzifə verilir!
Mirzə
Cəlil demişkən, əgər kimsə
özü-özünə jurnalist deyirsə, bu heç də
onun jurnalistliyinə dəlalət eləmir!
Kimsə,
haradasa işə qəbul edilirsə, bu zaman ona “jurnalist vəzifəsinə
götürülmək barədə” əmr və ad verilə
bilməz! (Hətta verilsə belə, əsassızdır).
Başqa
sahədən jurnalistikaya gələnlər müxbir,
şöbə müdiri, redaktor və s. vəzifələrdə
işləyə bilərlər.
“Jurnalist
vəzifəsi”
anlayışı isə yoxdur!
İkinci məqam, kimsə saytının, qəzetinin tərifini
göylərə qaldırarkən əvvəlcə bir
tirajına, gündəlik giriş sayına, bir də
dünyada yayılma arealına obyektiv nəzər salsın.
Süni
giriş artımına nail olmaq elə də problem deyil!
Həm də
hamımızın bildiyi bir həqiqət də var:
Heç
Azərbaycana bu sayda qəzet və sayt da gərək deyil!
44
günlük Zəfər müharibəsi dövründə
isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdən
başqa, heç bir mənəm-mənəm deyən
jurnalist, sayt və qəzet informasiya blokadasını yararaq
dünya ictimaiyyətinə əsl həqiqətləri
çatdıra bilmədi!
Bir-iki
çıxış isə “blokada yarmaq” deyil!
Nə qədər
acı səslənsə də, başqa bir həqiqət də
var: Təhsil aldığı sahədə uğur qazana bilməyənlərin
bəziləri özlərini “jurnalistikada” sınamağa can
atırlar.
“Reket
jurnalistikası”nın yaranma səbəblərindən
biri də elə budur!
Müsabiqədə
iştirak edənlərin hər biri isə əvvəlcə
özünü Leylini dünyanın ən gözəl
qızı hesab edən Məcnunun gününə
düşməkdən qorusa, yaxşıdır!
Münsiflər qrupu yazılara bir yox, bir neçə
aspektdən (janr, sənətkarlıq, dil-üslub, ifadə,
yaradıcılıq elementləri prizmasından) yanaşır.
Ayranlar kimi, zövqlər də müxtəlifdir!
Bunu da nəzərə almalıyıq!
Sonda jurnalist həmkarlarıma nə tövsiyə edərdim!
Əvvəla, bir daha əmin olun: dövlətimiz və onun rəhbəri bizim arxamızdadır, daha yaxşı yazmağımızı, yaşamağımızı, həm də Vətənimizin əsl vətənpərvəri olmağımızı istəyir!
Hər il dövlət büdcəsindən ayrılan elə də az olmayan vəsait isə “artıq”, gərəksiz pul deyil!
Min dərdi var!
Xüsusən də Qarabağımızın dirçəldildiyi bir dövrdə!
Bunu da qiymətləndirməyi bacarın!
İkincisi, olanı dəyərləndirməyi, təşəkkür etməyi, irad və narazılığı isə daha sivil, alicənab formada ifadə etməyi də öyrənməliyik!
Axı biz jurnalistlərik!
Həm də nöqsan saydığımızı aradan qaldırmaq, daha yaxşı, dürüst və obyektiv nəticəyə nail olmaqdan ötrü əməkdaşlıq etməyə, kömək göstərməyə çalışmaq lazımdır, yersiz qarşıdurmaya getməyə yox!
Mətbuatımızın ənənə və prinsiplərini yaşatmağı, hadisələrə korifey jurnalistlərimiz kimi, milli maraqlar baxımından yanaşmağı da öyrənməliyik!
Ən nəhayət, bu, MEDİA-nın ilk işidir!
Onlara uğur diləyib əlimizdən gələn köməyi də göstərməliyik!
Bu yol bizi istəyimizə daha tez çatdırar.
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.-
6 iyul.- S.1;3.