Buzlu zəhər
Bazardakı keyfiyyətsiz dondurmalar alıcıların
sağlamlığı üçün ciddi təhlükədir
Havaların kəskin isinməsi insanların dondurmaya olan təlabatını artırır. İsti yay günlərində dadlı bir desertlə sərinləmək istəyən insanların çoxu sərfəli qiymətlə keyfiyyətli dondurma yemək istəyir.
Hazırda həm xarici, həm də yerli istehsal hesabına dondurma bazarında çeşid kifayət qədər çox olduğundan alıcılar dondurma axtarmaqda çətinlik çəkmirlər. Çeşid çox olduğu qədər qiymətləri də fərqli olan dondurmaların ən ucuzu alıcıya 20 qəpiyə təklif edilir. Lakin əsas məsələ seçdiyimiz bu desertlərin tərkibi ilə bağlıdır. Belə ki, tərkibindəki inqrediyentlərin aşağı keyfiyyətdə olması, məhsulun düzgün saxlanılmaması dondurmaları keyfiyyətsiz və təhlükəli məhsula çevirən ən əsas səbəblərdir ki, bu da həyat üçün risk deməkdir.
1000-dən
çox yerli dondurma istehsalçısı
var
Azad İstehlakçılar Birliyinin
(AİB) sədri Eyyub
Hüseynov hazırda ölkədə 1000-dən çox
dondurma istehsalçısı
olduğunu, ancaq onların arasında müasir texnologiya üzrə dondurma istehsal edənlərin sayının az
olduğunu açıqlayır.
Ekspert dondurma bazarındakı ən əsas problemin bu məhsulların
keyfiyyəti ilə bağlı olduğunu söyləyir.
Mütəxəssisin sözlərinə görə,
ölkədə keyfiyyəti
yaxşı olmayan, çoxsaylı arzuolunmaz dondurmalar istehsal olunur. İstehlakçıların rəğbətini qazanmış
bəzi xarici dondurma brendlərini saxtalaşdıran, onlara oxşar adla dondurma istehsal edən firmalar da var. AİB sədri dondurmaların keyfiyyətsizliyinə
səbəb olan məsələlərdən birinin
onun yağlılığının
süni yolla artırılması ilə
bağlı olduğunu
açıqlayır:
Ekspert deyir ki, hazırlanma texnologiyasında dondurmanın
yağlılığını artırmaq üçün
standartlara uyğun olaraq yalnız kərə yağından
istifadə olunmalıdır. Lakin istehsal müəssisəsələri
dondurmaların yağlılığını
artırmaq üçün
onlara marqarin, bitki mənşəli yağ əlavə
edirlər ki, bu da məhsulu
keyfiyyətsiz edir. İstehlakçılar dondurma yedikləri
zaman onun keyfiyyətsizliyini müəyyən
edə bilmək üçün ilk növbədə
onun dadının acı olub-olmadığına
diqqət yetirməlidirlər.
Dondurmanı yedikdə
dilin üstündə,
boğazda acılıq
hiss edilirsə, deməli,
yağlılığı artırmaq üçün
ona kərə yağı deyil, marqarin, bitki mənşəli yağ əlavə edilib.
Eyyub Hüseynov əlavə edir ki, istehlakçılar
gilizlərdə - qablaşdırılmamış
silindr qablarda satılan dondurmalardan da şikayət edirlər: “Çox zaman açıq satılan dondurmaların yararlılıq müddəti
müəmmalı olur.
Buna görə də istehlakçılar
belə məhsullarla bağlı məlumatların
qeyd edildiyi sənədləri tələb
etməlidirlər”.
Xaricdən gətirilən dondurmalar
daha təhlükəlidir
Eyyub Hüseynov açıqlayır ki, Azərbaycanda satılan dondurmaların 20-30 faizi xaricdən gətirilir: “Xaricdən mal gətirilən zaman dondurmalar müəyyən temperatur risklərinə məruz qalır. Əgər dondurma bir dəfə temperatur riskinə məruz qalıb yenidən dondurulursa, o, artıq təhlükəli və çirklənmiş sayılır. Belə dondurmaları onların qablarının formasına baxmaqla müəyyən etmək olar. Əgər dondurma əzilmiş formadadırsa, demək o, əriyib yenidən dondurulub. Bu cür dondurmaları almaq arzuolunmazdır, alıcılar buna diqqət yetirməlidirlər”.
AİB sədri bunu da qeyd edir ki, xaricdən dondurma daşıyan nəqliyyat vasitəsində temperatur rejimini avtomatik müəyyən edən xüsusi cihaz yerləşdirilməlidir: “Bu təyyarədəki “qara qutu” kimi bir cihazdır. Yolboyu həmin cihaza temperatur rejimi avtomatik olaraq yazılır. Azərbaycanda malı qəbul edən şirkət birinci o “qara qutu”nu açıb baxmalıdır və bunun əsasında müəyyən etməlidir ki, yolda o, riskə məruz qalıb, ya yox. Çox təəssüflər olsun ki, bu barədə nə Azərbaycana xaricdən mal idxal edənlərin, nə də istehlakçıların məlumatı yoxdur”.
Eyyub Hüseynovun sözlərinə görə, dondurma istehsalı üçün xammalın mənbəyindən istehlakçıya çatdırılana qədər qida zəncirində iştirak edən bütün hüquqi və fiziki şəxslər Qida Təhlükəsizliyi Agentliyinin reyestrinə daxil olmalıdır ki, bu qurum onlara nəzarət edə bilsin. Lakin təəssüf ki, bu məsələ də tam həll olunmayıb.
Ekspert istehlakçılara tövsiyə edir ki, onlar bütün hallarda yerli, yararlılıq müddəti az olan dondurmalara üstünlük versinlər: “Çünki yerli dondurmalar az kimyalaşdırılır. Bundan başqa, istehlakçılar meyvəli dondurmalardan çəkinməlidirlər, çünki onlardan zəhərlənmələr daha çox baş verir. Bir dəfəyə 300 qramdan çox dondurma yemək olmaz. Əks təqdirdə bədənin temperaturu bir anda aşağı düşə, hətta insan ölə bilər”.
Dondurma sevinc əvəzinə, ölüm də gətirə bilər
Azərbaycanda qida təhlükəsizliyinə cavabdeh və nəzarətedici əsas qurum Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi olduğundan dondurma bazarındakı vəziyyətlə bağlı suallarımızı bu quruma ünvanladıq. Suallarımızın kifayət qədər konkret olmasına baxmayaraq, agentlikdən lazımi cavab ala bilmədik. Belə ki, agentlik yalnız vikipediya məlumatlarına bənzər ümumiləşdirilmiş yazılı cavab göndərməklə kifayətləndi.
London Psixiatriya İnstitutunun bir neçə il əvvəl apardığı araşdırmaya görə, dondurma insanda əhvalın yaxşılaşmasına və xoşbəxtliyin yaranmasına səbəb olur. Dondurmanın ağızda sərinləşdirici və susuzluğu aradan qaldırması insanın yaxşı əhvali-ruhiyyədə olmasını təmin edir. Dondurma yeyərkən beyinə ötürülən siqnal onun xüsusi bir hissəsini aktivləşdirir və bunun sayəsində insan özünü xoşbəxt hiss edir.
Lakin göründüyü kimi, dondurma insanı yalnız xoşbəxt etmir. O, insan səhhəti üçün müəyyən problemlər də yarada bilər. Bu problemlərin yaranmaması üçün yediyimiz dondurmaların təhlükəsizliyinə əmin olmalıyıq. Lakin səlahiyyətli qurumlar lazımi nəzarət funksiyalarını yerinə yetirmədikdə və satışa keyfiyyətsiz dondurmaların çıxarılmasına göz yumduqda qida təhlükəsizliyini təmin etmək istəyən alıcının əlacı yalnız özünə qalır.
Keyfiyyətli dondurma yediyinə əmin olmaq istəyən alıcı müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar hesabına məhsulun keyfiyyətsizliyini göstərən zahiri əlamətləri öyrənməli və onun əsasında dondurmanın keyfiyyətsiz olub-olmadığını müəyyən etməyi bacarmalıdır. Çünki mövcud reallıq alıcılar üçün başqa yol qoymur.
İlhamə
İSABALAYEVA
Azərbaycan.-2021.- 6 iyul.- S.1;4.