Azərbaycan səhnəsinin
Cülyettası
O, xanzadə nəslindəndir. Ata babası, çar zabiti, polkovnik Süleyman xan, Şəki xanı Səlim xanın oğlu, sonuncu Şəki xanı Hüseyn xanın qardaşı idi. Atası Həbib xan həm də Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi idi. Çar Rusiyası zamanında Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi olub. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus idi.
Həbib xan bəy nəslindən olan Ağca xanımla evlənib. Ağca xanımın anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. Ailə həyatlarının ilk illərində övlad sarıdan üzləri gülməyib. Bir-birinin ardınca üç uşağın ölü doğulmasında Həbib xanın anası Ziba bəyim gəlinini günahlandırıb. Odur ki, Ağca xanımın yenidən hamilə olduğu xəbərinə sevinmək əvəzinə qəzəblənib. Oğluna: “Arvadını apar ölü uşağını atasının evində doğsun” deyib. Şuşanın adlı-sanlı bəy ailəsindən olan, hökmlü Ziba bəyimin sözü yerə düşməyib. Ağca xanım atası evinə getməli olub. Gövhər xanım tədbirli davranaraq uşaq doğulanda Şuşanın ən məşhur mamaçasını və tanınmış həkim Kərim bəy Mehmandarovu bir neçə şahidlə çağırıb. Körpə 1915-ci il iyunun 7-də sağ-salamat dünyaya gəlib. Amma elə zəif olub ki, yaşamasını möcüzə sayıblar. Ona görə Ziba bəyimə bu şad xəbəri verməyə tələsməyiblər. Körpəyə ad da qoymayıblar. Həftələr bu minvalla keçib. İyirmi bir gün sonra körpə ilk dəfə ağlayıb. Heyrət və şadyanalıq bir-birinə qarışıb. Arxayınlaşıb Ziba bəyimə gözaydınlığı veriblər. Elə biliblər o da sevinəcək. Ziba bəyim isə dediyindən dönməyib: “Ağca diri uşaq doğa bilməz” söyləyib, gəlinini də, nəvəsini də qəbul etmək istəməyib. Ancaq həmin gün körpənin dünyaya əsl gəliş gününə çevrilib. Təvəllüd tarixi o vaxt - 1915-ci il 28 iyun yazılıb. İyirmi bir gün adsız qalan qıza ad seçiblər. Sonralar bütün Azərbaycanda məşhur olacaq, adını teatr və kino tariximizə yazdıracaq o körpə Barat Şəkinskaya idi...
Gəlininə haqsızlıq edən Ziba bəyimdən üz döndərənlərdən biri də oğlu olub. Həbib xan baş götürüb Rusiyaya gedib. Orada çalışıb, zabit kimi yüksək rütbələr alıb. Denikinin ordusunda vuruşub. Bir müddət sonra geri dönüb. Balaca Barat da atalı-analı gözəl günlərini yaşamağa başlayıb.
Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. 1920-ci ildə bu şəhərdə göstərilən “Şəbih” tamaşasında Səkinənin rolunu ifa edib.
1920-ci il 28 Aprel işğalından sonra Azərbaycanın qabacıl övladlarının çoxu vətənindən didərgin düşüb. Həbib xan da iki kiçik qızını və hamilə həyat yoldaşını qayınanasına tapşırıb. Sovet hökumətinin təqiblərindən qaçan Həbib xanın fikri fürsət tapan kimi ailəsini də öz yanına aparmaq olub. Dəfələrlə onların dalınca adam göndərsə də, məqsədinə çatmayıb. Əlac ona qalıb ki, yalandan xəbər yaysınlar ki, Həbib xan qətlə yetirilib. Plana görə Həbib xanın adamları onun ailəsini Arazdan İrana keçirməliydi. Səfərə hazırlaşan Ağca xanım evdəki qiymətli əşyaları satıb qızıl-gümüş alır. O, qızları Barat və Səriyyə, yeni doğulmuş oğlu Süleymanla birlikdə faytonla Ağdamın Göytəpə kəndində yaşayan bacısı Kübra xanımın yanına yollanır. Kübra xanım Zülfüqar Mirzəcamalovun həyat yoldaşı idi. Ağca xanım uşaqlarla kəndə çatanda eşidiblər ki, Mirzəcamalov qardaşlarını bolşeviklər güllələyib.
Onlar faytonla Həbib xanın adamlarının gözlədikləri yerə yetişmək üçün yola çıxıblar. Mənzil başına çatmamış quldurlar qarşılarını kəsib, onları qarət ediblər. Barat xanımgil kor-peşman Göytəpəyə dönüblər. Anası digər bacısının - Gəncədə yaşayan, Gəncəbasar bölgəsinin məşhur nəsillərindən - Səfikürdskilərdən olan Cəfər bəyin həyat yoldaşı Rəxşəndə xanıma xəbər göndərib. Rəxşəndə xanım öz adamlarını yollayıb onları Gəncəyə apartdırıb. 1923-cü ildən Barat xanım anası, bacı-qardaşı ilə birlikdə bu şəhərdə yaşayıb. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində oxumağa başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olub. Tələbəlik illərində məktəbin və şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış edib. 1929-cu il sentyabrın 18-də Gəncə Həmkarlar İttifaqının “Fəhlə klubu”nda aktrisa kimi işə götürülüb. 1930-cu il 25 iyunda Pedaqoji məktəbi bitirib. Sərkər kənd məktəbinə müəllim göndərilib. Pedaqoji fəaliyyəti aktrisalıq arzusunu unutdura bilməyib. Müəllim işlədiyi vaxtlarda da “Qadınlar klubu”nun, “İşçi klubu”nun və “Dəmiryolçular klubu”nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini davam etdirib.
Gəncədə tanınmış həvəskar aktyor və rejissor, “Fəhlə klubu”nun direktoru Mir İbrahim Həmzəyev həmin vaxtlar ona dəlicəsinə vurulub. Mir İbrahim Həmzəyev bir dəfə evlənib ayrılmışdı, qızı var idi. Barat xanım da onu sevib. Amma Ağca xanım qızının artistlə ailə qurmasına qarşı çıxıb. Ancaq on altı yaşlı Barat xanım onun sözünə baxmayıb. 1931-ci ilin iyulunda Barat xanım Mir İbrahim Həmzəyevlə ailə qurub. 1932-ci ilin mayın 3-də onların övladı dünyaya gəlib. Körpəyə “Od gəlini”nin qəhrəmanı Solmazın şərəfinə bu adı veriblər.
Barat xanımın birinci evliliyi iki il çəkib. Gənc ailə Mir İbrahim Həmzəyevin xəyanəti ucbatından dağılıb. Çox peşman olsa da, Barat xanım onu bağışlamayıb. Hələ on səkkiz yaşı tamam olmamış Barat Şəkinskaya Mir İbrahim Həmzəyevdən boşanıb. Onunla qarşılaşmamaq üçün 1935-ci il fevralın 23-də Lavrenti Beriya adına Gəncə Dövlət Dram Teatrından işdən çıxıb. Qızı Solmazı anasına tapşırıb tibb təhsili almaq məqsədilə Bakıya gəlib.
O, Bakıda bir gün yolda vaxtilə eyni dərnəkdə çalışdığı, Akademik Milli Dram Teatrının rejissoru vəzifəsində işləyən Adil İsgəndərovu görüb. O, Barat xanımı rejissor kimi ilk debütü olan “Polad qartal” tamaşasında uşaq roluna dəvət edib. Barat Şəkinskaya Şəfiqə rolu ilə səhnəyə çıxıb. 1935-ci il sentyabrın 1-də Akademik Milli Dram Teatrının (o zaman teatr Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı) aktyor truppasına qəbul olunub.
Bakıda çox tez məşhurlaşıb. Aktrisa 1936-cı il avqustun 8-də teatrda rejissor işləyən Şəmsi Bədəlbəyli ilə ailə qurub. Bu nikahdan qızı Rövşanə Bədəlbəyli dünyaya gəlib. Bu evlilik də yeddi il davam edib. 1943-cü il martın 12-də Barat Şəkinskaya Şəmsi bəydən ayrılıb.
Artıq şöhrətlənmiş, Əməkdar artist adına layiq görülmüş Barat Şəkinskaya yenidən Gəncəyə qayıdıb. Gəncə Dövlət Dram Teatrında mehribanlıqla qarşılanıb. Teatrın baş rejissor Mehdi Məmmədov ona xüsusi qayğı göstərib. Münasibətləri tədricən sevgiyə çevrilib. 1944-cü il noyabrın 16-da Barat xanım özündən üç yaş kiçik Mehdi Məmmədovla ailə həyatı qurub.
Gəncədən gələn aktrisanın gözə dəyməməsi Mircəfər Bağırovu da maraqlandırıb. Adil İsgəndərova tapşırıb ki, Barat Şəkinskayanı “Azdrama”ya geri qaytarsın. Adil İsgəndərov zəng vurub Barat xanımla danışıb. Aktrisa Bakıya dönməsinin artıq mümkünsüzlüyünü, Gəncədə ailə qurduğunu, həyat yoldaşının isə teatrın baş rejissoru olduğunu söyləyib. Adil İsgəndərov bu barədə Mircəfər Bağırova məlumat verib. Mircəfər Bağırov: “Ərini də götürsün, gəlsin bura” deyib.
Həmin vaxtlar Mehdi Məmmədov yalnız Gəncədə deyil, Bakıda da istedadlı rejissor kimi tanınırdı. 1944-cü ilin dekabrında Bakıya köçüb teatrda işə başlayırlar. Öz evləri olmadığından Mehdi Məmmədovun ailəsi ilə birgə qalıblar. Sonra hökumət onlara ev verib. 1946-cı il mayın 29-da dünyaya gələn, Elçin adlandırdıqları oğulları da onlar kimi məşhur olub. Elçin Məmmədov Əməkdar incəsənət xadimi, fırça ustası, teatr rəssamı və kino aktyoru kimi tanınıb. Amma Elçin də bacıları kimi atalı-analı uşaqlıq keçirməyib. Çünki o, hələ balaca ikən valideynləri boşanıb.
Mehdi Məmmədovla yeddi il sürən evlilikləri dağıldıqdan sonra Barat Şəkinskaya bir daha ailə qurmayıb.
Aktrisanın səhnə yaradıcılığı çox zəngin olub. O, “Göy quş” (Tiltil), “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), “Polad qartal” (Şəfiqə), “Məkr və məhəbbət” (Luiza), “Mehmanxana sahibəsi” (Mirandalina), “Rəqs müəllimi” (Florela), “Günahsız müqəssirlər” (Kruçinina) və başqa tamaşalarda əsas rolları ifa edib. Səhnədə həyat verdiyi bütün rollar ona tamaşaçı diqqəti və sevgisi qazandırsa da, Barat Şəkinskaya “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılıb.
Sənət taleyi ona yüksək mükafatlar qazandırıb. Barat Şəkinskaya 1940-cı il mayın 4-də, iyirmi dörd yaşında Əməkdar artist, 1949-cu il 21 iyulda isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Sənətində onu hər zaman yüksəklərdə tutan həyat Barat Şəkinskayanı dönə-dönə imtahana da çəkib. Ömrün qayğısız çağları sayılan uşaqlıq illəri Barat xanım üçün çətin keçib. Bu dünyanın ilk acısını atasının gedişi ilə yaşayıb. Beş yaşından sonra onu görməyib. İllər sonra Türkiyəyə səfəri zamanı Barat Şəkinskaya öyrənib ki, atası bu ölkədə də yaşayıb və bir daha evlənməyib, 1955-ci ildə dünyasını dəyişib.
Ömrünün sonlarına yaxın üzləşdiyi faciə isə fotoqrafın səhvi ucbatından baş verib. Kollektiv foto çəkilişi zamanı naşı fotoqraf civəli lampanın işığını elə salıb ki, bir neçə nəfərin sağlamlığına ziyan dəyib. Barat xanım bir gözünü itirib. Cərrahiyyə əməliyyatından keçib süni göz saldırmalı olub. Amma o, yenə ah-zar etməyib.
Çox gənc yaşlarından bağlandığı sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Yaşlandığını hiss edən aktrisa səhnədən uzaqlaşmaq qərarını verib. O, 1999-cu il yanvarın 14-də səksən dörd yaşında dünyasını dəyişib. Bakıdakı II Fəxri xiyabanda dəfn olunub.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 6 iyul.- S.7.