Zamanın soldurmadığı portretlər kitabı

 

 

Bu günlərdə işıq üzü görən “Portret” Rəhilə Gülgünün sayca beşinci kitabıdır. Müəllifin “65 yaşımın astanasında 45 illik yazar əməyinin bəhrəsi” kimi təqdim etdiyi yeni nəşrdə müxtəlif mövzu və fərqli janrlarda qələmə alınmış sənədli ədəbi-publisistik yazıları toplanıb. “Portret”ə ön söz əvəzində müəllif yazıb: “Kitabı tərtib edərkən onlarca məqaləni qırağa qoymuşam. Yalnız o publisistik örnəkləri seçmişəm ki, məncə, onları zaman soldurmayıb, düşüncələr, təsvir olunan epizodlar təsir gücünü itirməyib və ən əsası onların humanist və mərhəmətli məzmununun kiməsə dayaq olacağına inanıram”.

 

Hekayə, etüd, povest, söhbət kimi səciyyələndirilən əsərləri birləşdirən başlıca cəhət həyatı faktla bədii ifadənin birləşməsindən yaranan ovqatdır. Yeni nəşrdə qeyd olunduğu kimi, həcmindən asılı olmayaraq, kitabdakı hər bir nümunəyə ölçüsünə görə fərqlənən portret kimi baxıla bilər.

 

Yeni nəşrin birinci bölümündə müəllifin “Dağlar sənə bir şans versə...”, “Meşə sükutunu xoşbəxtlik pozur...”, “Salahlı Bayram kişi”, “Bərdəli Yusif kişi”, “Beş fraqment”, “Kür qırağının adamları”, “Yuxu”, “Anam hey...” və digər portret etüdlərinə yer verilib. “Yadındadı?”, “Təzə ürək ilə oxuyan Alim”, “Dosent Qarayev”, “Göy üzünün bir damlası”, “Çörək kəsdik, qardaş olduq”, “Dünya gözəl bir saraydır”, “Əsgərə məktub” və başqa hekayələr kitabın ikinci bölümünə daxil edilib. Kitabın üçüncü bölümündə Rəhilə GülgününGün işığı kimi”, “Xəbərin rəngi”, “Göylər adamı” və “Ömür hekayəti” adlı portert povestləri verilib. Dördüncü bölümdə isə müəllifin müxtəlif portret söhbətləri təqdim olunub.

 

“Portret”ə “Pillə-pillə ucalırdı” adlı son söz əvəzini Zemfira Məhərrəmli yazıb. O, Rəhilə Gülgünün həyat və yaradıcılığı barədə məlumatlar verib. “Portretin müəllifinin jurnalist peşəsinə sevgisindən və məsuliyyət hissi ilə yanaşmasından söz açıb. Həcmindən, mövzusundan asılı olmayaraq hər bir oxunaqlı əsər müəllifin istedadının və gərgin əməyinin bəhrəsidir. Zemfira Məhərrəmli Rəhilə Gülgün barədə bildirib: “Rəhilə Gülgünün söz-sənət sərraflarına, tanınmış ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi, müxtəlif illərdə qələmə aldığı kitablar maraqla oxunur. Milli mədəniyyətimizin tarixində, jurnalistikamızda özünəməxsusluğu, xeyirxah əməlləri ilə dərin iz buraxmış ustad jurnalist Nəsir İmanquliyevin yaradıcılıq yolu barədə tədqiqatlarının nəticəsi olaraq yazdığı “Xəbərin rəngi” kitabı istedadlı qələm sahibinə rəğbət qazandırdı. Bu kitab ustad sənətkarla bağlı yazılmış ən etibarlı qaynaqlardan biridir. ...Rəhilə Gülgün az sonra yazıçı, pedaqoq, alim Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında “Göylər adamı” kitabını və tanınmış psixoloq Elmira Mirzəyevanın bir alim kimi portret cizgilərini əks etdirən “Zərifliyin gücü və “Həyat hekayəsi”ni qələmə almışdır”.

 

 

Z.FƏRƏCOVA

Azərbaycan.-2021.- 6 iyul.- S.7.