Aqrar islahatlar ərzaq idxalından
asılılığımızı azaldır
Bu il taxılımız da boldur
Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri də kənd təsərrüfatıdır. Başlıca səbəb dövlətin bu sahəyə verdiyi əhatəli dəstəkdir. Bircə misal: əgər əvvəllər ölkədə yalnız taxılçılıqla məşğul olan fermerlərə subsidiya verilirdisə, indi bu stimullaşdırıcı addım aqrar sektorun demək olar bütün sahələri üzrə atılır. Bununla yanaşı, fermerlərə bir çox digər güzəştlər də edilir.
Məlumdur ki, kənd təsərrüfatında məhsul istehsalının artımında əsas şərtlərdən biri su təminatıdır. Azərbaycan təbii su qaynaqlarına görə geniş imkanlara malik deyil. Su mənbələrinin əsas hissəsi ölkəmizdən kənarda formalaşır. Bir çox hallarda bizə süni problemlər də yaradılır. Xüsusilə işğal zamanı Ermənistanın bu istiqamətdəki çoxsaylı təxribatları məhsul istehsalının artımına mənfi təsir göstərirdi. Şükürlər ki, indi həmin problem Vətən müharibəsində qazanılan Zəfər sayəsində geridə qalmışdır.
Bundan əlavə, Şəmkirçay, Tovuzçay və Taxtakörpü su anbarları ölkəmizin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində müstəsna rol oynayır. Üstəlik, regionlarda çoxlu kiçik su anbarları yaradılır, çoxsaylı artezian quyuları qazılaraq istifadəyə verilir. Həmçinin mövcud, lakin yararsız hala düşən su kanalları və drenajları təmir olunur, kilometrlərlə yeni kanallar çəkilir. Bununla aqrar sektorun suya olan tələbatının ödənilməsində əsaslı dönüş yaranıb.
Torpaqlarımızın işğaldan azad edilməsi də, qeyd etdiyimiz kimi, ölkəmizin suya olan tələbatının yaxşılaşdırılmasına geniş imkanlar açır. Təsadüfi deyil ki, həmin torpaqlarda ilk həyata keçirilən infrastruktur layihələrindən biri də su mənbələrinin bərpasıdır.
Bunun sayəsində işğaldan azad edilən torpaqlarla yanaşı, əlavə min hektarlarla sahənin su problemi həll olunub.
Məlumdur ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təminatı strateji məsələ hesab edilir. Bütün dövlətlər çalışır ki, ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilsin. Ərzaq təhlükəsizliyinin təminatında isə buğda istehsalı mühüm rol oynayır. O üzdən hazırda dünyada qiyməti sürətlə artan kənd təsərrüfatı məhsullarından birinin taxıl olmasını başa düşmək çətin deyil.
Bu səbəbdən ölkəmizdə də taxılçılığın inkişafı ilə bağlı bir çox mühüm qərarlar qəbul edilib. Həmin qərarlar hesabına fermerlərə maliyyə dəstəyi verilir ki, ölkənin çörəyə olan tələbatı maksimum daxili istehsal hesabına ödənilsin. Son illər taxılçılıqda məhsul istehsalının artması da bunun nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, cari ildə də fermerlər taxılçılıqda yüksək məhsuldarlığa nail olurlar. Məsələn, Tovuz rayonunda cari ildə taxıl sahələrinin hər hektarından 38 sentner məhsul götürülüb. Lakin rayonun bir çox təsərrüfatlarında aparılan düzgün becərmə sayəsində məhsuldarlıq 50-60 sentnerə çatıb ki, bu da ötənilki səviyyədən yüksəkdir.
Ağcabədi rayonunda isə
taxıl biçini davam
edir. Artıq 24 min 912,6 hektarda
biçin aparılıb,
101 min 701 ton məhsul əldə
olunub. Rayon Dövlət
Aqrar İnkişaf Mərkəzindən bildirilib
ki, torpaq mülkiyyətçiləri bu
il 26 min 879,6 hektar sahədə taxıl becəriblər. Onun 22 min 224,1 hektarı buğda, 4655,5 hektarı arpadır. Düzgün
aqrotexniki qulluq sayəsində zəmilərdə
bol məhsul yetişib. Taxıl biçininə ümumilikdə
rayon üzrə 51 taxılbiçən
kombayn cəlb edilib. Bunun 38-i “Aqrolizinq” ASC-yə məxsus, 13-ü isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində
olan texnikalardır.
Qeyd edək
ki, Ağcabədi rayonu respublikanın 100 min
tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları
28 min 324 hektardan 105 min 494,2 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı
orta hesabla 37,2 sentner olub.
Söz düşmüşkən onu
da bildirək ki, Kənd Təsərrüfatı
Nazirliyinin Əkinçilik
Elmi-Tədqiqat İnstitutu
tərəfindən Xaçmaz
rayonunun Hacılar kəndində taxılın
14 yeni növünün
sınaq əkini həyata keçirilib. İnstitutun direktoru Faiq Xudayev fermerlərə innovativ becərmə texnologiyaları və institutda yaradılan yeni taxıl sortları barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir dövrdə taxılçılığın
inkişafı əkin
sahələrinin artırılması
hesabına deyil, məhsuldar, keyfiyyətli yeni sortların yaradılması, onların
istehsalata tətbiq olunması hesabına əldə edilir: “Biz Xaçmaz rayonunun Hacılar kəndində yerli fermerin təsərrüfatında yeni
yaradılan taxıl sortlarının nümayiş
əkinini həyata keçirmişik. Əsas məqsədimiz
yeni sortları fermerlərə tanıtmaq
və onların birbaşa iştirakı ilə qiymətləndirməsini
aparmaqdır. Sağlam məhsul
əldə etmək üçün keyfiyyətli
toxumdan istifadə etmək lazımdır.
Yeni yaradılan sortlar uzun illər adaptasiya xüsusiyyətinə
malik olan sortların hibridləşməsi
nəticəsində əldə
olunub. Yeni sortları buradakı
nümayiş sahələrində
əkməklə bölgə
üçün daha xarakterik olan, xəstəliyə davamlı,
məhsuldar taxıl sortlarını müəyyənləşdirmək
və əkinə tətbiq etmək istəyirik”.
Kənd
Təsərrüfatı Nazirliyinin
şöbə müdiri
Vüqar Hüseynovun sözlərinə görə,
artıq ölkədə
taxıl sahələrinin
81,3 faizində biçin
yekunlaşıb, 805 min 189 hektarda
2 milyon 597 min 468 ton məhsul
yığılıb. Ölkə
üzrə orta məhsuldarlıq 32,3 sentnerdir. Hazırda biçin əsasən
dağətəyi və
dağlıq ərazilərdə
aparılır. Məhsul yığımına
1499 kombayn cəlb olunub.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 7 iyul.- S.1;5.