“Sətti” neft-qaz
sahəsində əməkdaşlığın daha bir səhifəsini
açır
Qazaxıstanın Azərbaycanda
təkmilləşdirilən bu qazma qurğusu Xəzərdə
fəaliyyət göstərəcək
Qazaxıstanın “Sətti” özüqalxan üzən qazma qurğusunun təkmilləşdirilməsi Bakıda, “Kaspian Drilinq Kompani Limited” MMC-də (KDK) sona çatıb. “Samruk-Kazına” Milli Rifah Fondu və “KazMunayGaz” Milli Şirkəti nümayəndə heyətlərinin Azərbaycana bu ayın əvvəlindəki işgüzar səfərlərinin məqsədi də “Sətti”nin təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq idi. Bu səfər həmçinin neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədini daşıyırdı.
“Sətti” qurğusu
Qazaxıstan “KMG Drilling and Services” MMT-yə məxsusdur. 2019-cu ilin
yanvar ayında SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) və “KazMunayGaz” arasında
imzalanmış memoranduma,
eləcə də həmin ilin fevralında “Kaspian Drilinq Kompani Limited” MMC və “KMG Drilling and Services” MMT arasında
bağlanmış müqaviləyə
əsasən, bu qurğu KDK-nin etibarlı idarəetməsinə
verilib.
Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik KDK “Sətti”nin modernləşdirilməsini də uğurla həyata keçirib. Təkmilləşdirilmə qurğunun texniki və istehsalat qabiliyyətini artırmış, onun 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularını təhlükəsiz və səmərəli qazmasına imkan yaratmışdır.
Qazaxıstanlı qonaqlar KDK-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət edib. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi tədbirdə “Sətti”nin modifikasiyası və hazırda cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilib. Beləliklə, nümayəndə heyəti qurğuda görülmüş təkmilləşdirmə işləri ilə yerində tanış olub. Qeyd edək ki, əməliyyat dövründə qurğu üzərində menecmenti KDK şirkəti həyata keçirəcək.
Hazırda “Sətti” Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub. Gələcəkdə bu qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da iştirak edəcəyi nəzərdə tutulub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “KazMunayGaz” Milli Şirkətinin səhmdarı “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “KazMunayGaz”la həyata keçirilən birgə layihələrə aid məlumat verilib. Eləcə də geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərindən, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs edilib. Qeyd edilib ki, neft-qaz layihələrində birgə işləmək, əməkdaşlığı daha da möhkəmləndirmək üçün böyük perspektivlər var. Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə Qazaxıstan neftinin dünya bazarlarına çıxarılması mövcud imkanlardan biri kimi göstərilib.
“Samruk-Kazına” Milli Rifah Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankı (10 faiz) Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGaz” Milli Şirkətinin səhmdarlarıdır. “KazMunayGaz” Milli Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin tərkibində 190-dan çox təşkilat birləşib.
“Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Qazaxıstanın birgə biznes layihələrinin potensialından bəhs edib. Son vaxtlar əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, Qazaxıstanın gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğu vurğulanıb.
Qonaqlar “SOCAR Tower” ilə də tanış olublar, Neft muzeyini ziyarət edib, Vizualizasiya Mərkəzinə baş çəkiblər. Xatırladaq ki, Vizualizasiya Mərkəzi istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, irihəcmli və kritik layihələr üzrə müzakirələrin aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.
Azərbaycanın və Qazaxıstanın neft-qaz sənayesini təmsil edən səlahiyyətli nümayəndələrin görüşləri daha böyük əməkdaşlıq perspektivlərindən xəbər verir. “Sətti”nin ölkəmizdəki fəaliyyəti də əməkdaşlıq və tərəfdaşlığa yeni təkan verir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 7 iyul.- S.1;5.