İLHAM ƏLİYEV Kəlbəcəri dünyanın möcüzəsinə çevirəcək

 

 

 

İlahi, hara getmişdi bu el-oba, hayana üz tutmuşdu kəndin camaatı...

 

Görəsən, bəs onun ailəsi, ata-anası, bacı-qardaşı necə olmuşdu?!

 

Gənc Qurban onlardan bir soraq almaq ümidilə həyəcanla ətrafa baxır, qonşu həyətlərə, evlərə bir-bir göz gəzdirirdi.

 

Lakin kənddə heç kim yox idi... Bomboş küçələrdə yiyəsiz qalmış evlərin, sahibsiz mal-qaranın, qoyun-quzunun mələrtisi qılınc kimi kəsən çovğunun vıyıltısına qarışaraq adamın qəlbini parçalayır, tüklərini ürpədirdi...

 

Ərşə dirənən ah-nalə, fəryad səsləri lap yaxınlıqdan gələn aramsız atəş səslərinə, vahiməli top, tüfəng, bomba səslərinə qarışmışdı. Sanki qiyamət qopmuş, göy də, yer də lərzəyə gəlmişdi...

 

Kəlbəcər dağları od tutub yanırdı, şəhərin özündən, onun kəndlərindən, meşələrindən səmaya alov dilləri qalxırdı, qapqara tüstü burumları asimana hücum çəkirdi. Göylər daha böyük qəzəblə şaxtalı-qarlı çovğunu yerə çırpırdı...

 

Bu qiyamət günündə Murovun sərt aşırımlarına doğru üz tutan qəm karvanı qocaman bir eli Kəlbəcərdən alıb aparırdı. Şəhər uzaqlaşdıqca ürəklər bu ayrılığa tab gətirmir, məşum mənzərədən parça-parça olurdu...

 

Qəhər boğazında düyünlənmişdi, hönkürmək, bu haqsızlığa görə fələyin oyunlarına üsyan etmək istəyirdi, amma bacarmırdı, gözyaşları içinə axırdı.

 

27 ildən çox müddətdə içərisinə dolan gözyaşı ağır daş olub qəlbindən asılıb qalmışdı...

 

Onda hələ 1993-cü il aprelin 2-si idi...

 

 

 

Kəlbəcərin “qonaq bayramı”

 

 

 

...Gilas ağaclarının muncuq-muncuq sırğaları ilə öyündüyü yay fəsli yetişəndə sanki Kəlbəcərin möcüzəli təbiəti də insanları kimi, qonaq-qara qarşılamaq üçün sevinirdi. Ötən quşların cəh-cəhi zümrüd meşələri başına götürər, şəlalələr şövqlə çağlayar, yamyaşıl çəmənlərdə minbir rəngli güllər açardı. Bir gün görərdin dağların döşü qıpqırmızı laləyə bürünüb, gah da baxardın xallı nərgiz günəşə meydan oxuyur, al-əlvan maralgülü sanki xallı kəpənəklərlə gözəllik yarışına girib...

 

Bütün Kəlbəcər elində olduğu kimi, Nadirxanlıda Rza kişinin evində, ailəsində, həyətində də yaxınlaşan “qonaq bayramı”nın ab-havası yaşanardı...

 

Əzəmətli dağların ətəyində, Tərtər çayının kənarındakı yamyaşıl geniş həyətdə qonaqların çadırları durna qatarı kimi sıralanardı. Ətirli yumşaq otların üzərinə xalılar, xalçalar döşənərdi... Samovarlara od salınar və birazdan kəklikotulu çayın ətri bürüyərdi aləmi... Sacda yuxa salınar, nehrə çalxalanar, əmlik quzular kəsilər, saz-söz məclisi düzənlənərdi. Qüdrətdən var olan Kəlbəcərin möcüzəli təbiətindən ilham alan el aşıqları telli sazı sinələrinə basıb elə bir “Kərəm gözəlləməsi”, “Baş sarıtel”, “Ruhani” çalardılar ki, az qalardı dağ-daş dilə gəlsin. Bu dağlarda şairlərin qəlbinin söz çeşməsi də Kəlbəcərin durna gözlü bulaqları kimi dayanmadan eşqlə coşar, çağlayardı...

 

...Bütün bu xoşbəxt anlar 2 aprel 1993-cü ilə qədər ürəklərdə ələm taxtı quran bir qərinəlik zaman ayrılığının o üzündə qalmışdı...

 

 

 

Kəlbəcərli bəxtəvərlərin Prezidentə əbədi borcu

 

 

 

Qəhrəmanımız 27 ildən çox idi ki, düşüncələrində daim dağı arana, aranı dağa aparır, o xoşbəxt, məşum günləri kino lenti kimi xəyalında canlandırır, gah gülümsəyər, gah da qəm dəryasına qərq olardı...Ta ki 2020-ci ilin payızına qədər! Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın, əzəli dədə-baba yurdlarımızın azadlığını bütün dünyaya bəyan etdiyi o müqəddəs və xoşbəxt Zəfər gününə qədər...

 

“25 noyabrda Ali Baş Komandan “Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır!” söyləyəndə hamı kimi mən də sevinc göz yaşlarını saxlaya bilmədim. İllər idi bu xəbərin həsrətini çəkirdik, amma qəlbimizdə bir gün ana yurda dönəcəyimizə əminlik vardı. O böyük inamı bizə Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev vermişdi. Hər iki müdrik lider bütün çıxışlarında qətiyyətlə bildirirdi ki, qaçqın və məcburi köçkünlər mütləq öz dədə-baba yurdlarına qayıdacaqlar...” - deyir həmsöhbətimiz...

 

Hazırda Nazirlər Kabineti Aparatının əməkdaşı, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü və 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi ilə, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Qurban Rza oğlu Sadıqovdur “Qarabağ söhbətləri”ndə...

 

Qurban müəllimlə Kəlbəcərə, Nadirxanlı kəndinə uşaqlıq, gənclik illərinə qayıdırıq... Kəlbəcərin ağır, məşəqqətli günlərindən ürək ağrısı ilə söhbət açır və nəhayət, doğma yurdu Kəlbəcərin azadlığının sevincini, qürurunu, fəxarətini yaşayırıq...

 

Qurban müəllim deyir ki, 1988-ci ildən etibarən ermənilərin Ermənistanda apardığı etnik təmizləmə siyasəti, Qarabağda xalqımıza qarşı törətdikləri vandalizmin, faşizm əməllərinin canlı şahidi olub: “Dövlət qulluqçusu kimi söyləmirəm, bir vətəndaş, hər şeydən də öncə elindən didərgin düşən kəlbəcərli məcburi köçkün kimi deyirəm: bizim qəlbimizdə bu keşməkeşlərdən qurtaracağımıza inam yaratdığına görə həyatım boyu Ulu Öndər Heydər Əliyevə minnətdar olacağam. Yurd həsrətimizə birdəfəlik son qoyduğuna, bizə Kəlbəcər bəxtəvərliyi bəxş etdiyinə görə cənab Prezident İlham Əliyevə necə təşəkkür, minnətdarlıq edəcəyimi isə sözün düzü, ifadə edə bilmirəm... Çünki bütün hisslər də, sözlər də dövlət başçımızın bizim üçün etdiklərinin yanında çox sönük qalır!.. Qarabağı azadlığına qovuşdurduğuna, Kəlbəcəri, Laçını, Ağdamı bir güllə belə atmadan, bir itki belə vermədən xilas etdiyinə, bütün qarabağlılara, o cümlədən biz kəlbəcərlilərə etdiyi misilsiz yaxşılıqlara görə hesab edirəm ki, bizdən sonra gələn bütün nəsillər də Ulu Öndər Heydər Əliyevə və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə minnətdar olacaqlar...”

 

 

 

Möcüzələr diyarı

 

 

 

Bulaq sularından yaranan dumduru Tərtər çayının ortadan kəsib keçdiyi, uca dağ zirvələri buludlara dirənən, dumandan hörülmüş ağ örpəyi günəşin üzünə rübənd salan qədim bir kənd vardı Kəlbəcərdə  Nadirxanlı kəndi...

 

Qurban müəllim bu kənddə doğulmuş, dünyaya göz açdığı ecazkar təbiətin vurğunu olmuş, onunla həmahəng böyümüşdü. Ta uşaqlığından sübhün alaqaranlığında dağlardan axıb gələn çoban tütəyinin səsinə oyanar, təbiətin ahənginə qoşulub xoşbəxt anlara, aylara, illərə qanad açardı...

 

Kəlbəcərin bütün obalarında olduğu kimi, Nadirxanlıda da hər fəslin öz gözəlliyi, öz sehri, sevimli məşğuliyyəti olardı...

 

O da sərin xəzan fəslində sübh tezdən uşaqlarla qoz meşəsinə yollanar, gecədən yağış və küləyin “cıvırıqdan” (yaşıl qabıq) çıxardıb yerə tökdüyü yetişmiş qozu yığmağı xoşlayardı. Kəndin ətrafındakı zoğallığa gedib xeyli zoğal yığardı və anası Nabat xala oğlunun yığıb gətirdiyi o meyvələrdən elə dadlı mürəbbələr bişirərdi ki...

 

Soyuq qış günlərində çırthaçırtla yanan odun sobasının qırağında oturub pəncərədən çölə, nəhəng dağlara, qarlı meşələrə, göz işlədikcə uzanan dərələrə, dağ yamaclarına baxar, təbiətin bu bəmbəyaz möcüzəsini heyranlıqla seyr edərdi...

 

Budur, artıq havada yaz ətri duyulur, küləyin ilıq mehi talalardan boy göstərən yaşıl otlara sığal çəkir, qaranquşlar, boynubükük bənövşələr baharın gəldiyini müjdələyir. Demək, sevimli Novruz bayramı da yaxınlaşır... Axır çərşənbəni həvəslə gözləyir... Həmin gün tonqallar qalanacaq, uşaqlarla birgə evləri bir-bir gəzəcəklər, yığılan bayram sovqatlarını, şirniyyatı, un, süd, yağ, qoz-fındıq, meyvə paylarını yığaraq bir evə toplaşacaqlar... Nənələr o bayram payından uşaqlara ləzzətli kömbə kökələr hazırlayacaq... Nə gözəl günlər idi!..

 

Yay fəslində isə Nadirxanlı camaatı əsasən Söyüdlü, Kazımkənd və Bəzirxana yaylağına köçərdi. Orda həm dincələr, həm də qış ehtiyatı tutardılar. O da atası Rza kişi ilə tez-tez Hava xalasıgilin yaşadığı Kazımkənd yaylağına gedərdi. Heç yadından çıxmaz, onlar gələn kimi xalası adamboyu qalxmış otun içində qaçmağa çətinlik çəkən çolpalardan tutub kəsdirər, nehrə yağı ilə bişirərdi. Hələ də o dad damağından getməyib...

 

Babası və atası kərənti ilə ot biçər, o isə biçilib qurumuş otları kiçik topalar şəklində yığardı və xotmalayardı... Bəzən yaba ilə otu qaldıranda altında ətirli çiyələklər görər və sevincək onları ovcuna yığıb babasının ya atasının yanına qaçardı... Biçinin sonunda isə baldırğan gövdəsindən süzülən dadlı şirədən və bumbuz bulaq suyundan içən kimi bütün yorğunluğu çıxardı...

 

Qurban müəllimin uşaqlığı bax beləcə şən, qayğısız, xoşbəxt keçmişdi...

 

Bundan sonra söz Qurban Sadıqovundur...

 

 

 

Bərəkətli ev

 

 

 

- Zəhmətkeş ailəmiz vardı, atam fəhlə idi, anam xəstəxanada tibb bacısı işləyirdi. Evdə yeddi uşaq idik, iki qardaş, beş bacı. Valideynlərimiz gecələrini gündüzlərinə qatıb bizi əllərinin qabarı ilə böyüdüb, təhsil veriblər.

 

Ata babam və nənəm erkən dünyalarını dəyişdikləri üçün çox təəssüf ki, onları görə bilməmişəm...

 

Kənddə böyük məhləmiz varıydı, babamgil bir başında, biz isə o biri başında yaşayırdıq. Babam Həbib Kəlbəcərin Nadirxanlı kəndini salan, əhalini orada məskunlaşdıran Məşədi Bəxtiyarın oğlu idi. Çox nurani, müdrik, olduqca vətənsevər, işgüzar, zəhmətkeş, qonaqpərvər insan idi. Deyərdim ki, uşaqlıq dövrüm ən çox elə babamla keçib. Yer əkməyə, tərəvəz becərməyə, ağacları sulamağa həmişə bərabər gedərdik. Evin hər işində ata-anama, baba-nənəmə kömək etmişəm. Səhər tezdən durub bostan sulayırdım, qardaşımla yay uzunu ot biçininə gedirdim, ev və təsərrüfat işlərində kömək edirdim... Kəlbəcərli günlərimlə bağlı ən çox yaddaqalan xatirələr isə qonaq qarşılamağımızla bağlıdır...

 

Yay olanda o zaman Bakı Şəhər Dövlət Yol Polisində işləyən əmim Mirzə Sadıqovun və xalamgilin ailəsi, eləcə də onların şəhərdən olan qonaqları, dostları, Bərdədən atamın çox yaxın dostu Şura dayı bütün qohumlarının ailələri ilə yığışıb bizə gələrdilər. İki otaqlı, kiçik mətbəxli evimiz var idi deyə ora sığışmazdılar və həyətimiz çadırlarla dolardı. Bir qismi də qohumların evində qalardı. Bütün yayı bir ailə kimi, deyə-gülə, şən əhvali-ruhiyyə ilə keçirərdik...

 

İlin 9 ayını hazırlaşardıq ki, yayda gilasın, tutun yetişən vaxtı bizə qonaqlar gələcək. Mütləq çolpanın, hinduşkanın, quzunun, çəpişin sayını artırmaq lazım idi... Babamın və atamın rayon ərazisindən də olan qohumlarının, dostlarının bizdə müntəzəm yığışmaları ailəmizə daha çox sevinc gətirərdi. İlboyu ailəlikcə tədarük gördüyümüz azuqəni, balı, qaymağı, yağı, yumurtanı sevinə-sevinə qonaqlarımızla paylaşardıq. Əlbəttə, çaşır və baldırğan süfrənin bəzəyi idi... İnanın ki, evimizdə qonaq olmayanda çox darıxırdıq, az qala özümüzü narahat hiss edirdik... Ümumiyyətlə, bu cür qonaqpərvərlik təkcə bizim ailə üçün deyil, bütün kəlbəcərlilər üçün xarakterikdir...

 

 

 

Kəlbəcər cah-cəlallı, insanları dağlar kimi vüqarlıdır...

 

 

 

- 1969-cu ildə birinci sinfə getdim. Amma kəndimizdəki məktəb 8 illik olduğu üçün 9-10-cu sinfi yaxınlıqdakı Qılınclı kənd tam orta məktəbində oxudum. Hər iki məktəbdə təhsil səviyyəsi yüksək idi. Yaxşı müəllimlərimiz vardı. Elə buna görədir ki, Kəlbəcərdən hər biri öz sahəsinin peşəkarı olan xeyli sayda alim, pedaqoq, mühəndis, folklorşünas, qələm sahibi, dövlət xadimi və digər peşə adamları çıxıb... Kəlbəcərin sənət adamlarının, xüsusən məşhur aşıqların, şairlərin səs-sorağı isə bütün Azərbaycana və onun hüdudlarından kənara yayılıb...

 

Orta məktəbi əla qiymətlərlə bitirdim. Qohumlarımızın içində ovaxtkı Dövlət Təhlükəsizlik Komitəsində çalışanlar olduğu üçün mən də uşaqlıqdan bu sahəni istəyirdim. Həmin qurumda çalışmaq üçün rus dilini bilən mütəxəssislərə üstünlük verildiyindən düşündüm ki, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olum, sonra istədiyim sahəyə keçərəm. 1979-cu ildə sənədlərimi həmin İnstituta verdim və qəbul olundum.

 

Sonuncu kursda oxuyanda bir gün Nəsimi Rayon Partiya Komitəsinin vəzifəli şəxsləri, SSRİ Təhlükəsizlik Komitəsinin nümayəndələri və bizim institutun partiya komitəsinin sədri auditoriyaya gəldilər. Təhlükəsizlik Komitəsi üçün kadr seçirdilər. Məni də bu sahəyə uyğun bildilər və sevindim ki, uşaqlıq arzum yerinə yetir. Fərdi söhbət zamanı dedilər ki, komitənin Minskdə olan ikiillik ali kursuna oxumağa getməliyəm. Amma kursu bitirdikdən sonra ola bilsin ki, təyinatla 25 il müddətinə Azərbaycana yox, SSRİ-nin başqa bir nöqtəsinə göndərildim. Ailəmin vəziyyətini götür-qoy edəndən sonra bu təklifdən imtina etdim. Çünki qardaşım da həmin vaxt Neft Akademiyasında təhsil alırdı. Düşündüm ki, ixtisası ilə əlaqədar o, Bakıda qalıb işləməli olacaq, Kəlbəcərə qayıtmayacaq. Mən də çıxıb getsəm, ailəmizin, atamın, anamın, qoca nənəmin, bacılarımın vəziyyəti necə olacaq, onlara kim arxa-dayaq duracaq?! Beləcə uşaqlıq arzumdan əl çəkdim...

 

1984-cü ildə Şuşa şəhərindən olan xanımımla ailə həyatı qurduq. Tez-tez Şuşaya getməli olurdum. Ermənistanın hərbi təcavüzündən sonra Şuşa və işğal olunmuş digər rayonlarda soydaşlarımızın hansı dözülməz şəraitdə yaşamalarının, erməni işğalçılarına qarşı necə qəhrəmanlıqla mübarizə apardıqlarının şahidi olmuşam. Qayınatam, Böyük Vətən müharibəsinin iştirakçısı Məmməd Məmmədov 2 aprel 1989-cu ildə bu hadisələrin ucbatından vaxtsız dünyasını dəyişdi. Qayınanam Firəngiz xanım Kəlbəcərin işğalından sonrakı 28 ili bizimlə bir yerdə yaşadı. Şuşanın azad olunması xəbərini eşitsə də, oranı yenidən görmək ona qismət olmadı...

 

Mən ali məktəbi bitirib Kəlbəcərin Sarıdaş kənd orta məktəbinə pedaqoq kimi təyinat aldım. Bizim kəndlə Sarıdaş arasında 4 kilometr məsafə var idi. Hər gün bu yolu piyada gedib-gəlirdim, hətta qışda 40 sm qar yağanda da o yolu gedib gəlirdim, heç vaxt dərsdən qalmırdım.

 

Az sonra mən Kəlbəcər Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Sahib Əkbərov tərəfindən həmin qurumda təlimatçı vəzifəsinə, daha sonra isə işgüzar fəaliyyətim nəzərə alınaraq, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə isə humanitar məsələlər şöbəsində məsul vəzifəyə təyin olundum.

 

Həmin dövrdə vəzifəmlə əlaqədar Kəlbəcərin bütün ərazisini, yaşayış qəsəbələrini, yaylaqları, dağları qarış-qarış gəzmişəm, hər kənddə olmuşam, insanları yaxından tanımışam. Kəlbəcərin əsrarəngiz təbiəti, hündür dağları, çayları, dünyanın nadir ağacları bitən sıx meşələri, bənzərsiz flora və faunası, yeraltı, yerüstü sərvətlərinin zənginliyi, iqliminin gözəlliyi, eyni zamanda insanlarının istiqanlılığı, dürüstlüyü, əqidəliliyi, fədakarlığı, vətənpərvərliyi, qonaqpərvərliyi, səmimiliyi, saflığı, mətinliyi və təmənnasızlığı sanki bir harmoniya, tamlıq təşkil edirdi. Hər zaman Kəlbəcər cah-cəlallı, insanları dağlar qədər vüqarlı olub...

 

 

 

Kəlbəcər mühasirədə döyüşürdü

 

 

 

- 1988-ci ildən etibarən Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə və işğal siyasəti baş qaldırandan bütün Qarabağda olduğu kimi, Kəlbəcərdə də vəziyyət gərginləşdi... Qədim yurd yerimiz Göyçədən olan soydaşlarımızın bir hissəsi qarlı-çovğunlu qış günlərində piyada uca dağları aşaraq Kəlbəcərə pənah gətirmişdilər. Rayonun bütün aidiyyəti qurumları onların qarşılanmasını və yerləşdirilməsini təmin etdi. Bir çox ailəni də biz öz kəndimizdə yerləşdirdik.

 

Ağdərə yolu bağlanmışdı. Buna görə də o zaman rayon rəhbərliyinin uzaqgörənliyi nəticəsində Murovdan çətinliklə keçilən bir yol açılmışdı. Həmçinin Kəlbəcərlə Laçın rayonunu birləşdirən yol da çəkilmişdi. 1992-ci il mayın 18-də Laçın işğal olunanda oranın Kəlbəcərə yaxın kəndlərinin əhalisi də həmin Murov yolu ilə çıxıb canlarını qurtarmışdılar.

 

Müharibə şəraitinə uyğun olaraq rayon rəhbərliyi qarşımızda müvafiq vəzifələr qoymuşdu və biz Ermənistanla, yuxarı Qarabağla həmsərhəd yaşayış məntəqələrinə və zastavalara təhkim olunmuşduq. Daim o ərazilərdə olur, əsgərlərin gündəlik təminatını, problemlərini öyrənir, əhali ilə izahat işləri aparır, vəziyyəti rəhbərliyə məruzə edirdik.

 

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Ağdərə rayonunun Çapar deyilən kəndinin ərazisindən Ağdaban və Çayqovuşan kəndlərinə hücum edərək kəndlərin keşiyini çəkən mülki şəxsləri güllələmiş, kənddə böyük qırğınlar, talanlar törətmişdilər.

 

O zaman Kəlbəcərə ezam olunmuş Azərbaycan Televiziyasının müxbiri Nadir Abdullayevi müşayiət etmək mənə tapşırıldı və çəkiliş aparmaq üçün biz böyük çətinliklə Ağdabana getdik. Hərbçilərimiz erməniləri kənddən qovub çıxartsa da, ərazidə təhlükə hələ qalırdı... Vəhşi ermənilər bir gün içərisində Ağdabana girmiş, insanları qətlə yetirmiş, girov aparmış, evləri dağıtmış, hər tərəfi yandırmışdılar. Bəzi evlərin həyətlərindəki təndirlərə kisələrdə soyutma ət, içki, çörək gətirib yığmışdılar. Onlar mövqelərini həmin yerlərdə bərkidəcəklərini düşünmüşdülər... Ağdabana çatanda ömür boyu gözlərim önündən getməyəcək və məni iliklərimə qədər sarsıdıb dəhşətə gətirən ürək parçalayıcı bir mənzərənin şahidi oldum. Həyətlərin birində bir qadın üz-gözünü cıraraq, saçlarını yola-yola yanmış ot tayasının başına fırlanırdı. Onun qışqırtısı, ah-naləsi bütün kəndi bürümüşdü. Vəhşi ermənilər qadının yeganə oğlunu gecə bu ot tayasında yandırmışdılar...

 

Böyük sənətkar, Kəlbəcər elinin dədəsi Aşıq Şəmşirin evinə daxil olduq. Vandallar Aşığın bütün külliyatını yandırmış, evi tar-mar etmişdilər. O zaman ermənilərin Ağdabanda törətdikləri bütün bu vəhşiliklər lentə köçürüldü.

 

Ağdaban və Çərəkdar kəndləri yandırılandan sonra həmin kəndlərdən olan üç ailə gəlib bizim evdə qalırdı.

 

Sovet qoşunlarının, erməni və kürd terrorçu silahlı birləşmələrinin iştirakı ilə Kəlbəcəri işğal edən Ermənistan 1993-cü ilin aprel ayında ikinci bir “Xocalı faciəsini” rayonun Başlıbel kəndində törətdi.

 

Onu da deyim ki, mən Bakıdan Kəlbəcərə qayıdandan sonra anamın arzusu ilə böyük bir ev tikdirmiş, rahat şərait qurmuş, 5 kilometr məsafədən bulaq suyu çəkdirmişdim. Təzəcə sevinmişdik ki, hər bir şəraitimiz var, artıq toy-büsatımızı keçirəcək, hörmətli qonaqlarımızı rahat qəbul edəcək, firavan yaşaya biləcəyik...

 

Amma təəssüf ki, biz o evdə sadəcə Çərəkdarda döyüşdə şəhid olan yaxın qohumumuz 70 yaşlı Yunis Məmmədovun və Əziz nənəmin 40 gün yasını verə bildik. O evdə xoşbəxt yaşamaq bizə nəsib olmadı...

 

1993-cü il aprelin 1-də tapşırıq aldım ki, təcili tunel ərazisindəki hərbçilərimizə yanacaq aparılmalıdır. Artıq ermənilər ora yaxınlaşırdılar. Yük maşını təşkil etdik və yanacaq götürüb ora yollandıq. Martın ortalarından aprelin 2-si də daxil olmaqla Kəlbəcərin Ermənistanla və yuxarı Qarabağla həmsərhəd bütün yaşayış məntəqələrinə toplardan və minamyotlardan atəş açılıb yandırılırdı. Vəziyyət çox gərgin idi, tələfat olmasın deyə mart ayının son günləri artıq əhalini rayon ərazisindən çıxardırdılar. Mən aprelin 2-də Nadirxanlıya qayıtdım, gördüm bizim də ailəmizi aparıblar, kənddə heç kim qalmayıb, sadəcə bir neçə yaşlı və xəstələr var idi. Təcili onları da Əyyub kişinin traktorunun qoşqusuna (“lafetə”) yerləşdirdik ki, dağ yolu ilə çıxa bilisinlər. Həmin gün Qamışlı çayından keçən axırıncı maşınlardan birində mən də çıxdım. Bizdən təxminən 10-15 dəqiqə sonra artıq o yol da bağlandı...

 

Dəniz səviyyəsindən 3724 metr hündürlükdə yerləşən Murovda elə bir qar-boran var idi ki, sanki dünyanın sonu gəlmişdi. Yaşlı insanlar, qadınlar, uşaqlar dağlara, meşələrə səpələnmişdi... Kimisi piyada gedir, kimisi yük maşınlarının üstündə şaxtadan donurdu. Çox böyük müsibətlər yaşadıq... Yolboyu ailəmizi axtarsam da, tapa bilmədim, ağlıma min cür fikir gəlirdi... Nəhayət, bir gün sonra Gəncədə bir kəndçimizlə rastlaşdım, dedi sizinkilər yük maşınının üstündə Goranboy istiqamətində getdilər. Düşündüm, yəqin ailəmiz Bərdəyə, atamın dostu Şura dayıgilə getmiş olar. Ailəmiz də mənim öldü-qaldımı bilmirdilər. Soraqlaşa-soraqlaşa bir müddət sonra Xəsilli kəndinə, onların yanına gedəndə anamla atamın necə körpə uşaq kimi boynumu qucaqlayıb ağlamaları hələ də bağrımın başını köz kimi yandırır... Valideynlərimlə görüşəndə bildim ki, onlar da çıxanda mənim kimi kənddən bircə əyinlərindəki paltarla çıxmışdılar. Dişimizlə-dırnağımızla illər uzunu qurduğumuz ev-eşik tamamilə mənfur düşmənə qalmışdı...

 

Onu da deyim ki, işğala qədər Kəlbəcər düz 5 il mühasirə şəraitində yaşadı. Ancaq çox təəssüf ki, bu 5 il ərzində ovaxtkı iqtidarların heç biri Xocalı, Şuşa, Laçın kimi, Kəlbəcərin də xilası üçün heç nə etmədi... Təsəvvür edin, yollar bağlı, elektrik enerjisi yox. Kəlbəcərin bütün təminatı yalnız Murov yolu ilə həyata keçirilirdi. Sakinlər isə respublikanın digər bölgələrinə Murov yolu ilə və ya helikopterlərlə gedib gəlirdilər. Hərbçilər və yerli könüllülər öz qanları bahasına Kəlbəcəri müdafiə edirdilər. Şəhidlərimiz çox olurdu... Hər gün döyüş bölgələrindən nə qədər yaralılar gətirilirdi. Kəlbəcərin qəhrəman həkimləri xəstəxanalarda çox çətin şəraitdə o igidlərin həyatını xilas etmək üçün gecə-gündüz çalışırdılar.

 

Kəlbəcər çox ağır günlər keçirsə də, amma heç zaman düşmənə təslim olmur, cəsurluqla mübarizə aparır, döyüşürdü. Mülki əhali də hərbçilərimizə əlindən gələn köməyi əsirgəmirdi, kimisi onlara qoşulub döyüşə girir, kimisi zastavalara heyvan kəsib aparır, kimisi çörək, meyvə-tərəvəz daşıyırdı... Hamı çalışırdı ki, Vətənin müdafiəsinə imkanı daxilində dəstək olsun...

 

Ancaq ovaxtkı siyasi hakimiyyətdə olan naşı, bacarıqsız, səriştəsiz, tamahkar, yarıtmaz adamlar Azərbaycanın qala qapısı Kəlbəcəri də düşmənə təhvil verib, bu məğrur dağlar diyarını viranə qoydular...

 

 

 

Ulu Öndər bizə Vətənə qayıdış inamını bəxş etdi

 

 

 

- Kəlbəcər işğal olunandan sonra rayon icra hakimiyyətinin nümayəndəsi kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda səlahiyyətli nümayəndə təyin olundum. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalımız, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Qəmbər Qurbanovun müvafiq tapşırığına əsasən kəlbəcərlilərin dislokasiya yerini müəyyən edir, hansı ünvanlarda müvəqqəti məskunlaşdıqları barədə adlı siyahılar, ünvanlar tərtib edir, bunları rayon icra hakimiyyətinə göndərirdik ki, o adamlar dövlət qayğısından kənarda qalmasınlar, sosial müavinətlərdən və dövlət tərəfindən olunan digər imtiyazlardan istifadə edə bilsinlər.

 

Təhsilimi davam etdirmək həvəsim isə sönməmişdi. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində qiyabi olaraq ikinci ali təhsil alıb, hüquqşünas ixtisasına yiyələndim.

 

Tale elə gətirdi ki, 17 iyun 1993-cü il tarixdən etibarən 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların,məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş üzrə şöbədə müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışdım. Bu illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdundan didərgin düşmüş insanların taleyi mənə çox yaxın və doğma olub. Məhz bu sahədə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Nazirlər Kabineti rəhbərliyinin bütün göstəriş və tapşırıqları əsasında üzərimə düşən vəzifəni var qüvvəmlə layiqincə və vicdanla yerinə yetirməyə çalışmışam.

 

İqtidar monolit bir komanda olaraq hər zaman yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemlərinin yüksək səviyyədə həll edilməsini təmin edib. Eyni zamanda Ulu Öndərin bir nömrəli problem hesab etdiyi qaçqın və məcburi köçkün problemi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində də çox mühüm işlər görülüb. Dünyanın heç bir ölkəsində belə bir qayğı nümunəsi yoxdur.

 

 

 

Qətiyyətli liderin Zəfər təntənəsi

 

 

 

- Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı yolunda nail olduğu böyük uğurları Prezident İlham Əliyev son 18 ildə öz müdrik daxili və xarici siyasəti ilə daha da möhkəmləndirdi. O, dünyaya Azərbaycanın inkişaf modelini təqdim etdi, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdacaqlarına olan inamını daha da artırdı. Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə reallığa çevirdi.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 ildir dədə-baba yurdumuzu talayaraq, daşı daş üstdə qoymayan, maddi-mədəni abidələrimizi məhv edən, orada Azərbaycan xalqına məxsus bütün izləri silməyə çalışaraq zorla doğma Qarabağımıza yiyələnmək istəyən faşist xislətli erməniləri “Dəmir yumruq”un əzmi ilə cəmi 44 gün ərzində diz çökdürdü. Elə-obaya Qələbə sevinci ərmağan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən həsrətinə son qoydu. 44 günlük müharibə Prezident İlham Əliyevin qətiyyətinin, ordumuzun qüdrətinin və xalqımızın həmrəyliyinin təntənəsi oldu. Eyni zamanda bütün dünyaya nümayiş etdirildi ki, heç bir təzyiq və ya təhdid Azərbaycanı özünün milli maraqlarını təmin etməkdən, haqq yolundan çəkindirə bilməz.

 

İndi səbirsizliklə doğma yurdlarımıza Böyük Qayıdış mərhələsini gözləyirik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və mənfur düşmən tərəfindən tamamilə viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Artıq Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən bütün Qarabağda, həmçinin Kəlbəcərdə də erməni vandalizminə məruz qalan maddi-mədəni irsimizə məxsus nadir incilərin, tarixi-dini abidələrimizin bərpası prosesi başlanmışdır.

 

Hər bir kəlbəcərli inanır ki, İlham Əliyev bütün Qarabağı olduğu kimi, torpağının altı da, üstü də zəngin xəzinə, təbiət incisi və möcüzəsi olan Kəlbəcəri də dünyanın möcüzəli məkanına, turizm cənnətinə çevirəcəkdir...

 

 

 

Kəlbəcərin və kəlbəcərlilərin ən əziz qonağı

 

 

 

- Ən böyük arzum Qarabağın bütün yaşayış məntəqələrinin işğaldan azad olunmasını və onun müasir bərpasını görmək, doğulduğum Nadirxanlıda ata-baba yurdumu bərpa etmək, doğma ocağımızın işığını yandırmaq idi. Çox təəssüf ki, 2005-ci ildə dünyasını dəyişən atama Kəlbəcərin azadlığı xəbərini eşitmək, Nadirxanlıdakı doğma evinə qayıtmaq qismət olmadı. Amma əminəm ki, Vətənimizin azadlığı uğrunda canından, qanından keçərək şəhid olan bütün övladlarımız kimi, qəribçilikdə vəfat edən bütün məcburi köçkünlərin, o cümlədən atamın da ruhu bu xəbəri duydu və indi şaddır...

 

Mən əminəm ki, dövlətimizin dəstəyi və kəlbəcərlilərin fədakarlığı ilə biz doğma torpaqlarımızda əvvəlkindən də gözəl həyat quracaq, evlər, əzəmətli binalar tikəcəyik, ölkəmizin qala qapılarından biri olan Kəlbəcəri daha möhtəşəm, daha qüdrətli edəcəyik... Ölkə Prezidentinin bu günlərdə imzaladığı “Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında” 22 iyun 2021-ci il tarixli sərəncamı da cənab İlham Əliyevin strateji bölgə kimi Kəlbəcərə necə böyük önəm verdiyinin əyani təzahürüdür.

 

Artıq Kəlbəcər dirçəliş yolundadır. O diyarda həyat qaynayır, təsərrüfatlar qayıdır. İndi Kəlbəcərin gül-çiçəkli çəmənliklərində arı pətəkləri qurulub. Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin köməyi ilə bəzi fermer təsərrüfatları öz qoyun sürülərini və arı təsərrüfatlarını Kəlbəcərin geniş yaylaqlarına qaldırıblar... İşgüzar Kəlbəcər camaatı tezliklə öz yurd-yuvasında ev-eşik quracaq, abadlıq işləri aparacaq, oralarda nə düşmənin, nə də acı həsrətin izi-tozu da qalmayacaq... Yenə aşıq havası səslənəcək, müğənnilər oxuyacaq, yenə şairlər şeir deyəcək, yenə toy-büsat olacaq...

 

Yenə qonaqpərvər kəlbəcərlilərin hər birinin evində, süfrəsinin ən yuxarı başında daim bir mötəbər qonaq yeri saxlanacaq; ən əziz adamlar - Xilaskar Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və onunla çiyin-çiyinə Azərbaycan xalqına xidmət edən, işğaldan azad olunmuş əraziləri onunla birlikdə qarış-qarış gəzən, bərpa edən, məcburi köçkünlərə daim qayğı göstərən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva üçün...

 

Şübhəsiz ki, bu gün cənab Prezident

 

İlham Əliyev də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər bir qarabağlının, hər bir kəlbəcərlinin ən müqəddəs ünvanıdır, məğrur dayağı, etibarlı güvəncidir...

 

Qətiyyətli “Dəmir yumruq”u sayəsində Böyük Zəfərə imza atan Ali Baş Komandan sübut etdi ki, o, ən böyük Kəlbəcərlidir, ən böyük Qarabağlıdır, ən böyük Azərbaycanlıdır!

 

Budur, yenə yay fəslidir...

 

Kəlbəcər də, bütün kəlbəcərlilər də ayaqüstədir, şad-xürrəmdir..

 

Kəlbəcərin möcüzəli təbiəti əziz qonaqlarını qarşılamaq üçün bütün cah-cəlalı, naz-neməti ilə pişvaza hazırlaşır...

 

Sıldırım qayaların zirvəsində məskən tutan məğrur qartallar göy üzündə qələbə qıyı çəkir, sıx meşələrdən axan zümrüd bulaqlar sevinclə pıçıldaşır, min bir ətirli güllər-çiçəklər azad Kəlbəcər yaylaqlarına rayihəsini saçır...

 

Başdan-başa bayram əhvali-ruhiyyəsi ilə yaşayan Kəlbəcər eli sazı ilə, sözü ilə, sovqatları ilə tarixindəki ən əziz qonağını qarşılamağa çıxıb...

 

Gələn qonaq onlara Vətən xoşbəxtliyini yaşadan yenilməz sərkərdə, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevidir...

 

Hamı bir ağızdan deyir: Xoş gəlmisən Yeni Kəlbəcərə, əzizimiz, doğmamız, qiymətlimiz, şanlı rəhbərimiz...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 7 iyul.- S.1;4.