Vaksinasiya yalnız
qorunmaq üçün
deyil
COVID-19 infeksiyasının dünyadan təcrid edilməsi üçün
vacib olan peyvəndləmə
həm də sosial məsələdir
Pandemiya! Son iki ilə yaxındır ki, bu söz artıq hər kəsin “dilinin əzbəri”dir. Epidemiyadan pandemiyaya keçdikdən sonra onunla mübarizənin forma və üsulları haqqında düşünmək belə çətin idi. Çünki mənşəyi, yaranma və yayılma səbəbi, müalicəsi haqqında hətta tibb işçilərinin belə təsəvvürləri yox idi. Buna görə də hamı çaş-baş idi: “kimə inanasan, kimdən öyrənəsən, bu bəladan necə yaxa qurtarasan” kimi suallar insanları rahat buraxmırdı.
Artıq bunlar arxada qalan dövr üçün aktual hesab edilə bilər. Bu gün COVID-19 koronavirus pandemiyasından xilas olmağın ən vacib üsulu hesab edilən peyvəndləmə özünün daha çox dərk edilən mərhələsindədir.
Dünyanı çənginə alan pandemiyadan zərər çəkənlərin sayı artıq milyonlarla sayılır. Yoluxmalar, ölənlər və sağalanların hər gün verilən statistik hesabatları göstərir ki, deyəsən pandemiyadan birdəfəlik xilas olmaq üçün vaxtilə tək-tək atılan addımlar bu gün kütləvi hal alır.
Dünən vaksinasiya haqqında daha çox dezinformasiyaya inananlar bu gün inamlı şəkildə peyvəndləmə kampaniyasına qoşulmaqdadırlar. Bütün bunlar ilk növbədə hər bir yeniliyin müəyyən çətinliklərlə qəbul olmasından irəli gəlsə də, əsas məsələ inamın formalaşmasında, təbliğatın formasındakı dəyişiklikdədir, hər halda mütəxəssislər və sosioloqlar belə düşünürlər. Onlar bildirirlər ki, vaksinlər bir ölkədə təqdim olunmazdan öncə geniş sınaqlardan keçirilir.
Həkimlər və alimlər bir
vaksini ictimaiyyətə təqdim etməyə
qərar verərkən ciddi beynəlxalq standartlara əsaslanırlar. Lakin
ixtisas həkimləri onu
da söyləməyi vacib
hesab edirlər ki, bütün digər preparatlar
kimi, vaksinlər də qeyri-ciddi
və müvəqqəti olan yan təsirlərə səbəb ola bilir. Daha ciddi yan təsirlərə
isə çox nadir hallarda rast gəlinir. Çox
güman ki, bir insana vurulan
peyvənddən daha çox həmin xəstəliyin ciddi ziyanı ola
bilər.
Bu gün xüsusi
qeyd edilməlidir ki, COVID-19 peyvəndinə
ehtiyac təcili idi, o səbəbdən dövlətlər və şirkətlər onu hazırlamaq üçün
daha çox vəsait ayırdılar. Hətta iqtisadi
cəhətdən güclü
dövlətlər vaksinlərin
alınmasında daha çox fəallıq göstərdilər. Demək,
vaksinasiyanın ciddi proses olması bu faktda da
özünü göstərir.
Ciddi təhlükəsizlik
və klinik standartlara riayət etməklə yanaşı,
peyvəndin tədqiqi
və hazırlanması
bütün dünyada
eyni zamanda baş verdi.
Bu, peyvəndin daha sürətli hazırlanmasına imkan yaratmış oldu. Lakin bu, tədqiqatların dərinliyini və ya peyvəndlərin təhlükəsizliyini heç
də azaltmadı.
Artıq ictimaiyyət üçün
əlçatan olan peyvəndlərin heç
birinin tərkibində
COVID-19-a səbəb olan
canlı virus yoxdur. Onlar qol ağrısı və ya mülayim
hərarət kimi yan təsirlərə səbəb ola
bilər ki, bu da peyvəndin
işə yaradığına
bir işarədir.
Peyvəndlər bədənin müəyyən
xəstəliklərdən qorunmasına kömək edir. Bədən ona
uyğunlaşanadək, hər hansı bir dərman kimi, qol ağrısı
və ya yüngül temperatur artımına, qısamüddətli
yan təsirlərə
səbəb ola bilər. Bu, öncədən
də gəlinən qənaətlərdəndir. Həkimlərin sözlərinə görə, müəyyən
yan təsirlər mümkündür, lakin
son dərəcə nadirdir.
Bir insanın peyvənddən
çox xəstəlikdən
ciddi şəkildə
zərər görməsi
ehtimalı daha yüksəkdir.
Vaksin sınaqlarında
müxtəlif könüllülər
iştirak ediblər. Klinik sınaqlar
zamanı insanlar könüllü olaraq vaksini qəbul edirlər. Bu könüllülər coğrafi
ərazi, irqi və etnik mənşə,
cins və yaş baxımından müxtəlif olurlar.
Onlar həmçinin bu xəstəliyə yoluxmaq
riskini daha yüksək edən əlaqəli xəstəlikləri
olan insanlardır.
Bu isə vaksinin
hər kəs üçün təklükəsiz
və effektiv olmasını təmin edən əsas şərtlərdəndir.
Effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri, təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün COVID-19 vaksinlərinin də standart hazırlanma qaydaları var. Bura minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri daxildir.
COVID-19-dan qorunmaq və ya onun zərərini azaltmaq üçün həyata keçirilən sosial və tibbi qaydalar öz əhəmiyyətliliyi ilə diqqəti daha çox cəlb etməkdədir. Vaksinasiya da məhz həmin proseslərin, yaxud mərhələnin ən vacib hissəsidir. Doğrudur, bu gün insanlar daha çox peyvəndləmə prosesinə qatılmaqdadır. Bu, qismən də olsa, onlarda bir arxayınlıq yaradır. Unuduruq ki, peyvənd orqanizmin ümumi immunitetinin möhkəmləndirilməsində necə vacib rol oynayırsa, ümumiyyətlə, koronavirus infeksiyasından qorunmaq da o dərəcədə vacibdir.
Son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in sosial məsafə, tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməletmə kimi tövsiyələrini unudanlara da rast gəlinir. İctimai nəqliyyatda, iri ticarət obyektlərində tələb olunan qaydaların “unudulması” sanki pandemiyanın artıq ömrünü başa vurması anlamına gəlir. Əslində, biz pandemiyanın həyatımızdan birdəfəlik getməsi üçün tövsiyələri qulaqardına vurmamalı, inzibati tənbehdən çəkinərək, cərimələnməkdən qorxaraq hüquq mühafizə orqanlarının əməkdaşlarını gördükdə “maskalanmaq”dansa, qayda-qanunlara məhz xəstəlikdən uzaq olmaq üçün əməl etməliyik. Buna ilin isti fəslini bəhanə gətirmək isə yersizdir. Düzgün geyinildikdə, tibbi maskalar həddən artıq az oksigeni və ya çox karbon qazını nəfəsinizə çəkməyə sizi vadar etməyəcək.
Alkoqol qəbul etmək COVID-19-un qarşısını almır və ya müalicə etmir. Eləcə də alkoqol qəbul etmək sizi COVID-19-dan qorumur. Çox alkoqol qəbul etmək əslində digər sağlamlıq problemləri riskini artıra bilər.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, COVID-19 virusunu daşıyıb-daşımadığını təsdiqləməyin ən yaxşı yolu laboratoriya müayinəsinin aparılmasıdır. İstilik və rütubət COVID-19-un yayılmasının qarşısını almır. Hava nə qədər günəşli və isti olursa-olsun, COVID-19-a yoluxa bilərsiniz.
İsti hava şəraiti olan ölkələrdə COVID-19-a yoluxma hadisələri haqqında məlumat verilib. Özünüzü COVID-19-dan qorumağın ən yaxşı yolu başqalarından etibarlı məsafə saxlamaq və əllərinizi tez-tez və hərtərəfli yuyub təmizləməkdir.
Ultrabənövşəyi lampalar COVID-19-un qarşısını almaq və ya müalicə etmək üçün istifadə edilməməlidir. Onlar dərinizi qıcıqlandıra və gözlərinizə zərər verə bilərlər. Əllərinizi alkoqol əsaslı əlovma və ya sabunlu su ilə təmizləmək COVID-19 virusunu aradan qaldırmağın ən təsirli yollarından biridir. COVID-19-un ağcaqanad sancması ilə yayıldığına dair heç bir dəlil yoxdur. COVID-19 əsasən yoluxmuş bir insanın öskürdüyü, asqırdığı və ya danışdığı zaman yaranan damcılarla yayılır. İnfeksiyalı bir səthə toxunduqdan sonra gözlərinə, burnuna və ya ağzına əlini vuranda da yoluxa bilərsən. Özünüzü qorumaq üçün əllərinizi tez-tez təmizləyin və evdə toxunduğunuz səthləri dezinfeksiya edin.
Viruslar, o cümlədən COVID-19 radio dalğalarında və ya mobil şəbəkələrdə “səyahət” edə bilməz. COVID-19 5G mobil şəbəkəsi olmayan bir çox ölkədə yayılmışdır.
Beləliklə, gəlin razılaşaq ki, sağlamlığımız əsasən öz əlimizdədir. O əllərdə ki, vaxtaşırı gigiyena qaydalarına əsasən təmiz saxlamalıyıq. Vaksinlərin etibarlılığı nə qədər güclü olursa-olsun, ilk növbədə sosial qayda-qanunlara əməl etmək pandemiyanın ömrünün qısalığı, “köhnə həyat”a qayıdışı deməkdir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 7 iyul.- S.1;6.