Xoşbəxt sənətkar
Azərbaycan opera müğənnisi, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Xuraman Qasımovanın ömrünün yetmişinci ilində ən böyük yubiley sevinci Prezident İlham Əliyevin imzaladığı sərəncam oldu. Sərəncamda bildirilirdi: “Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin”.
Yubiley təəssüratının xatirələri ilə həmahəng olduğu bir vaxtda sənətkarla görüşdük. Xuraman Qasımova bu əlamətdar günlərində sevincinə şərik olanların varlığından duyduğu məmnunluqla söhbətə başladı:
Yaxşı ki, xatirələr var
- Əvvəla onu deyim ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunmağım uzun illər səbir və sevgi ilə Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafında xidmətlərimə göstərilən böyük diqqətin təzahürüdür. Çox şadam ki, bizim bacarığımıza və əməyimizə qayğı göstərilir, qiymətləndirilir. Yubileyim ərəfəsində aldığım bu mükafat qəlbimdə xoş hisslər oyatdı. Bir də hər yaş dönəmində, həyatımızda əlamətdar hadisələr baş verəndə sanki xatirələr dilə gəlir. Ömrünün ən xoş günlərində insanın gözləri hər zaman ona yaxın, doğma olan insanları axtarır. Ötən illər, həyatında yeri əvəzedilməz olanlar üçün qəribsəyirsən. Mən də bu dünyadan erkən köçmüş valideynlərimin, qardaşımın sevincimə şərik olmamalarına heyifsilənirəm. Həyatın öz qanunları var. Heç kəs bu dünyada əbədi deyil. Ancaq nə yaxşı ki, illərin uzaqlığında qalsa da, könlümə həmişə yaxın olan xatirələr var. O illəri, doğmalarımı dönə-dönə yada salmaq mənim üçün olduqca fərəhlidir...
Xatirələrin işığında hər zaman aydın gördüyüm, illərin məndən uzaqlaşdıra, unutdura bilmədiyi bir ev var. Bakının bənzərsiz İçərişəhərində yerləşən o ev mənim ata ocağımdır. Biz üç uşaq - böyük qardaşım Əlibəy, bacım Fidan və mən həyatı öyrənməyə ordan başladıq. Valideynlərimizin sevgisini, zəkasını, qayğıkeşliyini, ümidlərini, arzularını qəlbimizə köçürə-köçürə boya-başa çatdıq.
Bakıda ziyalı ailəsində dünyaya gəldik. Babamız Əlibəy Qasımov Qori Müəllimlər Seminariyasının məzunu olub. Seminariyada təhsilini uğurla başa vurduqdan sonra vətənə qayıdıb. Pedaqoji fəaliyyətə başlayıb. Bir neçə dili mükəmməl bilən babam dünyaşöhrətli yazıçıların əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. 1920-ci ildə Bakı Dövlət Universitetinin açılmasında böyük xidmətlər göstərən ziyalılarımızdan biri də babam olub. Özü də həmin universitetdə çalışıb. Rus dili kafedrasına rəhbərlik edib. Bir müddət prorektor vəzifəsində işləyib. Tanınmış maarifçi olub.
Atam Əkrəm Qasımov Neft-Kimya İnstitutunda (indiki Neft Akademiyası - Z.F.), anam Tükəzban xanım isə Tibb İnstitutunda (hazırda Tibb Unuversiteti - Z.F.) təhsil almışdı. Atam məsul vəzifələrdə çalışırdı. Anam isə işləmirdi. Ailəsinin qayğısına qalırdı. Təhsilimizlə, tərbiyəmizlə də daha çox anam məşğul olurdu.
Musiqi ilə keçən uşaqlıq illəri
Valideynlərimizin geniş savada malik olmaları, mədəniyyəti, incəsənəti çox sevmələri, bu hissi bizə də aşılamaları həyatımızı başlanğıcından mənalandırdı. Onlar Azərbaycan musiqisini, incəsənətini yalnız sevməklə, pərəstiş etməklə kifayətlənmirdilər. Ata-anamız həm də bu aləmə yaxın idilər. Evimizə tez-tez onların yaxın dostları olan mədəniyyət, incəsənət, elm xadimləri qonaq gəlirdilər. Akademik Zahid Xəlilov, xalçaçı rəssam Lətif Kərimov, bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Cahangir Cahangirov, Tofiq Quliyev, Maestro Niyazi, tarzən Hacı Məmmədov və başqalarını ata-anamızın sayəsində uşaqlıqdan tanıdıq. Kiçik yaşlarımızdan onların maraqlı söhbətlərini dinlədik, yeni əsərlərinin ilk dinləyicilərindən və ifaçılarından belə olduq.
Bizə səs genetik olaraq keçib. Atam da
çox gözəl tenor səsə malik idi. O, tarda,
pianoda, akkordeonda çalır və oxuyurdu. Azərbaycan
xalq mahnılarını, romansları, ariyaları məharətlə
ifa edirdi. Bir gün ailəmizin yaxın
dostlarından olan Maestro Niyazi onu Üzeyir Hacıbəylinin
yanına aparıb. Üzeyir bəy
atamın ifasını dinləyib, çox bəyənib və
onu birbaşa konservatoriyanın üçüncü kursuna qəbul
edib. Ancaq atam bir il oxuyandan sonra
konservatoriyanı tərk etmək məcburiyyətində
qalıb. Çünki ölkə rəhbərliyi
tərəfindən məsuliyyətli vəzifəyə təyin
olunub. Çoxları atamın musiqi təhsilini tamamlaya
bilməməsinə heyifsilənib, xüsusilə də
anam...
Musiqi sənətini seçməyimizə gəlincə,
valideynlərimiz bizim hələ körpə ikən musiqiyə
böyük həssaslıqla yanaşmağımızdan
danışırdılar. Anamızın
laylaları altında tez şirin yuxuya gedir, yaxud atam tar
çalanda onu diqqətlə dinləyirikmiş. Bəlkə elə bu duyumumuz valideynlərimizi hələ
o zamanlar böyüyəndə musiqi ilə ciddi məşğul
olacağımıza inandırıb. Belə
də oldu. Böyük qardaşımız Əlibəy
indiki Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin fortepiano sinfinə daxil oldu. Əlibəydən
bir neçə il sonra Fidan xanım da həmin
məktəbin skripka sinfinə qəbul edildi. Mən
isə 23 saylı orta məktəbə getdim. Onda biz artıq İçərişəhərdən
köçmüşdük. Şəhərin
mərkəzində yaşayırdıq. Təhsil
aldığım orta məktəb evimizin
yaxınlığında yerləşirdi. O zamanların
şagirdləri musiqi, dram dərnəklərinə
böyük həvəslə gedirdilər. Mənim
uşaqlığım da belə keçirdi. Dərnəklərə gedir, məktəb xorunda
solist kimi çıxış edirdim. Uşaqlıq
illərimizdən valideynlərimiz bizi tez-tez konsertlərə,
tamaşalara aparırdı. Ona görə
evimizə gələn sənət adamlarını həm də
səhnədə görüb tanıyırdıq. Bizim ilk konservatoriyamız elə onlarla ünsiyyətdən
başlayıb.
Yüksək
dəyərlərə ehtiramla yanaşmaq bacarığı
Ailədə bizə mədəni olması, etik
davranışı, insanları sevməyi,
böyük-kiçik yeri bilməyi, hörmət etməyi,
gözəlliyə biganə qalmamağı öyrədirdilər. Yaşımız az olanda da yüksək dəyərlərə
ehtiramla yanaşmağı bacarırdıq. Valideynlərimizin
sayəsində tanıdığımız sənətkarlar
evimizə gələndə ərköyünlük,
şıltaqlıq etmirdik. Onların ifa
etdikləri musiqiləri, söhbətlərini, tövsiyələrini
diqqətlə dinləyirdik. Bunlar bəlkə
də bizim musiqi sənətində aldığımız ilk
dərslər idi. Sonralar onları daha
yaxından tanıdıq, Azərbaycan mədəniyyətinə,
incəsənətinə, elminə verdikləri töhfələrin
qiymətini anladıq. Zaman gəldi, həmin məşhur
sənətkarların qarşısına dost ailənin
övladları olaraq deyil, qabiliyyətli, ümidverici gənclər
kimi çıxdıq. Sənətdə
tanışlıq yox idi. İstedadımız,
musiqi sevgimiz, öyrənmək marağımız
olmasaydı, hətta ailə dostlarımız olan sənətkarların,
evimizin yaraşığı Maestro Niyazinin sayəsində də
biz böyük səhnəyə çıxa bilməzdik.
Təqdirlərini qazanmaq böyük qürur
idi və biz bu səadəti dönə-dönə
yaşadıq. Onlar ifamızı dinlədilər,
bəyəndilər, bizə xeyir-dua verdilər. Maestro Niyazi çoxlarına kömək göstərirdi.
Ancaq hər ifaçını konsertlərdə
müşayiət etməzdi. O, yalnız çox bəyəndiyi
ifaçılarla səhnəyə çıxardı. Xoşbəxtik ki, onların sırasında biz də
yer aldıq.
Uşaqlıqdan görüb-götürdüklərimiz,
öyrəndiklərimz bizə musiqi sənətinin,
istedadlı və zəhmətsevər sənətkarların
qədrini bilməyi öyrətdi. Valideynlərimiz bizə
ilk növbədə savadlı olmağı tövsiyə
edirdilər. Əlibəy də, Fidan
xanım da, mən də ata-anamızın arzuladığı
kimi, dərslərimzi yaxşı oxumaqla kifayətlənmirdik,
mütaliə etməyə çox həvəsliydik.
Uşaqlıq illərində gələcək cazibədar
xəyallarla, ümidlərlə insanı özünə səsləyir. Mən də
ildən-ilə dəyişən, daha cəlbedici olan arzularla,
xəyallarla yaşayırdım. Onların
hər birinin qarşısında isə mükəmməl təhsil
almaq niyyəti dayanırdı. Əminəm
ki, o oxuyub öyrənmək əzmi ilə hansı peşəni
seçsəydim, mütləq pəşəkarı
olardım. Amma diqqətli və həssas anamız
qabiliyyətimizi hiss etdi, gördü. Fidan
xanımın da, mənim də vokal sənətinin ardınca
getməyimizi arzuladığını dilə gətirdi.
Fidan xanım konservatoriyanın skripka sinfinə
daxil oldu. Bir il sonra onu vokal
şöbəsinə də qəbul etdilər. Beləliklə,
Fidan xanım Üzeyir Hacıbəyli adına
Konservatoriyanı (indiki Bakı Musiqi Akademiyasını - Z.F.)
iki diplomla - həm skripkaçı, həm də vokalist kimi
bitirdi. Moskva Dövlət
Konservatoriyasının aspiranturasını da oxuyub diplom
aldı.
Mən orta məktəbi bitirəndə jurnalist olmaq istəyirdim. Amma anamın
məsləhətinə əməl etdim. Məni
dinləyən mütəxəssislər də ifamı bəyəndilər.
İmtahanlardan uğurla keçib konservatoriyaya
daxil oldum. Onda Fidan xanım
üçüncü kursda oxuyurdu, adı əlaçı tələbələr
sırasında çəkilirdi. Hər
ikimizdən əvvəl isə qardaşımız
konservatoriyanın fortepiano şöbəsinə qəbul edilmişdi.
Ancaq sonra o, fiziologiya elminə maraq göstərdi.
Konservatoriya təhsilini tamamlamadı.
Lomonosov adına Moskva Dövlət
Universitetinə daxil oldu, Moskva şəhərinə
köçdü.
Fidan xanımla məndən fərqli olaraq Əlibəyin
səsi yox idi.
Amma çox güclü musiqi duyumu, fitri
istedadı vardı. Əgər davam etsəydi,
böyük musiqiçi olardı. Bizi
uşaqlıqdan elə tərbiyə etmişdilər ki,
öz seçimimizdə sərbəst idik. Qardaşımın bu qərarına da valideynlərimiz
müdaxilə etmədilər, onu fikrindən
daşındırmağa çalışmadılar. Lakin musiqi onun qanında, daxilində
çağlayırdı. Onun xüsusən
bizim üçün bəstələdiyi əsərlər dəfələrlə
konsertlərdə səsləndi.
Sənət
imtahanı
Hələ məktəbli ikən filmlərə çəkildim. Təklif
rejissordan gəldi. Əsərdən bir
parça verdilər. Öyrəndim.
Sınaq çəkilişlərində
ifamı bəyəndilər. Hər
uşaq kimi, yeniyetmə, gənc qız olaraq mən də
baxdığım filmlərdəki şahzadə, gözəl
qız rollarını canlandırmaq istəyirdim. Mənə verilən ssenarini oxuyanda sözün
açığı düşünməli oldum.
Çirkin qız... Məni Cüllüt roluna
hazırlayan qrim ustalarından inciyirdim. O qədər
çirkin deyildim axı. Artıq on dörd
yaşındaydım. Utanırdım.
Küçə ilə gedəndə birdən
eşidirdim. Çağırırdılar:
“Cüllüt...”, səksənirdim. Sonra alışdım. Bir də
qəhrəmanım çox maraqlı bir məqamı
tamaşaçıların diqqətinə çatdırır.
Sonda çiçək kimi açılması
ilə göstərir ki, qəlbin gözəlliyi ən mənalı
gözəllikdir.
Deyə
bilərəm ki, “Liftçi qız”dakı Lalə, “Mən ki
gözəl deyildim”də Səidə, “Həyat bizi
sınayır”da Hicran rolları uğurlu oldu və məni
tamaşaçılara tanıtdı. Doğrudur, mən
kinoaktrisa olmaq niyyətində deyildim... Kinorejissorlar
dəvət edirdilər. Ancaq mən qərarımı
vermiş, başqa bir sənət yolunda irəliləyirdim.
İllər sonra isə düşündüm
ki, bizim həyatımızdan bəhs edən ssenarilər yaza,
film çəkə bilərdilər. Nə
qədər ki, yaşa dolmamışdıq, həmin filmlərdə
özümüz çəkilə bilərdik. Bu da
olmadı...
Mən gənc yaşlarımdan səhnəyə
çıxdım. Müsabiqələrdə iştirak etdim.
O vaxtlar bütün bunlar asan deyildi. Böyük
səhnədə gənc ifaçı üçün hər
çıxışı bir sənət imtahanı sayıla
bilərdi. Adlı-sanlı, istedadlı sənətkarlar,
musiqi tənqidçiləri onlardan səviyyəli ifalar
gözləyirdilər. Və bu məsələdə
güzəştsiz, olduqca tələbkar idilər.
Müsabiqələrə gəlincə, o illərdə
tələblər olduqca yüksək idi. On beş
respublikanın daxil olduğu çox böyük Sovetlər
ölkəsindən iki-üç ifaçı seçilir,
beynəlxalq müsabiqələrə göndərilirdi. Münsiflər heyətində tanınmış
musiqiçilər qiymət verirdilər. Onların
seçimi vacib idi. Biz gənc
iştirakçılar da qələbə müqabilində nə
əldə edəcəyimizi belə ağlımıza gətirmədən
yalnız sənət barədə
düşünürdük. Bacım Fidan
xanım da, mən də bütün çətinlikləri
aşaraq, sınaqlardan keçərək dəfələrlə
beynəlxalq müsabiqələrdə uğurla iştirak
etdik, Vətənə böyük qələbələrlə
döndük.
Sənət
dostları
Həyatda da, sənətdə də belədir. Uğurlarına səndən
də çox sevinən, hər zaman düzgün yol göstərən
səmimi dost tapmaq asan deyil. Deyə bilmərəm
ki, bu məsələdə bəxtim gətirmədi. Amma ən böyük xoşbəxtliyim Fidan
xanım kimi bacımın yanımda olmasıdır. Bizi bir-birimizə çox şey bağlayır.
Fidan xanım mənim üçün
böyük sənətkardır. Eyni
zamanda ən yaxın rəfiqəm, bir növ müəlliməmdir.
Səhnədə, sənətdə, pedaqoji fəaliyyətdə
ilk növbədə onunla məsləhətləşirəm.
Fidan xanım mənim üçün örnəkdir.
Həyatımda hər zaman onu qorumağa
çalışmışam. Mehriban
bacıyıq. Bu bizə
yaradıcılıq məsələlərində bir-birimizə
obyektiv tənqidçi kimi yanaşmağa mane olmayıb.
Tamaşalarda, konsertlərdə Fidan xanımla
bir-birimizə kənardan baxır, məsləhətlər
verir, nə isə qane etməyəndə saatlarla müzakirə
edirdik.
Çıxış etdiyimiz tamaşalarda quruluşçu rejissorlar olsa da, iki bacı xirdalıqlara qədər bir-birimizə kömək edə-edə rollar yaradırdıq. Deyə bilərəm ki, bir-birimizin rejissoru olduq. Yalnız bir dəfə, 1988-ci ildə SSRİ xalq artisti, Gürcüstan teatr cəmiyyətinin sədri, tanınmış rejissor Aleksidze Bakıya gəlib Verdinin “Otello” operasını səhnələşdirdi. Həmin tamaşada ikimiz də Dezdemona rolunu ifa etdik. İndi dünyaşöhrətli rejissorla işləmək üçün gözəl imkanlar yaranıb. Bizim gənclər xaricə gedirlər, məşhur sənətkarlarla operada çıxış edirlər. Biz Sovet hökumətinin çox ciddi, sərt qayda-qanunları şəraitində tanına bildiksə, bunu bacardıqsa, böyük uğurdur.
Fidan xanımın da, mənim də yaradıcılıq yolumuz çətin, maraqlı, mürəkkəb və məhsuldar olub. Keçdiyimiz həyat yoluna, fəaliyyətimizə görə məmnunuq. Hər dəfə sənətdə uğur qazananda valideynlərimizi xatırlayırıq. Onlar təkcə Fidan xanımı “Koroğlu” tamaşasında görə bildilər. O insanlar ki qayğımızı çəkdilər, bizi səhnədə görməyi arzuladılar, bu dünyadan tez köçüb getdilər. Onların yoxluğundan doğan nisgil bizim gözlərimizdə kədərə, qüssəyə döndü...
Səhnə sənətin nümayiş etdirildiyi meydandır
Azərbaycan xalqı çox istedadlıdır. Bütün sahələrdə bizim həmişə böyük sənətkarlarımız olub. Çox bacarıqlı, istedadlı memarlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, musiqiçilərimizin yetirmələri dünyaya çıxır, öz sənətlərini nümayiş etdirirlər. Biz sovetlər ittifaqını təmsil edirdik. Amma hər zaman yazılırdı: Azərbaycan, Bakı. Getdiyimiz ölkələrdə bəlkə bilmirdilər ki, Azərbaycan hansı tərəfdədir. Bizim ifamızı eşidib, azərbaycanlı olduğumuzu biləndən sonra maraqlanır, respublikamız barədə məlumatlar əldə edirdilər. Biz bu gün də tələbələrimizlə xarici ifaçıları təəccübləndirə bilirik. İstedad öz yerində, ancaq onları yetişdirən müəllimlərin əziyyətlərini də danmaq olmaz. Biz bu ifaçıları dünya üçün yetişdiririk. Eyni zamanda onlar azərbaycanlıdırlar. Bunu deyirlərsə, afərin onlara. Əgər söyləmirlərsə, bunu nankorluq hesab edirəm. Mən iyirmi səkkiz ildir Musiqi Akademiyasında kafedra müdiriyəm. Bəlkə də bu illərdə başqa sahələrdə işləyə bilərdim. Amma mənim üçün gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq, onlara klassik vokal sənətinin sirlərini öyrətmək maraqlıdır. Çox mehriban kollektivimiz var. Tələbələrimiz bütün məsləhətlərimizi, tənqid və təriflərimizi qəbul edirlər. Çünki hamısı həm onların, həm də musiqi sənətimizin xeyrinədir. Tənqid olmasa, inkişaf da olmaz. Musiqini sevirlərsə, onu dərindən öyrənməlidirlər. Azərbaycan incəsənətini zirvələrə yüksəldən sənətkarları həyatda görmüş, onlardan dərs almış insanlar hələ var. Gənclərimiz belələrinə müraciət etməkdən, onların məsləhətlərini dinləməkdən çəkinməməlidirlər.
Əgər səhnədə olanda kimsə sənə kənardan baxıb yanlış hərəkətini deməsə, inkişaf etmək, uğur qazanmaq olmaz. Bir də səhnəyə şöhrətə çatmağın asan yolu kimi baxmaq düzgün deyil. Səhnə sənətin nümayiş etdirildiyi meydandır. Artıq zaman elədir ki, biz öz istedadlarımızla, təhsilimizlə zəngin Azərbaycan mədəniyyətini, incəsənətini istər öz ölkəmizdə, istərsə də xaricdə təbliğ etməliyik.
Hər şey kənardan göründüyü kimi deyil. Çətinliklər də var. Kim deyə bilər ki, mənim həyatım hər zaman qayğısız, problemsiz olub? Amma biz əziyyət çəkən və bəhərini görən sənətkarlarıq. Fidan xanım da, mən də ölkəmizə, xalqımıza çox-çox borcluyuq ki, bizə hər zaman dəstək olublar. Bütün çıxışlarımızı alqışlayıblar. Azərbaycan xalqı, Azərbaycan dövləti sənətimizi yüksək qiymətləndirib. Buna görə xoşbəxtik. Yaşasın Azərbaycanın zəngin mədəniyyəti!
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 7 iyul.- S.6.