Azərbaycan Respublikasında
iqtisadi rayonların yeni bölgüsü haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Ölkəmizin
şəhər və rayonlarının davamlı və
tarazlı inkişafının təmin olunması məqsədilə
qəbul edilmiş Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
uğurlu icrası nəticəsində şəhər, qəsəbə
və kəndlərimizin siması köklü şəkildə
dəyişmiş, regionların iqtisadi potensialı
artmış, infrastruktur təminatı, əhaliyə göstərilən
dövlət xidmətlərinin keyfiyyəti, biznes və
investisiya mühiti yaxşılaşmış, əhalinin
rifah halı yüksəlmişdir.
Ardıcıl
olaraq həyata keçirilmiş məqsədyönlü
islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin
iqtisadi və hərbi-müdafiə qüdrətini daha da
gücləndirmiş və 44 günlük Vətən
müharibəsində parlaq qələbənin
qazanılmasına güclü zəmin yaratmışdır.
Hazırda
işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək
inkişafının təmin olunması, zəruri
infrastrukturun yaradılması və əhalinin doğma
torpaqlarına qayıdışı istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd
edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii
sərvətlərindən və geniş turizm imkanlarından
səmərəli istifadə etməklə onların bərabər
inkişafının təmin edilməsi üçün nəzərdə
tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının
məqsədəmüvafiqliyi əraziləri işğaldan
azad edilmiş rayonların iqtisadi rayonlar üzrə
bölgüsünə yenidən baxılmasını şərtləndirir.
Zəngəzur
dağ silsiləsi ilə əhatə olunan, Laçın və
Kəlbəcərdən Naxçıvana qədər
böyük bir ərazini tutan Zəngəzur yaylasının
şərq hissəsində, Ermənistanla sərhəddə
yerləşmiş və eyni coğrafi məkanda, tarixən
birlikdə, habelə uzun illər
1861-ci ildə yaradılmış Zəngəzur qəzasının
tərkibində olmaları və ənənəvi
sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan,
Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər
rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini
zəruri edir.
Ağdam,
Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı
rayonları və Xankəndi şəhəri, habelə
Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə
rayonları da daxil olmaqla özünəməxsus zəngin
tarixi-mədəni irsə, əsrarəngiz təbiətə
malik qədim Qarabağ bölgəsinin bərpası və
sürətli inkişafının təmin edilməsi
üçün yeni Qarabağ iqtisadi rayonunun da
yaradılması vacibdir.
Azad
olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına
reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax
və Aran iqtisadi rayonları üzrə planlaşdırma
işinin səmərəliliyinin artırılmasını,
iqtisadi idarəetmədə çevikliyin təmin
olunmasını və bu məqsədlə həmin iqtisadi
rayonların tərkibinə də yenidən
baxılmasını tələb edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan
Respublikasının iqtisadi rayonlarının
aşağıdakı bölgüsü təsdiq edilsin:
1.1.Bakı
iqtisadi rayonu (Bakı şəhəri);
1.2.Naxçıvan
iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa,
Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonları);
1.3.Abşeron-Xızı
iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və
Xızı rayonları);
1.4.Dağlıq
Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və
Şamaxı rayonları);
1.5.Gəncə-Daşkəsən
iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri,
Daşkəsən, Goranboy, Göygöl və Samux
rayonları);
1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
1.7.Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
1.8.Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
1.9.Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
1.11.Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
1.12.Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
1.14.Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
2.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədləri üçün həmin Dövlət Proqramında göstərilmiş iqtisadi rayonların bölgüsü tətbiq edilir.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 iyul 2021-ci il
Azərbaycan.-2021.- 8 iyul.- S.2.